Ziya Məmmədovun qohumlarının dəyəri 10 milyonlarla olan gips yataqlarında talanı təsdiqləndi - Yeni sensasion açıqlama

2022-05-28 10:38:00

Ziya Məmmədovun qohumlarının dəyəri 10 milyonlarla olan gips yataqlarında talanı təsdiqləndi - Yeni sensasion açıqlama

Dövlət agentliyi: “Hazırda ”Goranboy Gips“in ərazidə talama, zəbtetmə və ya kənarlaşma halına yol verilməsi müəyyən edilir...“

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi “Goranboy Gips” ASC-nin istifadəsində olan gips yataqlarında monitorinq aparıb və talançılıq faktlarını müəyyən edib.

Bu haqda “Yeni Müsavat” əməkdaşının sorğusuna cavab olaraq Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Monitorinq şöbəsinin müdiri Zaur Səidi məlumat verib. Şöbə müdiri deyib ki, “Goranboy Gips”in istifadəsində olan yataqlarda monitoriq keçirilib: “Orada həm ”Goranboy Gips"ə ayrılmış ərazinin daxilində, həm də ərazinin xaricində fəaliyyət göstərilməsi müəyyən olunub. Hazırda bununla bağlı hüquqi tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış faktlar hüquq mühafizə orqanlarına və ya məhkəməyə göndərilir. Qanun pozuntuları ilə bağlı hüquq tədbirlərin görülməsi üçün proses davam edir".

Şöbə müdiri deyib ki, toplanmış materiallar Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Hüquq şöbəsinə təqdim olunub: “Bizdə bu məsələlərlə Hüquq şöbəsi baxır. Monitorinqin nəticələri şirkət rəhbərliyinə də təqdim olunub. Tərtib etdiyimiz aktın bir nüsxəsi ”Goranboy Gips" rəhbərliyində var. Bizim aktın bir nüsxəsini sahibkara təqdim etmək borcumuzdur. Hazırda “Goranboy Gips”in ərazidə talama, zəbtetmə və ya kənarlaşma halına yol verilməsi müəyyən edilir".

Şöbə müdiri deyib ki, ilkin olaraq “Goranboy Gips” ASC-nin ayrılmış ərazidən kənarlaşması müəyyən edilib: “Digər 2 halın müəyyən olunması və qiymətləndirilməsi hüquq mühafizə orqanının, məhkəmənin səlahiyyətindədir”.

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Ağdağ gips zavodunun açılışında  iştirak edib VİDEO - AZƏRTAC

Zaur Səidi “Goranboy Gips”ə ayrılan ərazidən kənarlaşması nəticəsində dövlətə dəyən ziyanın neçə milyon manat olmasını aydınlaşdırmaq səlahiyyətinin hüquq mühafizə orqanlarına aid olduğunu vurğulayıb.

“Goranboy Gips”lə bağlı toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməməsi barədə məlumatsız olduğunu deyib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mətbuat xidmətinin rəhbəri Nigar Orucova “Yeni Müsavat” əməkdaşına bildirib ki, toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilib-göndərilməməsi barədə məlumatın verilməsi Monitorinq şöbəsi rəisinin səlahiyyətindədir. Zaur Səidi isə israr edib ki, belə məlumatları mətbuat xidməti açıqlamalıdır.

“Yeni Müsavat”ın 29 aprel 2022-ci il tarixli sayında “Ziya Məmmədovun qohumları Goranboyda gips yataqlarını talan edir” sərlöhvəli yazıda “Goranboy Gips” ASC-yə məxsus yataqları talan etməsi iddialarının olması barədə məlumat vermişdik. Talançılığın “Goranboy Gips”ə ayrılan karxananın sərhədlərini aşdığı deyilirdi.

Qeyd olunurdu ki, ASC-nin sahiblərindən olan Aydın Qasımov əraziyə buraxılmır. Ona dividend verilməsindən də imtina olunur. Əsas gətirilir ki, guya “Goranboy Gips” mənfəətlə işləmir, ona görə də Aydın Qasımova ASC-dəki 37 faizlik payına görə dividend ödənilmir. Faktiki isə vəziyyət tam başqadır. “Goranboy Gips”in yataqlarından çıxarılan gips ölkənin bütün sement zavodlarına satılır. Hətta Gürcüstana da 100 min tonlarla gips daşınır. Aydın Qasımova dividend verilməməsi ilə yanaşı onun özünü mərhum qardaşı ilə qurduğu ASC-yə buraxmırlar.

Yada salaq ki, Ziya Məmmədov 2006-cı ildən başlayaraq Füzuli Qasımov və qardaşı Aydın Qasımova məxsus “Goranboy Gips” MMC-ni əllərindən almaq üçün hərəkətə keçmişdi. 2011-ci ildə isə MMC uğrunda savaş amansız fazaya adlamışdı. Sabiq nazir qardaşlara qarşı qanunsuz dəstələrdən tutmuş, o zaman qeyri-rəsmi kuratorluğunda olan Goranboyun icra başçısı Nizaməddin Quliyevi də başının dəstəsi ilə birgə səfərbər etmişdi. Qasımovlar məhkəmələrə çəkilir, qorxudulur, həbs ediləcəkləri  ilə təhdid olunurdular. O zaman zorakı və inzibati üsullarla Aydın Qasımovu geri addım atmağa məcbur etdilər. O, Ziya Məmmədovun tələbləri ilə razılaşmaq məcburiyyəti ilə üz-üzə qoyuldu.

