Zelenski-Putin görüşü niyə gecikir? – PƏRDƏARXASI DETALLAR

2022-06-06 13:47:00

Zelenski-Putin görüşü niyə gecikir? – PƏRDƏARXASI DETALLAR

“Ukrayna ordusu yaxın vaxtlarda silahlar alacaq və intensiv əks-hücuma başlayacaq”. 

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Ancaq bu, zaman məsələsidir. İnsan ölümlərinin sayını azaltmaq üçün hər şeyi bir ay əvvəl əldə etmək istərdik. Avropa qərarları istədiyimizdən daha gec qəbul edir", -  Podolyak əlavə edib. 

Müşavirin sözlərinə görə, Rusiya siyasi elitası təbliğatdan uzaq qalıb, reallıqları qəbul etdikləri zaman danışıqlar mümkün olacaq.

Bununla bağlı açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, əgər ABŞ və müttəfiqləri, həqiqətən savaşın bitməsində maraqlı olsa idi, Ukraynaya silah vermək əvəzinə, diplomatik həll yolu tapmağa çalışardı:

“Digər tərəfdən, Ukrayna rəsmiləri bildirirlər ki, silahların çatdırılması gecikir. Əlbəttə, Qərb istəsə, Ukraynaya elə silahlar verər və bunu o qədər sürətlə edərdi ki, savaşın taleyi birdəfəlik həll olardı. Amma istəmir. Qərb Kiyevə sadəcə Moskvaya müqavimət göstərə biləcək qədər silah verir.  Kreml başa düşməlidir ki, hətta Ukraynanın bölüşdürülməsinə dair Vaşinqtonla gizli razılıq olsa belə,  müharibə onun üçün ağır nəticələrə səbəb olacaq. Rusiya artıq sivil dünyadan təcrid olunur. Ayrı-ayrı beynəlxalq təşkilatlar şimal qonşumuzu öz aralarında görmək istəmirlər. Doğurdanmı, bütün bunlar sadəcə "şou" dur və savaş bitəndən sonra rəsmi Moskvanın dünya siyasətindəki yeri bərpa olunacaq? Ağlabatan deyil. Çünki bu zaman Qərb öz ikiüzlülüyünü növbəti dəfə ortaya qoyacaq və planları bumeranq effekti verəcək”.

Müsahibimiz bildirib ki, Kiyev və Moskvanın hələlik danışıqlara yaxın durmaması, böyük ehtimalla Qərbin birbaşa və ya bilavasitə təsiri ilə bağlıdır:

“Amma həm Ukrayna, həm də Rusiya hakimiyyəti bu həqiqəti anlamalı, reallığı qəbul etməlidir. Zelenski və Putin bilməlidirlər ki, savaşın uzanması dövlətlərdən heç biri üçün arzuolunan nəticəyə səbəb olmayacaq. Yəqin ki, bunu başa düşürlər, amma daha geri çəkə bilmirlər. Çünki artıq “ox yaydan çıxıb”. Bütün hallarda hər iki tərəfin daha konstruktiv mövqe sərgiləmələrində  və vasitəçilərin, xüsusilə Türkiyənin təşəbbüslərini qiymətləndirməkdə fayda var.  Əks halda Qərbin planının Rusiyanı məhv etmək, yoxsa Ukraynanı parçalamaq  olmasından asılı olmayaraq, hər iki tərəf uduzacaq və Qərbin Şərqi Avropadakı mövqeləri güclənəcək. Bu isə daha ciddi təhdidlər deməkdir”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya