Saat:08:44
Haqqımızda

Zakir Fərəcov niyə “artist” olmağı seçmədi?

2021-10-12 11:57:00

Zakir Fərəcov niyə “artist” olmağı seçmədi?

 

Böyük aktyorluq bacarığı olan icra başçısı aktyorluq sənəti ilə  xalqımıza daha böyük töhfə vermiş olmazdımı?

Və yaxud başçının televiziya kamerası qarşısında “bu adamın evini dərhal verin” dediyi şəxs niyə illərdir süründürməçiliyə məruz qoyulur?

Ötən il “Hürriyyət”in redaksiyasına müraciət edən Sumqayıt şəhər sakini Rüstəm Rəhimovun illərdir ki, valideynlərindən miras qalan qanuni mənzilini ala bilmədiyi barədə material dərc etmişdik. Şikayətçi bildirmişdi ki, 1963-cü ildə atası Dədəxan Rəhimov sözügedən mənzildə anasını, daha sonra isə özünü odlu silahla qətlə yetirir. Hər iki valideynini itirən və başsız qalan azyaşlı uşaqlar Qubadlı rayonunda yaşayan ana nənəsinin himayəsinə verilir.

Nənəsinin himayəsində böyüyüb boya-başa çatan Rüstəm Rəhimov 1978-ci ildə hərbi xidmətə yollanır. İki ildən sonra, yəni 1980-ci ildə hərbi xidmətdən qayıdır. O, anadan olduğu Sumqayıt şəhərinə üz tutaraq, qanuni varis kimi ata mənzilinə sahiblənmək istəyir. Hansı ki, həmin mənzil olun və bacısının adına olub.

Rüstəm Rəhimov bununla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə üz tutur. Orda ondan evin sənədləri tələb olunur. O, Qubadlıya gedərək, evin orderini və valideynlərinin ölüm kağızını götürüb, yenidən Sumqayıt şəhər İcra Hakimiyyətinə üz tutur. Bu zaman ona məlum olur ki, atan-anası öləndən az sonra onların mənzili qanunsuz olaraq başqa şəxslərə satılıb. Mənzilin kim tərəfindən satıldığı ona bəlli olmasa da, alıcı hələ də həmin evdə yaşayır.

Şikayətçinin sözlərinə görə, ona aid olan mənzili geri almaq üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edəndə, keçmiş başçıs Təvəkkül Məmmədov Rüstəm Rəhimovun evlə təmin olunmasıyla bağlı göstəriş verilir. Lakin o, uzun illər gözləsə də, hər dəfə Mənzil Fondunda ev olmadığı cavabı verilir. 1992-ci illərdə isə Qarabağda gedən müharibə bəhanə edilir. Son olaraq, ev verə bilməyəcəklərini, bununla bağlı məhkməyə müraciət etmək lazım olduğu haqda cavab alan Rüstəm Rəhimov, 2012-ci ildə rəsmi olaraq Sumqayıt şəhər Məhkəməsinə müraciət edir. Məhkəmənin daha şəffaf və ədalətli keçməsi üçün hətta vəkil də tutur. Hansı ki, həmin vaxt özünü vəkil kimi təqdim edən, əslində isə nümayəndə kimi fəaliyyət göstərən Xanım İbrahimova ondan “xidmət haqqı” kimi 1500 AZN, işin tez həlli üçün isə 6000 AZN pul istəyir. O, bu işlə bağlı məhkəmənin ədalətli qərar çıxarmayacağını, odur ki, həmin pulu hakimə verib, problemi ən qısa zamanda həll edəyəcəyini bildirir. R.Rəhimov borc-xərc topladığı 1500 manatdan əlavə, 6 min manat da faizə pul götürərək “vəkil”ə verir.

Bunun üstündən bir neçə ay keçsə də, “vəkil”dən heç bir müsbətə xəbər gəlmir. Tezliklə məhkəmədən şad xəbər alacağını düşünən Rüstəm Rəhimovun bir gün kirayə yaşadığı mənzilə məktub gəlir. Məktubu açdıqda məlum olur ki, hakim mənzillə bağlı müraciətin gec olunduğunu əsas gətirərək, iddianı rədd edib.

Bu hadisədən sonra hər şeydən əli üzülən Rüstəm Rəhimov kor-peşman Xanım İbrahimovanın yanına üz tutur. Ondan başına gətirdiklərinin izahını tələb edir. Bu zaman məlum olur ki, Xanım İbrahimova pulu məhkəməyə verməyib, şəxsi məqsədləri üçün xərcləyib.

Rüstəm Rəhimov bununla bağlı Sumqayıt şəhər, 4-cü polis bölməsinə şikayət ərizəsi yazır. Araşdırma aparıldıqdan sonra məlum olur ki, “vəkil” Rüstəm Rəhimovdan əlavə, müxtəlif şəxslərdən də küllü miqdarda pul mənimsəməklə dələduzluq edib. Yalnız bir həftədən sonra X.İbrahimova tərəfindən R.Rəhimova 2000 AZN ödənilir.

Bundan bir neçə gün sonra Xanım İbrahimova dələduzluq maddəsiylə həbs edilir. O, həbsxanaya düşdükdən iki-üç ay sonra isə türmədə dünyasını dəyişir. Nəticədə, qalan 4000 AZN zərərçəkənə ödənilmir…

İllərlə kirayələrdə qalan Rüstəm Rəhimov 2019-cu ilin dekabrında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qəbuluna düşmək üçün müraciət edir. Bir neçə gün sonra İcra Hakimiyyətinin yetkili şəxsi ona zəng vuraraq bildirir ki, Z.Fərəcov onu qəbul edəcək. Nəhayət, deyilən tarixdə o, başçının qəbuluna düşür. Bu zaman qəbul gələn şəxslərin Sumqayıtın yerli televiziya kanalı olan “Dünya TV” tərəfindən çəkildiyini görür. Qəbul növbəsi ona çatanda Rüstəm Rəhimov başına gələn əhvalatı icra başçısına danışır. Onu çox böyük səbrlə dinləyən Z.Fərəcov, İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanı yanına çağıraraq, Rüstəm Rəhimovun dərhal mənzillə təmin olunması haqda göstəriş verir. S.Əsədova bildirir ki, hazırda icra hakimiyyətinin balansına bir neçə mənzil var, onlar da qismən qəzalı vəziyyətdədir. Bundan sonra başçı R.Rüstəmovun ailəsini müvəqqəti olaraq həmin mənzillərdən birinə yerləşdirməyi, boş mənzil olduğu halda isə dərhal ora köçürməyi tapşırır. Üstəlik, Z.Fərəcov “bu ailə daha nə qədər kirayə mənzillərdə yaşamalıdır?!”, - deyə kameraya “poz” da verir.

Ancaq təəssüflə qeyd etməliyik ki, Zakir Fərəcovun məlum göstərişinin üstündən 2 ilə yaxın vaxt ötsə də, Rüstəm Rəhimovun ailəsi nəinki qəzalı mənzilə, heç daxmaya da yerlışdirilməyib. O, mənzil üçün hər ay, bəzən iki aydan bir Sədaqət Əsədovaya zəng vurub, icra başçısının göstərişinə nə vaxt əməl olunacağını soruşanda, hər dəfə bir bəhanə ilə onu “yola veriblər”. Çox vaxt isə S.Əsədova onun telefonun cavab vermir.

Xatırladaq ki, ötən il yayımladığımız materialda Sumqayıt şəhər İcra Hakimiyyətinin münasibətini dərc etmişdik. Belə ki, İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova “Hürriyyət”ə açıqlamasında bununla bağlı icra başçısının göstərişinin olduğunu, lakin hazırda fondda boş mənzil olmadığına görə, Rüstəm Rəhimovu evlə təmin edə bilməyəcəklərini bildirmişdi.

Bir ildən sonra yenidən eyni məsələylə bağlı Sədaqət Əsədova ilə əlaqə saxladıq. Bu dəfə də İcra Hakimiyyətinin məsul şəxsinin cavabı dəyişilməz olaraq qaldı:

"Bu şəxs bütün məhkəmə proseslərini keçib. Məhkəmə bu vətəndaşın əleyhinə qərar çıxarıb. Yəni mənzilin onlara qaytarılmaması barədə qərar verilib. Rəhbərlik Rüstəm Rəhimovu qəbul edərkən deyib ki, balansda mənzil olacağı təqdirdə evlə təmin edilsin. Bu günə kimi mənzil fondunda ev olmadığına görə məsələ açıq şəkildə qalıb. Məcburi köçkünlər getməsə və boş yaşayış sahəsi olmasa bu şəxsin evlə təmin edilməsi alınmır. Özünüz də bilirsiniz ki, mənzil məsələsi nəinki Sumqayıt şəhərində, bütün dünyada problemli məsələdir".

YƏHYA

P.S. Əlbəttə, mənzil məsələsinin Azərbaycanda “problemli məsələ” olduğunu bilirik. Üstəlik, bu problemlə qarşılaşan vətəndaşların da kateqoriyaya ayrıldığından xəbərdarıq. Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyətində tanışı olan, yaxud az-çox maddi imkanı və rüşvət vermək bacarığı olan şəxslərin qısa zamanda mənzillə təmin olunduğu kimsəyə sirr deyil.

Amma bizim üçün düşündürücü odur ki, dövlət məmurunun televiziya kamerası qarşısında bir söz deyib, arxada tamamilə fərqli əməl nümayiş etdirməsi yalnız bizə məxsusdur, yoxsa S.Əsədova demiş, dünyada buna bənzər örnəklər çoxdur?!

Digər tərəfdən, o da maraqlıdır ki, konkret olaraq Zakir Fərəcov kamera qarşısında özünü “insanpərvər”, “qayğıkeş”, “əhalinin dərdi-səri ilə maraqlanan” bir başçı kimi göstərib və buna da hər kəsi inandırmağı bacarıb, qəbuldan sonra isə öz işçilərinə “mənim dediklərimin hamısını küləyə verin” göstərişi də veribmi? Hər halda, onun tapşırığına indiyədək əməl olunmursa, demək, başqa cür düşünməyə də dəyməz. Amma, insaf naminə, həmin çəkilişdən sonra Z.Fərəcovun çox böyük aktyorluq qabiliyyətinə malik olduğu da üzə çıxır. Adam dərhal düşünür ki, heyif belə istedaddan, vaxtında məmur, icra başçısı deyil, “artist” olmağı seçsəydi, indi səsi “Hollivud”dan olmasa da, ən azı “Bollivud”dan gələrdi…

   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR