Zubir “Qarabağ”ın Liqa mərhələsindəki gizli hədəfini “Sportinfo”ya açıqladı
“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinə məğlubiyyətlə başladı.
Təmsilçimiz Londonda ilk dəqiqələrdən 10 nəfərlə oynayan “Tottenhem”lə bacarmadı – 0:4.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv pley-off yüksəlmək üçün qarşıdakı 7 matçda orta hesabla 12-13 xal toplamalıdır ki, hədəfə çatmaq real görünsün.
“Köhlən atlar”ın aparıcı futbolçularından olan Abdullah Zubir Sportinfo.az-a açıqlamasında növbəti görüşlərdəki şanslardan söz açıb, “Qarabağ”ın pley-off şanslarını dəyərləndirib:
“Tottenhem”lə oyun başa çatdı. Qarşıda bizi daha 7 oyun gözləyir, bu isə potensial 21 xal deməkdir.
İndidən nə qədər xal yığacağımızı deyə bilmərəm. Ümumiyyətlə, heç kim dəqiq proqnoz verə bilməz.
Məqsədimiz bu mərhələdə maksimumu etməklə pley-offa yüksəlməkdir. Növbəti rəqib “Malmö”dür.
Çox yaxşı komandaya qarşı oynayacağıq. Bakıda, öz azarkeşlərimizin qarşısında oynayacağıq deyə, hədəfimiz 3 xal qazanmaqdır. Bunu bacaracağımıza inanıram”.
Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” dueli saat 20:45-də start götürəcək.