Saat:22:53
Haqqımızda

Zəngəzurun ermənilərə verilməsindən 101 il ötür

2021-11-30 17:07:00

Zəngəzurun ermənilərə verilməsindən 101 il ötür

Dövrün geosiyasi mənzərəsi düzgün təhlil edildiyi zaman Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana hədiyyə edilməsinin bir imperialist siyasət olduğunu açıq şəkildə görmək mümkündür.

Bu sözləri Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu Zəngəzurun Ermənistana verilməsi haqqında 30 noyabr 1920-ci ildə keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla bağlı Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, Çar Rusiyası dövründə başlayan bu siyasət SSRİ dövründə də davam etdirilib:

İstər Stalin-Orconikidze, istərsə də Stalin-Lenin məktublaşmaları, eyni zamanda Azərbaycan Kommunist Partiyası ilə Rusiya Kommunist Partiyasının mərkəzi orqanlarında aparılan müzakirələr əslində Türkiyəni Azərbaycandan ayırmaq məqsədilə arada oyuncaq dövlət qurmaq üçün bu planın həyata keçirildiyini göstərir. 1920-ci ilədək olan dövrdə də Zəngəzurda, İrəvanda, Qarabağda və digər yurd yerlərimizdə etnik təmizləmə aparılıb, milli-mənəvi sərvətlərimiz olan abidələrimiz məhv edilib, erməniləşdirilmə siyasəti həyata keçirilib. Təbii ki, bu siyasətin əsası Türkmənçay müqaviləsindən sonra başlayıb. Çar Rusiyasından sonra bu siyasəti Sovet imperiyası davam etdirib. İmperializmin ənənəvi “parçala və hökm sür” siyasətinin ən yüksək mərhələsi isə Zəngəzurun Azərbaycandan zorla alınıb Ermənistana verilməsi olub. Həmin dövrdə Zəngəzur iki yerə bölündü, bir qismi Azərbaycanın nəzarəti altında qaldı, digər qismi isə Ermənistana hədiyyə edildi”.

Alim həmin dövrdə də Ermənistanın öz öhdəliklərinə sadiq olmadığını, hər zaman imperialistlərin maşasına çevrildiyini vurğulayıb:

“Sözügedən proses beynəlxalq hüquqa zidd şəkildə sonrakı dövrdə də davam etdi. Belə ki, Qars müqaviləsinin imzalanmasına baxmayaraq, Naxçıvana aid olan bir sıra ərazilər də Ermənistana pay verildi. Bu proseslərdə bütün orqanların kütləvi şəkildə erməniləşdirilməsi də xüsusi rol oynadı. Beləliklə, Zəngəzurun Ermənistanın nəzarətində olan hissəsi də genişləndirilmiş oldu. Hazırkı Ermənistan dövlətinin qurulması da Azərbaycan Xalq Cümhuriyyətinin tolerantlığı sayəsində olub. AXC və Osmanlı dövləti erməni terrorunun qarşısının alınması üçün Cənubi Qafqazda Ermənistan dövlətinin qurulmasına razı oldular. Ancaq Ermənistan dövləti öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, Qarabağla bağlı iddialarını davam etdirdi. Hazırda Ermənistan yenə də bu və ya digər dövlətin maşası rolunu oynayır, Azərbaycanın konkret addımlar atmasına baxmayaraq, bölgədə sülhün bərqərar olması üçün qəti bir mövqe sərgiləmir. Biz uzaq və yaxın keçmişimizdə baş verən hadisələrdən dərs çıxarmalı, tariximizi yaxşı bilməli və bütün təhsil ocaqlarında ən yüksək şəkildə tədris etməliyik”.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR