Zərdabinin bilinməyən tərəfləri: Millətin mənəvi atası yenidən kəşf olunur
Hər bir xalqın tarixi, milli-mənəvi dəyərləri yaşamalı və gələcək nəsillərə ötürülməlidir. Buna görə də “xalqın tarixini incəliklə ortaya qoymaq üçün ayrı-ayrı nəsillərin keçmişini öyrənmək də ən mühüm amillərdən biridir”.
Azərbaycan mətbuatı tarixinin görkəmli tədqiqatçısı professor Şirməmməd Hüseynov yazırdı ki, “millət və xalq o vaxt birləşir, vahid və yenilməz gücə sahib olur ki, gözü və düşüncəsi açılsın”. Gözümüzün və düşüncəmizin açılmasında Əlimərdan bəy Topçubaşovun “Azərbaycan mayakı” adlandırdığı Həsən bəy Zərdabinin ölçüyə gəlməz dərəcədə əməyi olub. Məhz buna görə dünən də, bugün də, sabah da H.Zərdabi şəxsiyyətindən, faliyyətindən, irsindən, dünyagörüşündən nə qədər yazılsa, danışılsa yenə azdır. Çünki xalqının ağrı-acısı ilə yaşayan, bu millət fədaisinin çoxşaxəli və çoxsahəli faliyyəti bu gün də bir örnəkdir.
Milli mətbuatımızın 150-ci ildönümünə həsr edilən “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı monoqrafiyanı oxuduqca “nəsillərarası irs-varislik əlaqəsi qırılmasın, sələf-xələf münasibətləri möhkəm tellərlə əlaqələnsin” tövsiyəsinin şahidi olduq. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev tövsiyə edirdi ki, “Klassik irs yalnız müasir və bəşəri olmağı yox, həm də orijinal, fərdi, milli olmağı bizə öyrədir”.
Ölkəmizdə 1991-ci ildən sonra klassik irsə qaydış üçün bir zəmin yarandı. Bütün həyatını, fəaliyyətini xalqının maariflənməsinə, azadlığına, xoşbəxtliyinə fəda edən H.Zərdabi irsinə yeni baxışı əks etdirən çoxsaylı əsərlər yazıldı, çap edildi və bu gün də davam edir. Çünki, çoxsahəli və çoxşaxəli olan H.Zərdabi irsi dünənimiz üçün necə faydalı idisə, bugünümüz və sabahımız üçün də elə faydalıdır.

“Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı əsərin müəllifi Aqrar elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Kooperasiya Universitetinin dosenti, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənovdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin yerquruluşu şöbəsini 1981-ci ildə fərqlənmə diplomu ilə başa vuran Eldəniz müəllim ondan çox kitab və monoqrafiyanın, çoxsaylı elmi-publisistik məqalələrin müəllifidir. Onların arasında H.Zərdabi irsi üstünlük təşkil edir. O, H.Zərdabi irsinin tədqiqi, təbliği sahəsindəki xidmətlərinə görə “Həsən bəy Zərdabi diplomu” ilə təltif edilib. Zərdabişünas alim həm də “Qızıl qələm” və “Ali Media” mükafatları laureatıdır.
E.Həsənovun 2025-ci ildə işıq üzü görən “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı əsərini oxuyarkən Füyuzat ədəbi məktəbinin görkəmli tədqiqatçısı, professor Şamil Vəliyevin “Zaman keçəcək bizim necə varis olmağımızı sübut edəcək. Çox yaxşı olardı ki, klassiklərimizin amallarına sadiq, əməllərinə layiq varis olaq!” fikrini xatırladıq. Eldəniz müəllim H.Zərdabi yaradıcılığına, şəxsiyyətinə, elmi-nəzəri görüşlərinə həsr etdiyi çoxsaylı elmi məqalələri və bir necə əsərləri ilə bir daha layiqli varis olduğunu sübut etdi.
