"YUVAMIZ, GÖZ BƏBƏYİMİZ AZƏRBAYCAN!..." - Ərdoğandan önəmli MESAJLAR + VİDEO

"Səsləndirilən hər bir bəstədə müqəddəs şəhidlərimizin qanı ilə yazılmış möhtəşəm bir zəfərin ruhu var"
Türkiyə Prezidenti Rəcəb Tatyyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü Proqramında çıxış edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirən prezident Ərdoğan, Qarabağ zəfərinin əhəmiyyətinə diqqət çəkərək, “Bu, təkcə bir zəfərin deyil, bir millətin dirilişinin də səsi idi” dedi.
Prezident Ərdoğan çıxışında Azərbaycan, Türkiyə və Pakistanın qardaşlığını əbədi olduğunu vurgulayaraq, bütün dünyata önəmli mesajlar verib.
Hurriyyet.Az Türkiyə Prezidentinin çıxışını təqdim edir:
"Əziz qardaşım, cənab Prezident İlham Əliyev, əziz dostum Pakistanın Baş naziri cənab Şahbaz Şərif, hörmətli hökumət üzvləri, dəyərli incəsənət xadimləri, hörmətli xanımlar və cənablar! Sizləri ən səmimi hisslərimlə, dərin hörmət və məhəbbətlə salamlayıram.. Buradan – Baküdən Gəncəyə, Şuşadan Naxçıvana qədər Azərbaycanımın dörd bir yanındakı qardaş-bacılarımıza sevgilərimi və ehtiramımı göndərirəm.
Əvvəlcə onu demək istərdim ki, "can Azərbaycan" deyiləndə, "iki dövlət, bir millət" deyildikdə qəlbində fırtınalar qoparan 86 milyonluq Türkiyə xalqının salamını sizlərə çatdırmaqdan böyük qürur duyuram.
Bu gün burada, “üç dövlət – bəli, tək millət” anlayışı ilə Can Azərbaycanın 28 May Müstəqillik Günü münasibətilə ortaq mədəniyyətimizi və qardaşlığımızı bir daha vurğuladığımız bu mənalı tədbirdə sizinlə birlikdə olmaqdan böyük məmnunluq hissi keçirirəm.
Müstəqilliyin necə qazanıldığını və onun nə qədər qiymətli olduğunu çox yaxşı bilən bir xalqın nümayəndəsi kimi, Azərbaycan xalqının Müstəqillik Gününü səmimi-qəlbdən təbrik edirəm. İstiqlal və istikbal uğrunda verdiyimiz şanlı mübarizəni şəhidlik zirvəsi ilə taclandıran qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm. Uca Allahdan şəhidlərimizin ruhlarını şad, məkanlarını cənnət etməsini diləyirəm.
Bu əlamətdar gündə Azərbaycanın görkəmli şairi Səməd Vurğunun möhtəşəm misralarını bir daha xatırlayırıq:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"
Bəli, obamız, yuvamız və göz bəbəyimiz olan Azərbaycanla aramızdakı qardaşlıq və məhəbbəti gələcəkdə də gücləndirərək davam etdirəcəyik. Necə ki, yaxşı gündə Azərbaycanın yanında olmuşuq, Allah göstərməsin, çətin günlərində də hər zaman qardaşlarımızın yanında olacağıq. Uca Allah Azərbaycan-Türkiyə qardaşlığını əbədi etsin deyirəm.
Əziz qardaşlarım, dəyərli qonaqlar!
1918-ci ildə Azərbaycanda qurulan Cümhuriyyət necə ki, istiqlal və azad iradənin rəmzinə çevrildisə, bu gün Qarabağda qazanılan müstəqillik zəfəri də Azərbaycanı daha güclü və firavan bir dövlət halına gətirib. O gün yandırılan istiqlal məşəli bu gün daha parlaq və daha qüvvətli şəkildə Azərbaycanın yolunu işıqlandırır.
Qarabağın azadlığı ilə birlikdə bu torpaqlarda yüksələn hər bir nota təkcə bir zəfərin deyil, bir millətin yenidən dirçəlişinin səsi oldu. Az sonra dinləyəcəyimiz bu musiqilərdə Qarabağın azad torpaqlarının nəfəsi var. Bu namələrdə Şuşanın qayasında əks-səda verən azadlığın, Laçının vadisində böyüyən ümudun, Gəncə və Bakıda yaşanan xalq iradəsinin təzahürü var. Səsləndirilən hər bir bəstədə can və müqəddəs şəhidlərimizin qanı ilə yazılmış möhtəşəm bir zəfərin ruhu var"
Bu günkü konserti, əbədi qardaşlığımızı, ortaq yaddaşımızı və firavan gələcəyimizi əks etdirən dəyərli bir tədbir kimi qiymətləndiririk. Xatırlayırsınızsa, daha öncə Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarını əziz qardaşım İlham Əliyevlə birlikdə istifadəyə vermişdik. Bu gün də Laçın Beynəlxalq Hava Limanının açılışını birlikdə etmək bizə nəsib oldu.
Enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər bütün sahələrdə Azərbaycanla güclü əməkdaşlıq əlaqələri qurmuşuq. Əziz qardaşım İlham Əliyevin misilsiz töhfələri ilə əlaqələrimizi yalnız region üçün deyil, bütün dünya üçün örnək səviyyəyə çatdırırıq. Sabitliyin simvoluna çevrilmiş Azərbaycanın uğurları ilə hamımız fəxr edirik.
30 ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq yeni bir dövr başlayıb – bu, uğur, sülh və inkişaf dövrüdür. Biz keçmişdə yaşadığımız ağrılardan dərs çıxararaq bu gün bölgədə qalıcı sülhün təmin olunmasını, etimadın və yaxşı qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Baş Komandan İlham Əliyevin sülhün də memarı kimi adını tarixə yazacağına tam inanıram.
Bu düşüncələrlə, can Azərbaycan xalqına səmimi qonaqpərvərlikləri üçün, Laçınlı qardaşlarımıza və bu mənalı günü bizimlə paylaşaraq bizi dərin məmnunluqla sevindirən Pakistan İslam Respublikasının Baş naziri, dəyərli dostum cənab Şahbaz Şərifə təşəkkürlərimi bildirirəm.
Sizləri bir daha ən səmimi duyğularımla salamlayır, 28 May – Müstəqillik Gününüzü ürəkdən təbrik edirəm. Uca Allah yolumuzu və bəxtimizi açıq etsin. Yenidən görüşmək və qucaqlaşmaq ümidi ilə, sizləri Allaha əmanət edirəm. Sağ olun, salamat qalın".
