Zidana olar, Rəşad Sadıqova yox?

2021-11-25 09:21:00

Zidana olar, Rəşad Sadıqova yox?

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində fiaskoya uğramasından sonra, Canni de Byazi ilə başa çatan müqavilənin yeniləcəyi inandırıcı görünmür. İtaliyalı mütəxəssisin özü də heç buna real yanaşmır. Hər halda həm o, həm də AFFA rəhbərliyi yaxşı başa düşür ki, millinin keçirdiyi 8 oyunun 7-də uduzması, birində isə heç-heçə edərək 1 xalla qrup sonuncusu olması biabırçılıqdan başqa bir şey deyil.

Hurriyyet.az xəbər verir ki, millimizin qrupda bir xalla sonuncu olması bizə heç də yad mənzərə deyil. Yığmamız Avro-2020-nin seçmə mərhələsində də eyni biabırçılığa imza atmışdı. Həmin vaxt Nikola Yurçeviçin rəhbərliyi ilə seçməmiz yenə 8 oyunun 7-də uduzmuş, birində isə heç-heçə edərək qrup sonuncusu olmuşdu.

Milli komandanın yeni baş məşqçisinin kim olacağının müzakirə olunduğu dönəmdə futbol ictimaiyyətinin yarıdan çoxu, azarkeşlərin isə demək olar ki, hamısı əcnəbi mütəxəssisin gətirilməsinə qarşıdır. Bir çoxları düşünür ki, bu işi yerli baş məşqçinin öhdəsinə buraxmaq və ona zaman tanımaq lazımdır.

Bu müzakirələrdə ən çox adı hallanan isə millidə 100-dən çox oyun keçirmiş, yığmanın sabiq kapitanı, hazırda isə Premyer Liqada üçüncü pillədə qərarlaşan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovdur.

Seçimin Rəşad Sadıqovdan yana olması ilə bağlı artıq dövrü mətbuatda bir neçə açıqlamalara rast gəlmişik. Elə bir neçə gün öncə yığmamızın və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev də bununla bağlı açıqlama verib:

“Şəxsi fikrim belədir ki, yığmanı bu vəziyyətdən çıxara biləcək adam Rəşad Sadıqovdur. Hansı futbolçudan soruşsaz, bu cavabı verəcək. Çoxu məşqçi kimi təcrübəsiz olduğunu düşünür. Təcrübəsi var, niyə yoxdur? Sadıqov komandaya meydanda ölməyin nə demək olduğunu aşılaya biləcək. Udarıq da, uduzarıq da, amma azarkeşlər döyüşkən komandanı canlı görmək üçün stadiona axışacaq. Baş məşqçi dəyişikliyi olsa, çıxış yolu Rəşad Sadıqovu gətirməkdir. Canni de Byazini göndərib, yerinə başqa bir əcnəbini gətirməyin anlamı yoxdur”.

Maraqlıdır ki, yerli və gənc məşqçi seçiminə ən çox narazılıq edənlər futbol veteranlardır. Onlar düşünür ki, gənc məşqçinin təcübəsi yoxdur və o, yalnız bunu qazandıqdan sonra yığmaya başçılıq edə bilər.

Bəs, Avropa təcrübəsi nə deyir?

Ukrayna futbolunun ulduzu Andrey Şevçenko futbolçu karyerasını başa vurduqdan 4 il sonra, yəni 2016-cı ildə ölkəsinin yığmasında məşqçi köməkçisi kimi çalışmağa başlayıb. O, elə həmin ildə də yığmanın baş məşqçisi təyin edilib. Bu, Şevçenkonun baş məqşçi kimi ilk təcrübəsi idi.

Həmin vaxt 40 yaşı olan Şevçenko, 5 il yığmanın “sükanı arxası”nda oldu. Gənc mütəxəssisin rəhbərliyi ilə Ukrayna millisi Avro-2020-nin seçmə mərhələsində Portuqaliya millisini qabaqlayaraq qrup birincisi kimi final mərhələsinə yollandı. Hazırda 45 yaşlı mütəxəssis İtaliyanın “Cenoa” klubunu çalışdırır.

Eyni təcrübə Avropanın top klublarında da var.

Məsələn, Almaniya nəhəngi “Bavariya”nın baş məqşçisi Yulian Naqelsmanın 34 yaşı var. O, Bundesliqada 28 yaşında “Hoffenhaym”ın çalışdırıcısı kimi debüt edib. Onun rəhbərliyi ilə qəsəbə təmsilçisi 4-cü pilləni tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb. Naqelsmanın komandası növbəti mövsümdə Bundesliqada bürünc mükafatçı olub.

Gənc məşqçi daha sonra “Leypsiq”in “sükanı arxası”na keçib və ilk ilində mövsümü üçüncü pillədə başa vurub. 34 yaşlı məşqçi hazırda Çempionlar Liqasında 5 oyunda 5 qələbə qazanan Münhen təmsilçisinin çalışdırıcısıdır.

Və ya Zinəddin Zidan nümunəsi...

Zidan məşqçiliyə 2013-cü ildə “Real”da başlayıb. O, əvvəlcə Madrid təmsilçisinin baş məşqçisinin köməkçisi kimi çalışıb. 2014-2016-ci illərdə isə madridlilərin əvəzedici komandasının baş məşqçisi olub.

2016-cı ildə əsas komandanın çalışdırıcısı təyin edilib. Klub Zidanın rəhbərliyi 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə İspaniya çempionu olub. 

Ümumiyyətlə, bu siyahını uzatmaqla kifayət qədər nümunələr sadalamaq olar. Elə İspaniya nəhəngi “Barselona”nın öz yetirməsi olan Xaviyə etibar etməsi ən öndə olan nümunələrdən biridir. 2019-cu ildə məşqçiliyə başlayan 41 yaşlı ispaniyalı bundan öncə iki mövsüm Qətərin “Əl Sədd” klubunu çalışdırıb.

Reallıq onu göstərir ki, dünyada həm futbol dəyişir, həm də futbola baxış. İndi dünyada futbola olan baxış 10 il əvvəlkindən daha çox fərqlənir. Sovetin vaxtından qalan futbol düşüncəsi və ya təcrübəsi müasir futbolla heç cür ayaqlaşmır. Sürətlə inkişaf edən prosesə ən tez uyğunlaşanlar gənc və savadlı məşqçilərdir. Hazırda məşqçiliklə bağlı dünyada davam edən tendensiya da bunu sübut edir.

Buna görə də, ictimaiyyətdə millinin baş məşqçi postuna namizədlər arasında Rəşad Sadıqovun adının çəkilməsi heç də təsadüfi deyil. Hər halda Sadıqovun Azərbaycan futbolunun ən avtoritetli, eyni zamanda da savadlı simalarından olduğu heç kimdə şübhə doğurmur. 

Nəzərə alaq ki, o, milli komandanın forması 110-dan çox beynəlxalq oyun keçirib, eyni say qədər matçda “Qarabağ”ın kapitanı kimi beynəlxalq yarışlarda çıxış edib. Bir il 20 və 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi olub, onun rəhbərliyi ilə "Qarabağ"ın U-19 komandası Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Premyer Liqada isə baş məşqçi kimi ikinci ilidir.

Onun ən böyük üstünlüyü isə Ağdam klubu ilə uğurlar qazanan, komandanı Azərbaycan futbolunun liderinə çevirən Qurban Qurbanovun yanında qazandığı illərin təcrübəsidir.