ZƏNGƏZUR DƏHLİZİ MƏSƏLƏSİ QAPANDI? – “Bu, Ermənistanın fiaskosudur”

Zəngəzur dəhlizinin yubadılması və ya baş tutmaması rəsmi İrəvanın uğuru yox, uğursuzluğu kimi qiymətləndirilməlidir.
Hurriyyet.az xəbər verir ki, bu fikri AzPolitika.info saytına şərhində politoloq Tofiq Abbasov bildirib.
Qeyd edək ki, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın Zəngəzur dəhlizinə marağının azaldığını açıqlayıb. Onun sözlərinə görə, artıq İranla razılıq əldə olunub və dəhliz İran tərəfdən keçəcək.
Bu məsələni şərh edən politoloq qeyd edib ki, hazırda Azərbaycan üçün ən vacib məqam Naxçıvanla kommunikasiyanı bərpa etməkdir: “Bunun iqtisadi nüansları da var. Türkiyə ilə qurudan nəqliyyat və kommunikasiya xəttinin olması iqtisadi cəhətdən yeni imkanlar verir. Təbii ki, İran da bundan qazanacaq və bu dəhlizin olması Rusiya üçün də vacibdir. Ümumiyyətlə, dəhliz özlüyündə canlanma vəd edən amildir. Əgər Ermənistandan birbaşa dəhliz açılsaydı, Azərbaycan buna görə Ermənistana pul ödəyəcəkdi. Amma Ermənistan qazanmaq istəmədi. Yəni, bu, Azərbaycanın yox, Ermənistanın fiaskosudur”.
Tofiq Abbasovun fikrincə, Zəngəzur dəhlizi Ermənistanın da regiona inteqrasiyası üçün müsbət rol oynaya bilərdi: “Dünyada elə bir ölkə yoxdur ki, öz ərazisinin tranzit kimi istifadə olunmasını istəməsin. Bu, əlavə gəlirdən başqa, siyasi dividentlər də verir. Məsələn, Ermənistanın qonşularla münasibəti yaxşılaşar və bu dövlət regionda strateji əhəmiyyət qazanardı. Hazırkı vəziyyətdə isə Ermənistan sadəcə içinə qapanmış, qonşularına qarşı ərazi iddiaları olan, hamıdan incik və iqtisadi problemlərilə boğulan bir ölkə olaraq dəyərləndirilə bilər. Ermənistan bu blokada vəziyyətinə özü-özünü salıb. Türk düşmənliyi və türklərə qarşı nifrət Ermənistan siyasətçilərinin gözünü o qədər tutub ki, onlar soyuq başla düşünmək, bu dəhlizin onlara nə vəd etdiyini anlamaq istəmədilər. Təbii ki, burda xarici faktorlar da var. Qərb siyasi dairələri müxtəlif vasitələrlə çalışdılar ki, Paşinyana təsir etsinlər. Nəticədə, o, qeyri-stabil xətt yürütdü və Azərbaycan tərəfi də bunu görərək, İranla razılaşmağa qərar verdi”.
Bununla belə, politoloq hesab edir ki, Zəngəzur dəhlizi məsələsinin tamamən qapanmasını demək olmaz: “Düşünürəm ki, yaxın gələcəkdə bu məsələ bir daha gündəmə gələcək. Əgər Ermənistan qonşularla sülh şəraitində yaşamaq istəyirsə, dəhliz verməkdə məhz özü maraqlı olmalıdır”.
