Yoluxma azalır, maska tələbi ləğv ediləcək?

2022-04-21 13:30:00

Yoluxma azalır, maska tələbi ləğv ediləcək?

“Mayın birindən Azərbaycanda koronovirusla bağlı  tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılır”. Demək olar ki, hər gün sosial şəbəkələrdə bu tip başlıqlı məlumatlara rast gəlinir.

Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, artıq millət vəkilləri, tanınmış həkimlər də epidiomolji vəziyyətin sabitləşməsi, normallaşması ilə bağlı yaxın günlərdə “COVID-19”-la bağlı məhdudiyyətlərin aradan qaldırıla biləcəyini anons edirlər.

Pandemiyanın yayıldığı kəskin vaxtlarda Bakıdan bölgələrə gedən yollarda qurulmuş postların tamamilə sökülməsi prosesi də bu fikirləri gücləndirir.

Hurriyyet.az xəbər verir ki, koronavirusa yoluxmalara dair statistik göstəricilər də Azərbaycanda vəziyyətin sabitləşdiyini göstərir. Belə ki, martın 20-dən bəri Azərbaycanda yoluxma hallarının sayı 100-ü, son bir həftə ərzində isə 30-u belə keçməyib.

Qeyd edək ki, sonuncu dəfə martın 6-da Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi yumşaldılması barədə qərar verilib. Həmin tarixdən etibarən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti aradan qaldırılıb, toylarda nəzərdə tutulan 150 nəfərlik məhdudiyyət aradan götürülüb. Eyni zamanda yas mərasimlərinin keçirilməsinə icazə verilib. Yumşalmalar hava limanına aid edilib. Belə ki, əvvəl hava limanına öz yaxınını qarşılamağa və yola salmağa gedən şəxslər aeroport daxilinə buraxılmırdısa, müvafiq qərardan sonra həmin qadağa da aradan götürüldü.

Lakin hələ də qüvvədə olan və əhalinin səbirsizliklə aradan qaldırılmasını gözlədiyi qadağalar qalmaqdadır. Bunlardan biri qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə tələbidir. Havalar isindikcə tibbi maskadan istifadə sərnişinlərdə diskomfort hissi yaradır. Xüsusi ilə pik saatlarda avtobuslarda yaşanan basabas zamanı maskadan istifadə dözülməz işgəncəyə çevrilir. Yeri gəlmişkən bu günlərdə ABŞ-ın Florida ştatının federal dairə məhkəməsi ABŞ administrasiyasının koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ictimai nəqliyyatda maska ​​taxmaq tələbinin uzadılmasını qanunsuz hesab edib və sözügedən qərarı ləğv edib.

Quru sərhədlərinin açılması da son zamanlar ən çox müzakirə olunan məsələlərdəndir. Belə ki, aprelin 15-dən etibarən hava yolu ilə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilib. Bu qərar Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə və Rusiya vətəndaşlarına da şamil olunur. Belə bir qərarın verilməsi isə quru sərhədlərinin də yaxın günlərdə açılacağına dair ehtimalları artırır. Nəzərə alsaq ki, qarşıdan yay ayları – turizm mövsümü gəlir, bu qadağanının aradan qaldırılması ölkə iqtisadiyyatına müsbət təsir edər, o cümlədən pandemiya nəticəsində iki ildən çox müddətdə ciddi ziyan dəyən turizm sektorunda da canlanmaya səbəb olar.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya