Yoluxma sayı sağalanları üstələdi: 5-ci dalğa? - Professor

2021-10-13 17:47:00

Yoluxma sayı sağalanları üstələdi: 5-ci dalğa? - Professor

Qonşu ölkələrdə artıq koronavirusa yoluxmada rekord göstəricilər qeydə alınır. Gürcüstan, Türkiyə və Rusiyada yoluxma sayının kəskin artması ilə yanaşı, bu virusdan ölüm sayı da çoxalıb. Gürcü mütəxəssislər isə beşinci dalğanın başladığını bildirərək, bu mərhələnin daha ağır olacağı barədə həyəcan təbili çalırlar.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanda da yumşaldılmalara gedildikdən sonra yoluxma sayında hər gün artıb qeydə alınır. Artıq dünən yumşalmalardan bəri ilk dəfə olaraq yolxuma sayı (1277) bu virusdan sağalanların sayını (853) üstələdi. Eyni zamanda, virusdan ölüm statistikası da artmaqdadır.

Payız-qış mövsümü ilə əlaqədar digər xəstəliklərin də artdığı indiki məqamda COVİD-19 virusuna yoluxmada artım 5-ci dalğaya səbəb ola bilərmi?

Bununla bağlı saytımıza danışan tibb elmləri doktoru, professor Adil Qeybulla vaksinasiyanın sürətlənməsinin vacib olduğunu bildirib:

“Azərbaycanda əyani tədrisə icazə verildi, bəzi yumşaldılmalara gedildi və belə bir vəziyyətdə hazırkı artım ciddi narahatlıq yaradır. Çünki şagirdlər və tələbələr bir-birləri ilə sıx ünsiyyətdədirlər. Demək olar ki, son günlər tibbi maskalardan da düzgün istifadə edən yoxdur və bu da yoluxmanı artırır. Artıq bu xəstəliyin yeniyetmələrdə də kliniki əlamətləri üzə çıxıb. Bu baxımdan vaksinasiyanın intensivləşməsi mühüm şərtdir. Təəssüflər olsun ki, Azərbaycanda insanların əksəriyyəti saxta vaksin pasportu daşıyır və portalda qeydiyyatdan keçib. Çox üzücüdür ki, real situasiya rəsmi rəqəmlərin əleyhinə çıxış edir və hesab edirəm ki, bundan sonra 12+ uşaqlara vaksinin vurulması barədə düşünüb, məsüliyyətli addımlar atmalıyıq”.