Zahid Oruc: "Quru sərhədlərlə bağlı subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc quru sərhədlərin bağlı qalması ilə bağlı dediyi “Sərhədlərin açılması Rusiya-Ukrayna müharibəsindən 100 minlərlə qeyri-azərbaycanlı qaçqınların ölkəmizə axını ilə nəticələnəcək” sözlərinə görə tənqid edilməsinə münasibət bildirib.
Hurriyyet.az xəbər verir ki, komitə sədri pravda.az-a açıqlamasında hökumətin quru sərhədlərin bağlanmasının ölkədən valyuta çıxışını, sərhədyanı ticarəti məhdudlaşdırdığını deyənlərə belə cavab verib: “İstənilən hökumət sərhədlərin açıq olmasında, geniş iqtisadi əlaqələr, ticari dövriyyənin yüksək səviyyəyə çatması, insanların fərdi həyatının geniş coğrafiyada davamlılığı və s. kimi onlarla parametrlərin gerçəkləşməsində maraqlıdır. Bu, siyasətin və ya idarəçiliyin əlifbasıdır, nəzəri yanaşma da deyil. Ötən on illər ərzində - pandemiyayaqədərki mərhələdə Azərbaycanın istər hava, istərsə də dəniz məkanından bütün qitələrə yolları açıq olub. Ölkəmiz bu siyasəti dövlət kursu kimi gerçəkləşdirib. Lakin indiki halda qeyd etdiyimiz məsələlərin kontekstini düzgün dəyərləndirmək lazımdır. Dünyanın hər yerində büdcə müzakirələri növbəti ildə forsmajor situasiyaları, böhran xarakter daşıya biləcək məqamları göz önünə almağı, adekvat kontur tədbir görməyi özündə ehtiva edir. Hazırkı büdcə sənədimizdə neft birjalarında qiymətlərin dəyişməsinə adekvat üç ssenari nəzərdən keçirilib. Qiymətlər 50 dollara düşərsə, bu halda gəlirlərimiz azalacaq, hökumət hansı tədbirləri həyata keçirəcək? Səksəndən yuxarı rəqəmlər öz əksini tapır. Mən də parlamentin plenar iclasında söylədim ki, iki savaşda - İsrailin Qəzza, Livan, müəyyən fasilələrlə İranla qarşılıqlı zərbələri fonunda yeni paradiqma başlanıb. Bu da savaşın coğrafiyasının genişlənməsi və strateji çökdürmə, konvensional silahlar mərhələsinə daxil olmasıdır. Sadə dilə çevirsək, bu, sanki nüvə müharibəsindən bir an öncəki davranışlar deməkdir. Yəni ATACMS silahları 300 kilometr hədəfi vurur və faktiki bu, həmin Qərb dövlətlərinin əməliyyatı özlərinin ifşa etməsi mənasına gəlir. Cavab zərbəsi “Oreşnik”lə verilmişdi. O deməkdir ki, savaşın coğrafiyası konfliktin əhatə dairəsi böyüdükcə öz-özlüyündə istənilən ölkənin ticarət əlaqələrinə, xarici, iqtisadi münasibətlərinə də müəyyən təhdidlər yaradır. Xatırlayırsınızsa, ilk dövrlərdə taxılı həm Ukraynadan, həm də Rusiyadan alırdıq. Sonradan məlum situasiyalar yarananda nə qədər ajiotaj meydana çıxdı. Anlayıram, klassik müharibə modelləri dəyişir. Lakin qapalı ölkələri qorumaq bütün əlaqələri durdurmaq deyil. 44 günlük müharibə şəraitində belə ölkəmizin iqtisadi əlaqələri daha da gücləndi. Bu, Ali Baş Komandanımızın ən böyük uğurlarından biri idi. Həmin kontekstdə bizi əhatə edən, geopolitikanın əlifbasına istinad edərək deyirəm ki, 500 kilometr əhatəndə savaş gedirsə, sən bütün təhlükələri hesablamalısan. Bir sıra sosial xərcləri, öhdəliklərimizi, enerji infrastrukturunun müntəzəm çalışması, ordunun təminatı, Böyük Qayıdış, investisiya xərclərini çıxmaq şərti ilə digər ikinci dərəcəli xərcləri təxirə salmaq mövqeyini dilə gətirdim. Birinci və ikinci fundamental məqamın arqument bazisi bundan ibarət idi. İki il ərzində Rusiya, Ukrayna və digər ərazilərdən qaçqın və köçkünlərin olmasına baxmayaraq, artıq söylədik ki, yeni mərhələ özündə yüz minlərlə əlavə qaçqın və köçkün kütləsi yaradacaq. Bu səbəbdən dedim ki, əhalimizlə açıq danışmalıyıq. Belə halda humanitar, sosial, mədəni baxışları fərqli olan millətlər regionumuza daxil ola bilər. İranla bağlı canını, mülkünü, sərvətlərini qorumaq istəyən insanlardan da bəhs etdim. Düşünürəm, bu şəraitdə ən düzgün mövqe həm də neft hasilatındakı azalmanın qarşısının alınması tədbirlərinin gücləndirilməsidir. Məsələlərin ictimai fikrə çıxarmaq mövqeyi düzgün qəbul olunmalıdır. Bunu daim efir məkanında da, mediada söyləyirik. Verdiyim açıqlama qətiyyən pandemiyanın sıfırlanması, virusun dünya çapında məhv olub dövriyyədən çıxması anlamına gəlmir. Hökumət sözçülərinin karantinlə əlaqədar söylədikləri mövqelər əsla ikinci dərəcəli və əhəmiyyətsiz sayılmamalıdır. Mən quru sərhədlərlə bağlı öz subyektiv baxışlarım üzərindən çıxış etmişəm, hökumətin sözçüsü kimi danışmamışam. “Bütün yollar Romaya aparır” deyiminin deviz olaraq meydana çıxmasının səbəbi bu idi - Roma imperiya kimi bütün ərazilərə, qütblərə yollar açırdı ki, ticarət işləsin. Bu gün Azərbaycan dövləti quru sərhədləri bağlayırsa, bunu əhalinin təhlükəsizlik maraqlarına uyğun edir. Fikrimin qayəsi bu idi”.
Z.Oruc uzun zamandır, bu məsələlərlə bağlı debatlara çıxmadığı üçün tənqid edilməsinə də aydınlıq gətirib: “İnanın, hər bir mövqe sahibinə hörmətlə yanaşıram. Bütün məqamlarda debatlara, diskussiyalara, mediaya da açıq olan insanlardan biriyik...”