Zəngəzur dəhlizi açılacaq və ERMƏNİSTANIN BUNUNLA RAZILAŞMAMASI MÜMKÜN DEYİL

Məhəmməd Əsədullazadə: "Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasa, o zaman rəsmi Bakı da haqlı olaraq Zəngəzura iddiaları ortaya qoyacaq"
Elxan Şahinoğlu: "Erməniləri dəstəkləyən mərkəzlərin "yolu açın" çağırışları eşidilmədiyi üçün eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər"
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyaya iki günlük işgüzar səfər edəcək. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, səfər fevralın 6-dan 7-dək davam edəcək. Səfər zamanı Mirzoyanın Almaniyanın xarici işlər naziri Analena Burbok ilə görüşü planlaşdırılır, bundan sonra isə nazirlər mətbuat konfransı keçirəcəklər.
O da qeyd olunur ki, səfər zamanı Mirzoyanın Almaniyanın qanunvericilik orqanlarının və ekspert icmasının nümayəndələri ilə də görüşü olacaq. Görüşlər zamanı Ermənistan və Almaniya arasında əməkdaşlığın genişləndirilməsi və Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar müzakirə olunacaq. Eyni zamanda, tərəflər Azərbaycanın Laçın-Xankəndi yolundakı vəziyyəti, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə edəcəklər.
Bu arada, Azərbaycanla Ermənistan arasındakı mövcud duruma, o cümlədən Laçın dəhlizi ilə bağlı məsələyə toxunan Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağını vurğulayıb. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Baqratyan Rusiyanın da Nikol Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb etdiyini bildirib: "Azərbaycanın hansı yolla Zəngəzur dəhlizini açacağı haqda üçtərəfli bəyannamənin 9-cu maddəsində yazılıb. Orada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yeni yolun tikilməli olduğu yazılıb. Üstəlik, yolu Ermənistan özü tikməlidir və sənəddə maneəsiz hərəkətdən bəhs edildiyini unutmayın. Bu gün Rusiya Paşinyandan Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bütün bunlar əldə olunan razılaşmaların tərkib hissəsidir. ABŞ və Fransaya gəldikdə isə onlar dəqiq şəkildə bu dəhlizin əleyhinə deyillər. Nikolun avropalı müşahidəçiləri dəvət etməsinin də heç bir yaxşı nəticəyə gətirib çıxarmayacağı faktdır. Ermənilər veyillənən avaraya çevriləcək. Bəs bizi yaxın gələcəkdə nə gözləyir? – Yaxşı heç nə!". Ermənistanın keçmiş baş naziri iddia edir ki, Laçın dəhlizini Paşinyan özü bağlayıb: "Azərbaycan Naxçıvana dəhliz tələb edir. Bu haqda üçtərəfli bəyanatda yazılıb. Azərbaycan əlbəttə ki, Naxçıvana yolu açacaq. Amma Qarabağda üç-dörd ilə bir nəfər də olsun erməni qalmayacaq. Bu gün Qafan və Cermukda (İstisu) insanlar evlərini satırlar. Bu o deməkdir ki, Zəngəzurda da bir nəfər də olsun erməni qalmayacaq".
"İran Zəngəzur dəhlizinin açılmasıyla Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqeyinin güclənməsindən və Azərbaycanın regionda aparıcı ölkə olaraq bütün nəqliyyat qovşaqlarının bu dəhlizdən keçməsindən narahatdır"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, əgər Ermənistan Azərbaycanla sülh danışıqları prosesindən yayınaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasa, o zaman rəsmi Bakı da haqlı olaraq Zəngəzura iddiaları ortaya qoyacaq: "Ona görə də Qərbi Azərbaycan icması yaranıb və proses ugurla həyata keçirilir. İlk növbədə Ermənistan üzərinə götürən öhdəlikləri yerinə yetirməli və dəhlizin açılmasını təmin etməlidir. Əgər bunu etməyəcəksə, Azərbaycan gücdən istifadə edə bilər. Hazırda İran prosesə mane olmağa çalışır. İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi və hərbi əməliyyatların keçirilməsi Tehran üçün Zəngəzur məsələsini qüvvədən düşürəcək. Çünki Tehran rejimini ilk öncə öz taleyini və təhlükəsizliyini təmin etmiş etməyə çalışacaq və bu zaman ciddi surətdə zəifləyəcək".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasını həyata keçirərsə, Tehran rejimi buna müdaxilə edə, qarşı çıxa bilməz: "Məhz İrəvan buna qarşı olduğu üçün Tehranla birgə hərəkət edir. Bunun isə sonda Ermənistanın məğlubiyyəti ilə nəticələnməsi qaçılmazdır. İran Zəngəzur dəhlizinin açılmasıyla Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada geosiyasi mövqeyinin güclənməsindən və Azərbaycanın regionda aparıcı ölkə olaraq bütün nəqliyyat qovşaqlarının bu dəhlizdən keçməsindən narahatdır. Regionda dəyişən geosiyasi proseslər İranın əleyhinə işləyir və Tehran rejiminın sıradan çıxarılması istiqamətində proseslər aktiv gündəliyə çıxarılıb. İran bütün cəbhələrdə Qərbə qarşıdır və öz izolyasiyasını davam etdirir. Belə bir rejimin uzun müddət hakimiyyətdə qalması polimikadır. Odur ki, Zəngəzur dəhlizinin açılması reallaşacaq və Ermənistan tərəfinin bununla razılaşmaması mümkün deyil. Ermənistanın iki yolu var. Birincisi, diplomatik danışıqlarla əldə olunan razılaşmalara uyğun olaraq dəhliz açılır və bu, regionda sülhün əldə edilməsi ilə nəticələnir. İkincisi, Azərbaycan güc tətbiq edərək öz tarixi ərazilərini nəzarətə götürür. Regional siyasi-hərbi müstəvidə dəyişikliklər Azərbaycanın mövqeyini gücləndirir".
Azərbaycanla Ermənistan arasında konfedensial danışıqların getdiyini iddia edən Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, Ermənistan tərəfindən danışıqları bu ölkənin təhlükəsizlik katibi Armen Qriqoryan aparır: "Ermənistan tərəfi prinsipial olaraq Azərbaycanın təkliflərini qəbul edib. Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar aparılır və növbəti aylarda Tiflisdə liderlərin üçtərəfli görüşünün keçirilməsi istisna deyil".
"Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, erməni separatçılarının Rusiyadan Xankəndinə "ixrac edilən yeni lideri" Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb: "Ruben Vardanyan profilində yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi "Arsax" mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır. Adam narahatdır. Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb. Həqiqətən Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, "blokada mövzusuna" çəkə bildilər. İndinin özündə də bir sıra Qərb ölkəsində "Laçın dəhlizini açın" səsləri eşidilir. Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır".
Bunun iki səbəbinin olduğunu deyən politoloq qeyd edib ki, birincisi, beynəxalq aləmin diqqətini məşğul edən başqa mövzular var: "Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə, Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin "yolu açın" çağırışları eşidilmədiyi üçün eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər. İkincisi, ilk günlər "Arsax blokadadır" yalanına inanlar real vəziyyəti görməyə başlayıblar. Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır, nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa "blokada" nağıllarına inananların sayı azalır". Elxan Şahinoğlu bildirib ki, bu iki amilə görə, Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir: "Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, "Laçın blokadadır" yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz".
Vazeh BƏHRAMOĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya