Saat:04:23
Haqqımızda

“ZELENSKİNİN BU FƏRMANI RUSİYAYA TƏHLÜKƏ YARADIR” - “Regionların Moskvadan uzaqlaşması prosesi yetişir”

2024-02-14 13:35:54

“ZELENSKİNİN BU FƏRMANI RUSİYAYA TƏHLÜKƏ YARADIR” - “Regionların Moskvadan uzaqlaşması prosesi yetişir”

Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsindən növbəti dəfə bəlli oldu ki, Rusiya “tarixi torpaqlar” adı altında yenidən imperiya qurmaq məqsədi güdür. Amma deyəsən, Putin bu müharibənin Qərbin, xüsusən də ABŞ-nin nəzarətində olmasını, hətta onun tərəfindən idarə edildiyini unudur. Müharibə ilə bağlı hələ ki, heç nə aydınlaşmayıb, Rusiyanın imperiya yaratmaq əvəzinə, indiki ərazilərindən də məhrum olması təhlükəsi isə hər zaman aktualdır.

Son dövrlər Ukrayna Rusiyanın ərazi iddialarına qarşı ideoloji baxımdan əks hücum həmləsi ilə cavab verməyə başlayıb. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiya Federasiyasında ukraynalıların məskunlaşdığı tarixi ərazilər barəsində” fərman imzalayıb. Həmin fərmanda Rusiyadakı Kuban, Staradubşine, Şimali və Şərqi Slobajanşine (bunlar Rusiya Federasiyasının müasir Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətlərindədir) ərazilərindəki etnik ukraynalıların sıxışdırılmasının qarşısının alınmasının vacibliyi qeyd olunur.

Deməli, Ukrayna bu istiqamətdə ilk addımını atıb. İndi sual yaranır, doğrudanmı, Kiyev Rusiyanın ərazilərinə iddialıdır? 

Zelenskinin təşəbbüsündən Rusiyada bərk qəzəbləniblər. Bəs bu,Moskva üçün nə qədər təhlükəlidir?

Sözügedən məsələ ilə bağlı ukraynalı siyasətşünas, siyasi elmlər doktoru, filosof Maksim Mikolayeviç Rozumnıy Ukraynanın “Qlavred.info” saytına verdiyi müsahibəsində Zelenskinin “tarixi” fərmanının məqsədinin nədən ibarət olmasına aydınlıq gətirib. Onun fikirinə görə, Ukraynanın ərazi iddiası yoxdur. Lakin buna baxmayaraq, heç şübhəsiz ki, irəliyə sürülmüş tələblərin xarakteri hadisələrin gələcək inkişaf dinamikasına uyğun dəyişə bilər.

Hurriyyet.az həmin müsahibəni qısa ixtisarla təqdim edir:

-Siz belə bir təşəbbüsü nə dərəcədə məqsədəuyğun və vaxtında atılmış addım hesab edirsiniz? Müharibənin qızğın vaxtında buna nə dərəcədə ehtiyac var?

-Bu fərmanın məhz indi verilməsinin məntiqini müharibə ilə izah etmək olar. Bu, düşmənə qarşı yönəlmiş ideoloji və psixoloji vasitədir. Həmin fərman düşmənə ağır təsir edib, ona görə də Rusiya buna kəskin reaksiya göstərib.

İndiki vəziyyətdə bu addımın atılmasının mənası var. Çünki bu, bizim qarşıdurmamızı yeni müstəviyə daşıyır və daha böyük simmetriklik yaradır. Axı, Rusiya daim bizə qarşı öz iddialarını qoyub, Ukrayna isə həmişə səssiz müdafiədə dayanıb. Zelenskinin fərmanında söhbət ukraynalı icmaların və etnik ukraynalıların Rusiya Federasiyası ərazisində assimilyasiyaya uğramasından, sıxışdırılmasından gedir. Əgər Prezidentin təşəbbüsünün real tərkibindən, bizim imkanlarımızdan və indiki vəziyyətdən danışsaq, onda bu fərman çətin ki, parktik müstəvidə dəyişikliyə gətirib çıxaracaq və problemlərin həllinə yol açacaq. Həm də bundan sonra Rusiya Federasiyasında ukraynalıların sıxışdırılması məsələsində dəyişikliyin baş verəcəyi də inandırıcı deyil.

Bu, çoxdanın problemidir, ona görə ki, son iyirmi il ərzində Rusiya Federasiyasında ukraynaçılıq ardıcıl şəkildə məhv edilir. İstənilən Ukrayna institutu, mədəni müəssisələr və sair məhv olunur. Xüsusən də bizim yadımızdadır ki, 2000-ci illərin əvvəlində Moskvadakı Ukrayna ədəbiyyatı kitabxanası məhv edilmşdi. İndi müharibə zamanı sadəcə, özünü ukraynalı adlandırmaq və Ukrayna dilində danışmaq Rusiyada çox təhlükəlidir.

-Yəni, əgər hökumət Zelenskinin tapşırıqlarını yerinə yetirməyə başlasa, yəqin ki, bunun praktik nəticələri olmayacaq...

-Bəli. Bu siyasət yaxın gələcəkdə fərmanda əks olunduğu kimi səmərəli olmayacaq. Əgər biz torpaqlarımızı rus ordusundan qoruya bilməsək, Rusiyadakı milli etnik azlığımızı qarşılaşdıqları assimilyasiyadan necə qurtaracağıq? Biz cəhd edirik, çalışırıq. Rusiya Federasiyasında ukraynalıların məktəbinin olmaması və həmçinin də etnik mənşəli ukraynalıların xeyli hissəsinin özlərini etnik rus kimi göstərməsinə görə Rusiyaya qarşı məhkəmə iddiası qaldırılmalıdırmı? Bununla bağlı Rusiyanın hər hansı hüquqi məsuliyyətə cəlb edilməsinə nail olmaq çox müşküldür.

-Zelenskinin fərmanını Rusiyada deyildiyi “Ukraynanın Kubana, Belqorod vilayətinə ərazi iddiaları var” kimi qəbul etmək olarmı?

-Bu fərmanın ən təxribatçı hissəsi torpaqların siyahısıdır. Ona görə ki, qalan digər hər şey, həmçinin də etnik azlıqların hüquqlarının təmin edilməsi məsələsi dəfələrlə səslənib. Bu fərmanda ərazi siyahısının olması rezonanas doğuran maraqlı dönüşdür.

Yəni, ruslar bu vəziyyəti öz məntiqləri ilə izah edirlər. Ruslar deyirlər ki, Ukraynanın cənubundakı və şərqindəki torpaqlar Rusiya imperiyası zamanı rus mənşəlilər tərəfindən məskunlaşdırılıb. Onların düşüncəsinə görə, Rusiya qoşunlarının oraya göndərilməsinin və Ukrayna torpaqlarının işğal edilməsinin səbəbi budur.

Müasir dünyada bunlar mənasız və əlaqəsiz şeylər hesab olunur. Axı, etnik torpaqlar və bu torpaqlarda yaşayan, öz kimliyi olan əhali var. Bu, ərazi iddiası deyil, bu, dövlət institutları səviyyəsində uzun illər ərzində aparılan müzakirə mövzusudur. Rumıniyada yaşayan macar azlığının hüquqları ilə bağlı Macarıstan ilə Rumıniya arasında ziddiyyət var. Lakin kimsə bunu (ən azından hələlik) ərazi iddiası kimi yozmur.

-Rusiyanın bu isterikası qəribə görünür. Moskva yaxşı anlayır ki, Ukrayna Silahlı Qüvvələri bu əraziləri “azad etməyə” girişməyəcək və Kiyev həmin torpaqlar üzərində öz hüququnu beynəlxalq səviyyədə tələb etməyəcək. Onda bəs, bu haray-həşir nədir? Bu mövzu Rusiya üçün hətta ictimai müzakirə səviyyəsindəmi təhlükəlidir?

-Bəli, mən sizin təhlükə barəsindəki son tezisinizlə razıyam. Birincisi, bu isterika Rusiya təbliğatının ruhundan doğan “Kiyev rejimi”, ”nasist hakimiyyəti”, ”rus dünyasının təhlükə qarşısında dayanması” kimi fikirlərdir. Həm də Moskvada Ukraynanın müqaviməti rus dünyasına qarşı hücuma keçən yeni səlib yürüşü kimi təqdim edilir. Yəni, rusların təsəvvüründə biz çox böyük resurslara və aqressiyaya malikik, ona görə də bizdən hər şey gözləmək olar.

İkincisi, bu isterika rusiyalıların növbəti təhlükə adı altında bir daha səfərbər edilməsinə imkan yarada bilər. Çünki müharibənin dəstəklənməsi üçün Rusiya cəmiyyətinə daim hansısa təhlükələr barəsində məlumat verməlidirlər.

Ruslar daim onlara Ukraynadan gələ biləcək təhlükələrdən və buna görə də döyüşməyin lazım olmasından danışırlar. Onlar istənilən şeyi təhlükə hesab edə bilərlər. Bu fərman isə o zaman təsir göstərər ki, Rusiyada sosial-iqtisadi və siyasi böhranlar fonunda dövlətçiliyin dağılmasl və deqradasiya prosesi başlasın. Belə bir vəziyyətdə Zelenskinin qeyd etdiyi Rusiya regionlarının müəyyən yerli elitaları bu fərmanı yada sala bilərlər. Yəni, bu fərman yerli elitanı siyasi və ideoloji addımlar atmağa sövq edəcək. Əlbəttə, bu mənada həqiqətən də Rusiya üçün müəyyən təhlükə var.

-Zelenskinin fəramanına Qərbin reaksiyası necə ola bilər? Bu, Ukraynanın xeyrinə əlavə arqument kimi qəbul ediləcəkmi? Yoxsa, əksinə, Qərb Ukraynanın Krım və Donbası geri qaytardıqdan sonra digər ərazilərə də iddialı olacağından qorxacaq?

-Düşünürəm ki, Qərbin reaksiyası ikinci varianta yaxın olacaq. Yəni, bu, Qərbdə müəyyən şübhələr oyadacaq. Çünki Qərbdəki liberallar istənilən etnik məsələnin qaldırılmasını xoş qarşılamırlar. Bunun üçün müəyyən əsaslar var: bütün 20-ci əsr ərzində etnik ərazilərin demarkasiyası ilə bağlı mübahisələr Avropada hədsiz dramatik hadisələrə gətirib çıxarıb.

Ona görə də bir tərəfin digərinə qarşı etnik əlamətə görə ərazi marağı Qərbdə yaxşı qarşılanmır. Əlbəttə, biz bu fərmanda heç bir ərazi iddiasının olmadığını, əksinə, Qərbin həmişə yaxşı və sakit qarşıladığı etnik azlığın hüquqlarının qorunmasından söhbət getdiyini söyləyə bilərik. Amma biz bu məsələdə Qərb tərəfindən hər hansı əhəmiyyətli dəstək və rəğbət qazanmayacağıq.

-Əgər Ukrayna doğurdan da bu əraziləri nə vaxtsa geri qaytarmaq istəsə, bu, hansı şərtlərlə mümükün olacaq?

-Bu gün Belqorodun, Voronejin, Kubanın və sairə ərazilərin qaytarılması siyasi bir həll kimi real görünmür. Amma, ümumiyyətlə, əgər ardıcıl düşünsək, burada bir məntiq və qanunauyğunluq var. Əgər Rusiya müharibəni davam etdirsə, onun resursu tezliklə tükənəcək. Artıq bu gün Rusiyanın Milli Rifah Fondu yarıya qədər boşalıb.

Rusiya müharibə apararaq həm də demoqrafik cəhətdən tükənəcək. Bunun nəticəsində orada sosial-iqtisadi böhranlar və regionların deqradasiyası baş verəcək. Xüsusən də Rusiyanın regionlarında türk mənşəlilər yaşayırlar və onların Moskvadan uzaqlaşması prososi yetişir. Əgər bu regionların maliyyələşməsi kəsilərsə, hər şey baş verə bilər, nəticədə türk regionları Rusiyanın əsas resurslarının yerləşdiyi Sibir ilə Moskvanın əlaqəsini kəsərlər. Bundan sonra Moskvanı yemləməyi arzulayanların sayı azalar və onda Rusiyanın cənubunda yaşayanlarda öz həyatlarını özləri həll etmək istəyi baş qaldırar. Belə şərtlər daxilində Ukrayna ilə əlaqələri yada salan insanlar meydana çıxacaq. Çox ehtimal ki, biz həmin ərazilərdə Ukraynaya dost münasibət göstərəcək yerli muxtariyyətlərin yaradılmasına ümid bəsələyə bilərik.

-Onda belə çıxır ki, Rusiya Fedrasiyasının dağılması halındakı ən çox ehtimal olunan variant “Belqorod bizimdir” və ya “Voronej bizmdir” yox, “Belqorod Xaql Respublikası” və “Voronej Xaql Respublikası” olacaq?

-Bəli. “Cənubi Rusiya diyarı” və “Kuban hersoqluğu” yaranacaq ki, onlarla Ukrayna hər hansı uzun keçid dövrü üçün ən azından qeyri-müəyyən dostluq və xüsusi münasibətlər quracaq”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.282475