Güllə yarasından ölən iş adamı ilə bağlı sensasion məlumatlar

 Füzuli Qasımov

Onun MMC-dəki payına qanunsuz yollarla sahibləndikdən sonra qardaşı Füzuli Qasımova qarşı əsl “səlib yürüşü” başladı. 2012-ci ilin martında Füzuli Qasımov “Yeni Müsavat”a müraciət edərək üzləşdiyi haqsızlıqlarla bağlı yazı hazırlamağımızı xahiş etmiş, əməkdaşlarımızı Goranboya dəvət etmişdi. İstəyi bu idi ki, o vaxt nəqliyyat naziri olan Ziya Məmmədovun ona qarşı qanunsuzluqları ictimailəşsin, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılsın.

Həmin vaxt iş adamının dəvətini qəbul edib Goranboya getmişdik və “Yeni Müsavat”ın 2012-ci il aprelin 1-dəki sayında “Nəqliyyat naziri Qarabağ veteranının əmlakını əlindən alır” sərlövhəli yazı dərc etmişdik. Füzuli Qasımov Ziya Məmmədovun “Goranboy Girp”sə məxsus olan və rayonun Yuxarı Ağcakənd kəndindəki karxanalarını nəyin bahasına olursa-olsun əllərindən almağa çalışdığını açıqlamışdı. Həmin yazıdan sitat: “2000-ci ildə I Özəlləşdirmə Proqramı çərçivəsində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndində yerləşən gips karxanalarının bir çoxu özəlləşdirilib.  Biz də özəlləşmədə iştirak edərək gips karxanaların birini özəlləşdirdik. Sovet vaxtı ”Goranboy Gips" ASC Yuxarı Ağcakənd Gips Kombinatı adlanırdı. Kombinatın rəhbərliyi və işçilərinin 90 faizi ermənilər idi. Qarabağ müharibəsi başlayandan sonra Goranboyda könüllü özünümüdafiə batalyonu yarandı. Ermənilər kombinatı qoyub qaçdılar. Bizlər dədə-babamızdan qalan silahlarla torpaqlarımızı ermənilərdən müdafiə etdik. Həmin karxanalar düşmən sərhədinin 1 kilometrliyində yerləşir. 1995-ci ilə kimi döyüşdük. Biz olmasaydıq, indi Ziya Məmmədovun bizdən almaq istədiyi torpaqlar erməninin tapdağı altında idi. “Goranboy Gips” ASC-nin özəlləşdirilməsi 2003-cü ildə başa çatıb. ASC-nin 58,4 faiz səhm paketi mənə, 32,5 faizi isə qardaşım Aydına məxsusdur. Hazırda müəssisədə 85 nəfər işləyir. Burada işləyənlərin böyük əksəriyyəti bu torpaqların ermənilərdən azad olunmasında iştirak edən Qarabağ veteranlarıdır. 2006-cı ildə nəqliyyat naziri Ziya Məmmədovun adamları mənə ölkə rəhbərliyinin adından təzyiqlər etdilər ki, karxananı onlara verim. Vermədim. Bundan sonra qurğu qurub məni həbs etdirdilər. Həbsdə olanda təklif etdilər ki, müəssisənin 50 faizini onlara - yəni Ziya Məmmədova verim. Dedilər ki, bu bizim yazılmamış qanunumuzdur. Məcbur olub “Goranboy Gips” ASC-nin səhmlərinin 50 faizini onlara etibarnamə ilə verdim. İndi də bütün səhmlərimi əlimdən almaq istəyirlər".

Füzuli Qasımov 2015-ci ilin martınadək MMC-dəki payını özündə saxlamaq üçün mübarizə apardı. Həmin ilin martında isə Bakıda, Yasamal rayonu ərazisində icarəyə götürdüyü ofisdə meyiti aşkarlandı. İstintaq Füzuli Qasımovun intihar etməsi qənaətinə gəldi, elə bu “əsas”la da cinayət işi bağlandı. Sahibkarın “Goranboy Gips”dəki payı uğrunda mübarizədə Ziya Məmmədov istəyinə çatdı. Füzuli Qasımovun əlində silah erməniyə vermədiyi gips yataqları onun meyiti üzərindən Ziya Məmmədovun əlinə keçdi.

Hazırda mərhum sahibkarın qardaşı Aydın Qasımov  Gəncə Apelyasiya Məhkəməsinin inzibati-iqtisad kollegiyasında haqqını bərpa etməyə çalışır. Ona və mərhum qardaşı Füzuli Qasımova məxsus paylar üzrə divident ödənilməsinə nail olmağa, yataqların cinayətkarcasına istismarının önlənməsinə xidmət edən məhkəmə qərarının verilməsini istəyir.

Onu da xatırladaq ki, “Goranboy Gips” Qasımovlardan zor gücünə alınandan sonra bu gün “Fortis” adı ilə fəaliyyətdə olan, o zaman  “ZQAN”a daxil olan “Azbentonit”ə ötürülüb. Hazırda mərhumun “Goranboy Gips”dəki payı Ziya Məmmədovun qardaşı qızının və digər qohumlarının sərəncamındadır. Bu gün Yuxarı Ağcakənddə yerləşən respublikanın ən böyük gips yataqları çox geniş şəkildə istismar olunur. Hətta istismar olunan yataqlarda ekoloji tələblərin çox kobud şəkildə pozulması, cinayətkarcasına  talançılıq halları var. Məsələnin hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti ortadadır...

“Yeni Müsavat”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya