Zəngilanda 6 min hektar ərazidəki yanğını məmur törədibmiş - Hökm oxundu
Bu ilin avqust ayında Zəngilan ərazisində baş verən yanğını vəzifəli şəxs törədibmiş.
Hurriyyet.Az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, bu, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Əmlakın İdarəetmə Şöbəsində məsləhətçisi vəzifəsində işləyən 1985-ci il təvəllüdlü Vüsal Əlpənahovdur.
Onun barəsində Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Vüsal Əlpənahovun həm də Zəngilanda arıçılıq təsərrüfatı da var imiş. O, bir ilə yaxın müddətdə Zəngilan şəhəri yaxınlığında yerləşən məscidin arxasındakı ərazidə 2 arı yeşiyi yerləşdirib və 7-10 gündən bir həmin onlara qulluq edib.
Zəngilan şəhərindəki "Məscid düzü" adlanan ərazidə yerləşdirilən arılara tüstü vermək məqsədilə ocaq yandırıb, amma odla ehtiyatsız davranması səbəbindən yayılan qığılcım ətrafdakı kolluğa düşərək yanğına səbəb olub. Nəticədə yanğın 6000 hektar ərazidə olan ağac və kolları yandırıb məhv etməklə yaşıllıq sahəsinə ümumilikdə 8672 manat məbləğində ziyan vurub.
Məhkəmənin hökmü ilə Qubadlı şəhərində anadan olmuş Vüsal Əlpənahov Cinayət Məcəlləsinin 260.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 7 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin ev dustaqlığında olduğu 55 gün müddət nəzərə alınmaqla təyin edilmiş islah işləri cəzası çəkmiş hesab edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Aydın