E.Həsənov bu irsə digərlərindən fərqli olaraq hər dəfə müxtəlif aspektdən yanaşır. Biz jurnalistlərdən fərqli olaraq o, H.Zərdabini cəmiyyətə həm də “Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisi”, təbiətşünas alim kimi təqdim edir. Tədqiqatçı alim Həsən bəyin bu mövzuda müxtəlif mətbuat orqanlarında çap edilən məqalələrini, həmin məqalələrdə irəli sürdüyü ideyaları, tövsiyələri araşdırıb tədqiqata cəlb edib. Müəllif H.Zərdabini oxucusuna həm də “ilk torpaq islahatçısı və yerquruluşçusu” kimi tanıdır. O, həmin fikrini hələ bu əsərindən əvvəl 2006-cı ildə çap etdirdiyi “H.Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı monoqrafiyasında daha geniş şəkildə açıqlayır. Oxucu burada H.Zərdabini “müsəlman dünyasının ilk təbiətşünas alimi” kimi tanıyır. Bu əsərdə həmçinin H.Zərdabi haqqında yeni sənədlər də təqdim edilib.
Zərdabişünas alim “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı əsərində yalnız H.Zərdabinin deyil, bütövlükdə onun nəsil şəcərəsinin elmə, maarifə, yeniliyə sahib olmasında yaxından iştirak edən Tiflis mühitini işıqlandırıb. Əsərdə H.Zərdabi başda olmaqla, onun doğmalarının, əzizlərinin, ömür-gün yoldaşı Hənifə Məlikovanın, övladlarının, kürəkəni Ə.Topçubaşovun, sevimli dayısı general-leytenant Fərəc bəy Ağayevin və digər qohumlarının həyatında Tiflis ədəbi, mədəni mühitinin oynadığı rol açıqlanır. Doğrudur bu mövzuda zaman-zaman bəzi tədqiqatçılar “Zərdabi nəslinin müəyyən nümayəndələri haqqında bilgilər vermişdir”. Elə E.Həsənov özü də “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafyasında məlumat verib. Lakin bütövlükdə “Zərdabi nəslindən olan insanların nəsil şəcərəsi” bu əsərdəki kimi geniş, dəqiq, ətraflı açıqlanmamışdır. Bu ilk “Həsən bəyin nəsil şəcərəsi”, “Həsən bəy Zərdabi və Tiflis mühiti” əsərində açıqlanaraq oxucunun diqqətinə yetirilir. Zərdabi ocağından çıxan, bu nəslə mənsub olan insanların xalqının, millətinin tərəqqisi üçün etdikləri bir daha sübut edir ki, “ot kökü üstə bitər”.
Əsərdə Azərbaycan xalqının tanınmış soylarından biri olan Məlikovların və Azərbaycan milli hərəkatının, Rusiya müsəlmanlarının “ümmətdən millətə doğru təkamül” etməsində misilsiz xidmətləri olan Topçubaşovların nəsil şəcərəsinin parlaq və keşməkeşli həyat yolundan, apardıqları mücadilələrdən, həyata kecirdikləri uğurlu islahatlardan bəhs edilir. Müəllif həm də “hər iki nəslin gürcü xalqı ilə tarixən dostluq-qardaşlıq əlaqələrinə” işıq salaraq müasir gəncliyin diqqətinə çatdırır və Azərbaycan, Gürcü xalqı üçün faydalı olan “bu iz-irsi” layiqincə davam etdirməyi tövsiyə edir.
Əvvala onu qeyd etmək lazımdır ki, bütün arxiv sənədləri, tədqiqat əsərləri, baş vermiş hadisələr, dövri mətbuatın səhifələrində çap edilən materiallar sübut edir ki, Azərbaycan xalqının milli mədəniyyətinin və milli şüurunun inkişafında, maarifçilik hərəkatının güclənməsində Tiflis ədəbi mühiti mühüm rol oynayıb. Uzun illər Zaqafqaziyanın inzibati və mədəni mərkəzi olan Tiflis şəhərinə tərəqqipərvər, demokratik ziyalılarımızın üz tutması Azərbaycan xalqının mədəni həyatında inkişafa doğru yol açdı.
