Zorlanan 11 yaşlı qızın nənəsi: "Bu saatdan sonra ona baxa bilmərik"

2021-11-03 17:06:00

Zorlanan 11 yaşlı qızın nənəsi:

“Nəvəmi bizə gətirəndə gördüm ki, qarnı şişib. Dedilər bir az kökəlib. Mən də dedim uşaqdır da, kökələr də, arıqlayar da. Xəstəxanaya aparanda həkim uşaq hamilədir deyəndə, dəhşətə gəldim”.

Hurriyyet.az-ın məlumatına görə, bu sözləri İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı A.N.-in (şərtidir) nənəsi oxu.az-a baş verənlər barədə danışarkən deyib.

O bildirib ki, gəlini oğlu vəfat etdikdən bir neçə il sonra nəvələrini də götürüb evdən gedib:

“Oğlum 2014-cü ildə qaraciyər sirrozundan vəfat edib. Ondan sonra 2020-ci ilə qədər gəlinim uşaqlarla birlikdə bizim yanımızda yaşayırdı. Sonra dedi ki, mən daha belə yaşamaq istəmirəm, ailə qurmaq istəyirəm. Uşaqları da götürdü getdi. Övladlarından biri qız uşağıdır deyib, məhkəməyə müraciət etdim ki, qızı bizə versinlər. Elə oldu ki, nəvəm bizimlə qalmaq istəmədi. Qayda-qanuna uyğun qərar verdilər ki, anası ilə qalsın uşaqlar. Mən də daha heç nə demədim. Ötən ilin dekabr ayında gəlinim uşaqları da götürüb getdi atası evinə. Bir müddət keçdi, bildik ki, bəs belə bir adam var, onunla birlikdə İmişlidə kirayə mənzil tutub, yaşayırlar.

Bu söhbətin üstündən bir xeyli keçmişdi həmin S.C. (ad şərtidir) 11 yaşlı nəvəm A.N.-i (şərtidir) gətirdi bizə ki, uşaq qardaşı ilə yola getmir, sizdə qalsın. Biz də nəvəmizi çölə atası deyildik ki. Dedik qalsın. Uşağa hazırlıq üçün müəllim tutduq. Babası özü uşağı dərsə aparıb-gətirirdi. Sonra qızın anası gəlib dedi ki, uşağımı aparıram. Nəvəm dedi getmək istəmirəm, amma apardılar. Uşağı aparıb gəzdirdilər, nə dedilər, nə demədilər nəvəm daha bizə gəlmək istəmədi”.

Nənəsi deyir ki, 11 yaşlı nəvəsi bir də bu məsələlərin mətbuata çıxmasından bir müddət əvvəl onlara gəlib:

“Gəlinimin anası qarnının şişinə görə nəvəmə deyib ki, sənin o biri nənən xəstəxanada işləyir, get, denən səni aparsın həkimə. Birinci deyirdilər ki, uşaq da atası kimi sirroz olub. Uşağı gətirdilər bizə, mən də apardım həkimə. Həkim uşağı yoxlayanda təəccübləndi. Dedi bu uşağın neçə yaşı var? Dedim 11 yaşı, nə olub ki? Dedi bu uşaq hamilədir. Mən dəhşətə gəldim. Mənim öz atam 42 yaşında rəhmətə gedib, dörd bacı biz heç birimiz belə hərəkətlərə yol verməmişik. Anamız bizə nəzarət edib.

Xəstəxanada uşaq heç nə demədi. Evə gələndən sonra divanda uzandı. Sual verdim ki, görüm bu nə işdir? Elə soruşdum ki, ay bala sənin başına nə hadisə gəlib? Səndən bunları soruşacaqlar. Dedi atalığım qorxutmuşdu məni, anama deyə bilmədim. Anası soğan yığmağa gedirdi və çörək sexində növbəli işləyirdi. Yəqin ki, hadisə o işə gedəndə bu uşaqla evdə tək qalan zaman baş verib. Məni yandıran odur ki, gətirib qoymadı mənim yanımda. Gəlinim bu səhvə necə yol verib, qəbul edə bilmirəm. Oğlumun yadigarının başına bu oyun gəlməməli idi”.

Zorlanmaya məruz qalan 11 yaşlı qızın nənəsi deyir ki, bundan sonra nəvəsinə sahib çıxa bilməzlər:

“Mən də, yoldaşım da xəstə adamlarıq. Bu saatdan sonra ona baxa bilmərik, gəlinim özü bilsin. Mənim oğlum çox qeyrətli oğlan idi. Kaş onun yerinə mən ölərdim. Sağ olsaydı, yığardı ailəsini başına, baxardı. Belə hadisələr də baş verməzdi. Üç qız böyütmüşəm, evləndirmişəm, heç kim deyə bilməz ki, qızlarım haradan gəldi, haraya getdi. Ana da uşağından bezər heç? Qızının 11 yaşı var, oğlunun 10 yaşı. Oğlan indi bizim yanımızdadır, qız isə Bakıda xəstəxanadadır. Biz bu məsələdən uzaq dayanırıq, heç nə edə bilmərik”.

Qeyd edək ki, İmişlidə zorlanmaya məruz qalan 11 yaşlı qızın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsinə yerləşdirilmişdi. Körpə ötən gün xəstəxanada vəfat edib.