"Yüksək inflyasiya ev təsərrüfatlarını yoxsullaşıdırır, gəlirlərini yeyir" - RÖVŞƏN AĞAYEV

2022-01-14 13:23:00

"Hökumət "büdcəmiz vergilər hesabına böyüyür" bəyanatı verəndə "inflyasiya vergisi"nin töhfəsini də qeyd eləməyi də gərək unutmasın"

"Yüksək inflyasiya ev təsərrüfatlarını yoxsullaşıdırır, gəlirlərini yeyir. Amma hökumət büdcəsi üçün qeyri-rəsmi vergi mənbəyi rolunda çıxış edir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.

2021-ci ilin 11 ayı üzrə xarici ticarət statistikasının açıqlandığını vurğulayan iqtisadçı ekspertin sözlərinə görə, hesabatdan görünür ki, il ərzində idxal qiymətləri 21,2% artıb: "Bəzi mal qrupları üzrə bu artım daha yüksəkdir. Məsələn, heyvan və bitki mənşəli yağlar üzrə qiymət indeksi 46,1%, hazır qida məhsulları üzrə isə 25%-ə yaxındır. Gömrüyün məlumatına görə isə daxilolmalar 10%-ə yaxın (350 mln. manat) artıb. Demək ki, idxal qiymətlərinin artımı öz rolunu oynayıb. Daxildə yığılan vergilərə də aid edilir. Doğrudur, hələlik illik məlumatlar açıqlanmayıb. Amma ev təsərrüfatlarının istehlakına dair 9 aylıq informasiyaların anaizi göstərir ki, 2021-ci i üzrə ev təsərrüfatlarının istehlak xərcləri inflyasiya hesabına ən azı 2 mlrd. manat artacaq".

Rövşən Ağayev bildirib ki, qeyri-neft sektorunun mövcud vergi yükünü nəzərə alsaq, bu büdcə üçün müxtəlif vergilər formasında ən azı 400-500 mln. manat əlavə vergi daxilolması deməkdir: "İnflyasiyanın böyütdüyü gömrük yığımlarını da üzərinə gələndə daha böyük məbləğdən söhbət gedir. Yəni, hökumət "büdcəmiz vergilər hesabına böyüyür" bəyanatı verəndə "inflyasiya vergisi"nin töhfəsini də qeyd eləməyi də gərək unutmasın".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az