Yollar bu vəziyyətdədir, qurumlar isə bir-birinin üzərinə atır - Fotolar

2022-11-18 10:57:00

Yollar bu vəziyyətdədir, qurumlar isə bir-birinin üzərinə atır - Fotolar

“Yolumuz çox bərbad vəziyyətdədir. Səhərlər işə getməkdə çətinlik çəkirik. Uşaqlarımız məktəbə palçıq içində gedirlər. Xüsusən yağış yağanda küçəmiz keçilməz olur”.

Bu şikayətlə “Qafqazinfo”ya Sabunçu rayonundakı “Sovxoz Ramana” deyilən ərazinin Hüseyn Cavid küçəsində yaşayan bir qrup sakin müraciət edib. Onların sözlərinə görə, təxminən 10 il əvvəl yaşadıqları küçəyə asfalt çəkilib. Bu illər ərzində asfalt aşınıb: “Əvvəllər pis də olsa, asfalt var idi. Təxminən 1 ay əvvəl “Azərsu” ASC bizim əraziyə yeni su xətti çəkdi. Qalan asfaltı dağıtdılar və su xətti çəkiləndən sonra da bərpa eləmədilər. Hazırda vəziyyətimiz elədir ki, bəlkə də, heç Azərbaycanın ən ucqar kəndində belə yol yoxdur…”

Sabunçuda, Bakıətrafı kənd və qəsəbələrdə yol problem ilə bağlı sosial şəbəkələrdə də xeyli şikayətə rast gəlinir. Sakinlər daha çox adıçəkilən rayonun Maştağa qəsəbəsinin Savalan massivində yolların keçilməz olmasından şikayətlənirlər. Onların sözlərinə görə, su ilə dolu gölməçələri keçmək üçün ancaq qayıqdan istifadə etməyə ehtiyac yaranır. 

Hüseyn Cavid küçəsindəki yol problemi ilə əlaqədar “Azərsu” ASC-yə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin ərazidə “Azərsu” ASC-nin podratçı şirkətləri tərəfindən layihə icra olunur və hələ bitməyib: “Ümumilikdə 14 kilometrə yaxın su xətti çəkilməlidir. Onun təxminən 50 faizə yaxını icra olunub və işlər davam edir. Vətəndaşların şikayət etdiyi küçələrin bir qismində biz, ümumiyyətlə, iş görməmişik, orada əvvəldən normal asfalt olmayıb. Biz ərazidə işlərimizi görəcəyik, su xətti çəkəcəyik, hidravlik sınaq keçirəcəyik, borular yuyulacaq, sonra xətt istismara veriləcək. Asfaltlanma məsələsinə də ondan sonra baxılacaq”.

Məsələ ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən küçələrin təmiri ilə bağlı aidiyyəti dövlət qurumuna müraciət olunub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, sözügedən küçələr qurumun xidmət etdiyi əraziyə aid deyil. 






 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.206571