Zəngəzur dəhlizi “nifaq alması” kimi - Overçukun işlətdiyi o bir cümlə...
Siyasi şərhçi: “Ermənistan Fransanı, ABŞ-ı bu prosesə qoşmaqla nəyəsə nail ola bilməyəcək, mütləq Rusiya amili nəzərə alınmalıdır”
MDB Dövlət Başçıları Şurasının son Moskva sammiti çərçivəsində Əliyev-Putin və Putin-Paşinyan ikitərəfli formatlarında Zəngəzur dəhlizinin də müzakirə edildiyi istisna deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov belə deyib.
Rusiya Baş nazirinin müavini, Rusiya tərəfdən üçtərəfli işçi qrupunun həmsədri Aleksey Overçuk isə bildirib ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür.
“Ermənistan rəsmi olaraq üçtərəfli bəyanatdan geri çəkilməyib və imzasını da geri götürməyib. Lakin eyni zamanda iki ildir baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun toplanması yönündə, demək olar, heç bir hərəkət yoxdur. Yaxud keçən yaydan hesablasaq, ən azı bir il yarım”, - deyə o həm də Ermənistandan gileyini ifadə edib.
Yada salaq ki, 2021-ci il yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların açılmasına dair razılıq əldə olunub. Üç ölkənin baş nazirinin müavinləri səviyyəsində ortaq işçi qrupu da yaradılıb. Həmin qurum regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulması ilə məşğul olmalı idi.
Bir qədər öncə İrəvana etdiyi səfər zamanı isə baş nazir müavini Overçuk bildirmişdi ki, Rusiya Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləri əsasında Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə hər zaman yardım etməyə hazırdır. Yəni ki, Zəngəzur dəhlizi əslində dəhliz statusunda olmaya bilər.
Bunu da xatırladaq ki, 10 noyabr (2020) üçtərəfli Bəyannaməsinin 9-cu bəndinə görə, Ermənistan Azərbaycanın eksklav ərazisi olan Naxçıvanla maneəsiz nəqliyyat əlaqəsi ilə təmin etmək öhdəliyi götürüb. Həmin bənd həmçinin yola Rusiya FTX-sinin nəzarət etməsini ehtiva edir.
Bəs Aleksey Overçukun “nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür” sözləri ən əvvəl kimə xəbərdarlıq və ya mesajdır? Azərbaycana hansı variant məqbuldur? Nəhayət, zaman bu xüsusda kimə işləyir - Azərbaycana, Ermənistana, yoxsa...
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Rusiya baş nazirinin müavininin bəyanatının kökündə 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli Bəyanat dayanır. Məlumdur ki, həmin Bəyanat əsasında kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiya yaradıldı və komissiyanın da üç həmsədri var. Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazirlərinin müavinləri rəhbərlik edirlər. Bu komissiya yaradılqıdan sonra ilk aylarda çox ciddi işlər görüldü. Plan üzrə nəzərdə tutulan addımların hamısı atıldı. Ancaq sonradan Ermənistanda parlament seçkilərinin təyin olunması bu prosesi ləngitdi və tədricən komissiyanın işi zəiflədi: “Son iclas təxminən ilyarım bundan əvvəl keçirilib. Komissiya, demək olar ki, işləmir, çox ciddi fikir ayrılıqları var. Azərbaycan Zəngəzur dəhlizinin Kalininqrad modeli əsasında açılmasını istəyir və deyir ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə - Naxçıvandan Azərbaycanın əsas hissəsində gələn kommunikasiyalarda 10 noyabr Üçtərəfli Bəyanatında nəzərdə tutulduğu kimi, maneəsiz hərəkət təmin olunmalıdır və digər kommunikasiyalarla onun arasında fərq olmalıdır. Yəni Naxçıvandan Azərbaycanın əsas hissəsinə gələn yolla Ermənistandan, məsələn, Çinə gedən yolun statusu, təbiidir ki, eyni ola bilməz. Burada mütləq güzəştli şərtlər olmalıdır və buna görə də Kalininqrad modelini Bakı təklif edir. Ermənistan Qranada sammitində digər dövlətləri də yanınan alaraq belə bir prinsip qəbul etdirdi ki, kommunikasiyalar suverenlik, dövlətlərin yurisdiksiyası, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında açılmalıdır. Bu da təbii ki, prosesə çox ciddi şəkildə mane olur. Çünki kommunikasiyalar müxtəlifdir və bu müxtəliflik nəzərə alınmalıdır. Üstəlik Ermənistan bir Sülh kəsişməsi adlanan layihə ortaya qoyub ki, burada da bir neçə məqam Azərbaycanı qətiyyən qane eləmir. Dəhlizlərin rejimi ilə bağlı məsələ dünyada öyrənilməmiş məsələlərdən biridir. Nikol Paşinyan da tez-tez Azərbaycanı dəhliz məntiqi ilə danışmaqda günahlandırır. Guya dəhliz sözü nəsə bir əlavə üstünlüklər verir. Dünyada dəhlizlərin rejimi ilə bağlı heç bir sənəd yoxdur. Hər dəhlizlə bağlı ayrılıqda razılaşmalar imzalanır. Bu səbəbdən dəhliz ifadəsi heç nə demək deyil. Kommunikasiya və ya dəhliz deyiləndə bunların arasında heç bir fərq yoxdur. Fərq o zaman olur ki, dövlətlər arasında müəyyən razılaşmalar olur və həmin kommunikasiyalarda dövlətlər üçün hansısa üstünlüklər nəzərdə tutulur. Əgər belə bir üstünlük nəzərdə tutulmayıbsa adının nə olmasından asılı olmayaraq heç bir üstünlük ola bilməz. Yəni dəhliz sözündən ermənilərin qorxmasına lüzum yoxdur”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma olandan sonra təbiidir ki, bu Azərbaycana müəyyən üstünlüklər verəcək və Ermənistan da hələlik bu razılaşmaya getmək istəmir. Zamanın kimin xeyrinə işlədiyini söyləmək isə çox çətindir: “Ancaq zamanın Ermənistanın zərərinə işlədiyi göz qabağındadır. Çünki Zəngəzur dəhlizinin açılması və onun Orta dəhlizə qoşulması ən çox Ermənistana lazımdır. Buna daha çox Ermənistanın ehtiyacı var. Burada Rusiyasız dəhlizin-kommunikasiyaların açılması mümkün deyil ifadəsi də ona əsaslanır ki, birincisi 2021-ci ilin 11 yanvar üçtərəfli Bəyanatında müəyyən məsələlər nəzərdə tutulub, ikincisi Rusiya bölgənin ən böyük və nüfuzlu dövlətidir. Rusiyanı kənarda saxlayıb kommunikasiyaların açılmasına nail olmaq təbiidir ki, çox çətindir. Bu səbəbdən Ermənistan Fransanı, ABŞ-ı bu prosesə qoşmaqla nəyəsə nail ola bilməyəcək. Mütləq Rusiya amili nəzərə alınmalıdır. Azərbaycanın tutduğu mövqe bu məsələdə daha düzgündür”.
“Yeni Müsavat”