“Mənəvi dünyamıza işıq saçan” H.Zərdabi irsini uzun illərdir müxtəlif peşə sahibləri tədqiqata cəlb edib və bu gün ölkəmizdə çox zəngin Zərdabişünaslıq elmi yaranıb. O, elmdə Həsən bəy daha çox maarifçi, jurnalist, publisist, pedaqoq, xeyriyyəçi kimi təqdim edilsə də, əslində o, millətinin fədaisi, mənəvi atasıdır. Bütün xoşbəxtliyini, arzularını, xalqının xoş güzaranı üçün qurban edən millət fədaisinin Bakı Şəhər Dumasındakı faliyyəti sübut etdi ki, o, xalqı üçün yaşayıb-yaradıb, mübarizə aparıb. 10 il Bakı Dumasının üzvü olan H.Zərdabi hər dəfə burada xalqı narahat edən taleyüklü məsələlərdən bəhs edir, real təkliflər irəli sürür, onların həllində hökuməti köməyə çağırır. Bu faktları çoxsaylı arxiv sənədləri ilə əsərində açıqlayan tədqiqatçı alim, haqlı olaraq Həsən bəyi “zəhmətkeş xalqın mənafeyinin müdafiəçisi və çarçısı” adlandırır.
H.Zərdabi Bakı Dumasının üzvü olarkən digər məsələlərlə yanaşı, su probleminin də həll edilməsinə çalışıb. O, Azərbaycanın, xüsusən də Bakı şəhərinin su təchizatı məsələsini dəfələrlə dumada qaldırmışdır. Hətta bu məsələnin Azərbaycan xalqının xeyirinə həll edilməsində ermənilər dəfələrlə ona mane də olublar. Professor E.Həsənov bu haqda yazır: “Zuğulbanın çirkli su mənbələrindən Bakı şəhəri əhalisinə içməli su adı ilə çəkilişi planlaşdırılan kəmərin çəkilişinə millət fədaisi qəti etiraz səsini ucaltmış və həmin məsələnin reallaşmasına imkan verməmişdir”. H.Zərdabi müxtəlif mətbuat orqanlarında çap etdirdiyi məqalələrində ölkəmizdə suvarma kanallarının çəkilməsi, içməli su mənbəyinin yaradılması haqqında maraqlı ideyalar, təkliflər vermişdir. Əsərdə E.Həsənov belə bir təklif də irəli sürür ki, hazırda “ölkəmizdə tikintisi başa çatdırılan nəhəng su obyektlərdən birinə Zərdabinin adının verilməsi təqdirəlayiq olardı”. Alimin bu xeyirxah təşəbbüsünə biz də bir ziyalı olaraq qoşuluruq və onun reallaşmasını diləyirik.
Əsərin sonunda Zərdabişünas alimin müxtəlif illərdə H.Zərdabinin həyatı, faliyyəti, ailəsi haqqında verdiyi müsahibələri, araşdırmaları, məqalələri verilib. Bu bölmədə müəllif qeyd edir ki, “Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq H.Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı”.
Əslində sovet dövrü təkcə H.Zərdabi deyil, bütün klassiklərimiz yanlış, “sovet həyat tərzinə uyğun” tədqiqata cəlb edildiyi üçün onların dahiliyi, böyüklüyü Mərkəz tərəfindən bilərəkdən “unutdurulur”, qısqanclıqla yanaşılırdı. 20-ci yüzilliyin əvvəllərindən başlayaraq “səviyyəsilə heyrət doğuran klassik publisistikamızın” obyektiv tədqiqinə və təbliğinə sovetin “dəmir senzura qadağaları imkan verməmişdir”. Ona görə uzun illər sovet dövründə ideoloji ehkamların təsiri altında öyrənilən və izah olunan məsələlərə yenidən baxmaq, qiymətləndirmək zərurəti meydana çıxır. Bu gün müstəqil dövlət quruculuğunun ən məsul dövründə milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin düzgün, dəqiq öyrənilməsi, qiymətləndirilməsi, aktuallığı və təbliği böyük əhəmiyyət kəsb edir. E.Həsənov “Mənəvi dünyamıza işıq saçan mütəfəkkir” adlı məqaləsinin sonunda yazır: “Mənəvi dünyamıza içıq saçan ömrün, izi-irsi tarixin yaddaşında əbədi olaraq qalacaq”. Tamamilə doğru vurğulayırsınız, Eldəniz müəllim. Bu qiymətli irsin xalqın yaddaşına hopmasında, yaşamasında bütün Zərdabişünasların və o cümlədən Sizin də özünüzə məxsus payınız var. Buna görə BDU-nun çoxsaylı Jurnalistika fakültəsinin müəllim, professor, tələbə heyyəti adından sizə təşəkkür edirik. Qələminiz iti, sözünüz əbədi olsun!
Sevil Həsənova,Filologiya elmləri doktoru, BDU-nun professoru
Qərənfil Dünyamin qızı, Filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist
