Saat:16:25
Haqqımızda

“ZÜLFƏLİ İSMAYILOV BİZİ ALDATDI” – Yasamalda evləri sökülən sakinlərə vəd olunan kompensasiya verilməyib / Video

2025-12-17 12:39:20

“ZÜLFƏLİ İSMAYILOV BİZİ ALDATDI” – Yasamalda evləri sökülən sakinlərə vəd olunan kompensasiya verilməyib / Video

Yasamal rayonu, Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən 40 nəfərə yaxın ailə tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edirlər:

“Cənab Prezident!

Yasamal rayonunun Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Mənzil-Kommunal İstismar Sahəsi müdiri Sədulla Abıyev və maliyyə məsələlərinə cavabdeh olan Nazim Əliyev tərəfindən aldadıldıqlarını iddia edirlər.

Bizə müxtəlif vədlər verərək, bu işə yaramayanda isə hədə-qorxu gələrək, bizi evimizi dəyərindən ucuz qiymətə satmağa məcbur etdilər. Mənzillərimizin sahəsi düzgün ölçülməyib, həm də bazar dəyərindən aşağı qiymətə alınıb”.

Evləri sökülən bir qrup sakin Milli Məclisin önünə toplaşaraq, onlara evlərinin söküntüsü ilə bağlı verilən 2200 manatlıq hər kvadrat metr üçün ödənişin 2700 manata qaldırılmasına görə əlavə kompensasiya ödənilməsin  tələb ediblər. Sakinlər bildiriblər ki, söküntü zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov  məbləğinin artırılacağı halda onlara əlavə ödəniş ediləcəyinə söz verib, lakin indiyədək heç bir əlavə ödəniş edilməyib.

Evləri sökülən sakinlər qeyd edirlər ki, məbləğin artırılması ilə bağlı onlara kompensasiya verilməsi üçün Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Milli Məclisə müraciət ediblər və hazırda cavab gözləyirlər.

Qeyd edək ki, 2023-cü ildə sakinlərə mənzillərinin hər kvadrat metri üçün 2200 AZN təklif olunmuşdu. Hazırda bu məbləğ 2700 AZN-ə qaldırılıb, lakin sakinlərə vəd edilən əlavə kompensasiya  ödənilmir.

Onu da bildirək ki, 2014-2019-cu ildə evləri sökülən “Sovetski” sakinlərinə sonradan kompensasiya ödənilib.

Sakinlərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi dərc edirik:

 

Hazırladı: Jalə FAMİLQIZI