Yetkinlik yaşına çatmayan qız 41 yaşlı kişini yoldan çıxardı: "Dedi ki..." - TƏFƏRRÜAT
Abşeron rayonunda 1983-cü il təvəllüdlü Şahlar yetkinlik yaşına çatmayan Dilbərlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub.
Hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Şahlar Dilbərlə onun yaşadığı evdə cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Şahların barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və qardaşı ilə birlikdə yaşayır, iş olanda fərdi qaydada tikintidə usta işləyir: “Fəridə ilə 2020-ci ildə tanış olmuşam. Onunla bir neçə dəfə ev götürərək birlikdə təmir etmişik. Həmin vaxtdan Fəridə ilə dostluq münasibətlərimiz yarandığından onun Saray qəsəbəsindəki evinə gedib-gəlmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ilin əvvəllərində Fəridənin evində olan zaman azyaşlı qızı Dilbərlə tanış olub: “Dilbər bir neçə dəfə məndən xoşu gəldiyini dedikdən sonra onunla münasibətlərim yarandı. 2022-ci ilin fevral ayında Dilbərlə sevgili olmağa başladım. Bu barədə Dilbərin anası Fəridəyə də sonradan məlumat verdim. Dilbərə yaşı tamam olan kimi evlənəcəyimi bildirdim.
Təxminən 11 mart 2022-ci ildə saat 22 radələrində Dilbərgilə getdim. Fəridə evdə yox idi. Biz birlikdə yemək yedik. Mən bir qədər spirtli içki də qəbul etdim. Söhbət etdikdən sonra Dilbər mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən də sərxoş olduğum üçün etiraz etmədim, onunla sevişməyə başladım. Dilbərin razılığı ilə yalnız təbii yolla cinsi əlaqədə olduq. Bir qədər sonra getdim.
Bir neçə gün keçdikdən sonra Fəridə bu barədə məlumat aldı, məsələni adi qəbul etdi. Dilbərlə həmin vaxtdan sonra bir neçə dəfə öz razılığı ilə yaşadığı evdə cinsi əlaqədə olmuşuq. Arada işimlə əlaqədar bir müddət Dilbərgilə gedə bilməmişəm”.
Şahların ifadəsinə görə, 2022-ci ilin noyabrında Dilbərgilə gedəndə onun hamilə olduğunu görüb: “Söhbət əsnasında Dilbər məndən hamilə qaldığını dedi. Mən də Dilbərə narahat olmamağını, uşağı rahat doğmasını, onunla ailə quracağımı bildirdim. Sonradan Dilbər xəstəxanaya müraciət edən zaman azyaşlı olduğu üçün xəstəxanadan polisə məlumat verildi”.
Təqsirləndirilən şəxs bildirib ki, hazırda Dilbərlə ailə kimi birlikdə yaşayır, onların 2022-ci ildə İlahə adlı övladları dünyaya gəlib: “Qızım İlahənin atası olsam da, Dilbər ona babasının adını və soyadını verib. Mən Dilbərlə onun yaşı tamam olan kimi rəsmən evlənəcəm. Etdiyim əməldən səmimi peşmançılıq hissi keçirirəm.
Dilbərlə ümumilikdə təxminən 4-5 dəfə, yəni ilk dəfə 11 mart 2022-ci ildə, ikinci dəfə 13 mart 2022-ci ildə cinsi əlaqədə olmuşuq. Sonrakıları dəqiq xatırlamıram. Cinsi əlaqədə olan zaman onu heç vaxt hədələməmişəm, heç bir təzyiq göstərməmişəm. Həmişə razılığı və istəyi ilə onunla cinsi əlaqədə olmuşam. İlk dəfə cinsi əlaqə zamanı azyaşlı olduğunuı bilmişəm.
Dilbər israrla mənimlə cinsi əlaqədə olmaq istədiyi üçün onunla öz razılığı ilə cinsi əlaqədə olmuşam. Həm də sərxoş olduğumu bildirmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Dilbərin sözlərinə görə, anası Fəridə ilə birlikdə yaşayır, heç bir yerdə işləmir:
“Anam Fəridə ev ustasıdır. Şahlar da anamın iş yoldaşıdır. İlk dəfə yaşadığım evə anamın iş yoldaşı kimi gələrkən onu tanımışam. Anamla birlikdə işlədiyi üçün arada bizə gəlirdi. Şahlardan xoşum gəldi. Bizə gələndə ona bir neçə dəfə xoşum gəldiyini dedim. Beləliklə, münasibətlərimiz yarandı”.
Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin fevralında Şahlarla sevgili olmağa başlayıblar: “Bu barədə anama heç bir söz demədim. Söhbət əsnasında Şahlar ailəsi ilə boşanacağını və mənimlə evlənəcəyini dedi. Təxminən 11 mart 2022-ci ildə saat 22 radələrində Şahlar bizə gəldi. Anam evdə deyildi. Birlikdə yemək yedik, sonra söhbət etdik. Şahlardan mənimlə cinsi əlaqədə olmağını istədim. Etiraz etmədi, mənimlə sevişdi və cinsi əlaqədə olduq.
Şahlar məni sevdiyini, ailəsi ilə boşanaraq mənimlə evlənəcəyini dediyi üçün inanaraq onunla cinsi əlaqədə olmuşam. Bir qədər sonra Şahlar getdi. Sonra anam evə gəldi. Aradan bir neçə gün keçdikdən sonra anama bu barədə danışdım. O mənə əsəbləşərək niyə belə bir iş tutduğumu dedi.
Şahlar Quba şəhərinə işləməyə getdi. Aradan təxminən 2 ay keçdikdən sonra qadın xəstəliyimi keçirmədiyim üçün şübhələndim. Test etdikdə hamilə olduğum məlum oldu”.
Zərərçəkmiş şəxsin ifadəsinə görə, müayinə olunmaq üçün Saray qəsəbəsində yerləşən xəstəxanaya gediblər: “Həmin vaxt polisə bu barədə məlumat verildi. Mən Şahların yalnız adını bilmişəm, mənə yaşının 26 olduğunu deyib. Şahların barəsində qalan məlumatları bilməmişəm. Onunla ümumilikdə 2 dəfə cinsi əlaqədə olmuşam. O məni heç vaxt hədələməyib, mənə heç bir təzyiq göstərməyib. Şahlardan başqa heç kimlə cinsi əlaqədə olmamışam. İstintaq zamanı ifadə verən zaman Şahların adını bildirmək istəməmişəm. Tutulacağından qorxduğum üçün onun adını yalandan Cavid kimi bildirmişəm. Ancaq Cavid adlı şəxsi tanımıram. Yalnız Şahlarla öz razılığım ilə cinsi əlaqədə olmuşam. Qızım ondan dünyaya gəlib”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahlar 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edib.
Sumqayıt Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakimlər heyəti sonda qərar veriblər. Şikayət təmin olunmayıb. \\Teleqraf.com