Saat:21:23
Haqqımızda

Zeynal Əmrəliyev: “BMT ölü bir qurum halına gəlib”

2025-12-10 17:32:15

Zeynal Əmrəliyev: “BMT ölü bir qurum halına gəlib”

“Əlbəttə ki, BMT-də islahatlar aparılmalıdır. Bir çox dövlət başçısı, o cümlədən Türkiyə dövlət başçısı Rəcəb Təyyub Ərdoğan dəfələrlə bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatında islahatların aparılması vacibdir və “dünya beşdən böyük deyil” deyəndə Ərdoğan məhz BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan və veto hüququnu əlində saxlayan 5 dövləti nəzərdə tuturdu ki, həmin dövlətlər faktiki olaraq dünyada baş verən geosiyasi hadisələrdə öz inhisarçılıq sistemini qurub. Bu, qəbuledilməzdir”. 

Bu barədə Hurriyyet.az-a politoloq Zeynal Əmrəliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun  “BMT-də siyasi, sülhməramlı və humanitar məsələlər qərb ölkələrinin əlindədir” fikirlərini şərh edərkən deyib.
“Əlbəttə ki, BMT-nin fəaliyyətinin stimullaşdırılmasına ciddi şəkildə ehtiyac var. Nəticə etibarilə nəzərə alaq ki, BMT digər təşkilatlardan fərqli olaraq dünyada baş verən hadisələrə öz real münasibətini sərgiləyən və aparıcı mövqeyini ortaya qoymağı bacaran bir təşkilat olmalıdır”,-deyə politoloq əlavə edib.
Z.Əmrəliyev nəzərə çatdırıb ki, BMT-nin müşahidəçi statusundan başqa, qərarvermə səlahiyyəti də var: “Yəni 5 daimi üzvün olması faktiki olaraq qlobal miqyaslı hadisələrə BMT-nin fəaliyyətinin sıfıra endirilməsinə gətirib çıxaran bir hadisədir. Məsələn, İraq müharibəsi ilə bağlı olan prosesdə ABŞ və Böyük Britaniya faktiki olaraq bütün hadisələri öz istiqamətlərinə yönəltdilər. Suriya ilə bağlı məsələlərdə BMT lazımi qərarları vaxtında qəbul edə bilmədi və beynəlxalq birliyin vahidliyini təmin edə bilmədi deyə, Suriyada 10 ildən çox vətəndaş müharibəsi getdi, biz illərlə davam edən İsrail-Fələstin münaqişəsini görürük. BMT bəzi dövlətlərin öz mənafeyini güdməsinə görə, məhz İsrail-Fələstin münaqişəsində ədalətli mövqe sərgiləyə bilmir. Həmçinin Rusiya-Ukrayna müharibəsində də ədalətli qərarların qəbul edilməsi mexanizmi gecikir. Hətta qəbul olunduqdan sonra belə, onun həyata keçirilməsi mexanizmi gecikir”. 
“Biz özümüzlə bağlı, Azərbaycan-Ermənistan münaqişəsində də bunu müşahidə etdik, BMT tərəfindən qəbul edilən 4 qətnamə var idi, heç birini yerinə yetirə bilmədi. Azərbaycan öz gücü hesabına həmin qətnamələri yerinə yetirdi. Yəni bu faktlar onu göstərir ki, BMT ölü bir qurum halına gəlib və get-gedə də zəifləyir. Ona görə də gələcəkdə onun fəaliyyətinin dayandırılmasına ciddi şəkildə ehtiyac yaranacaq”,-deyə politoloq vurğulayıb.
CAVİD