Saat:19:17
Haqqımızda

“YETİRMƏLƏRİM ARTIQ MƏNİM SƏNƏT YOLDAŞLARIMDIR” - Mənsum İbrahimov: “Bu gün onlara təkcə dərs demirəm, onları bütövlükdə ifaçı yetişdirirəm”

2022-06-07 13:23:00

“YETİRMƏLƏRİM ARTIQ MƏNİM SƏNƏT YOLDAŞLARIMDIR” - Mənsum İbrahimov: “Bu gün onlara təkcə dərs demirəm, onları bütövlükdə ifaçı yetişdirirəm”

“Mən fərq qoymuram ki, bu kimdir, o kimdir, əgər ruhuma uyğundursa, ovqatımdan asılı olaraq musiqilər dinləyirəm…”

Müsahibimiz tanınmış xanəndə, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovdur. Onunla həyat və yaradıcılığı haqda söhbətləşdik.

- Mənsum müəllim, Sizinlə, müsahibə haqda danışdığımız gündən bir neçə ay sonra görüşə bildik. Güman edirik ki, bu, işlərinizin çoxluğundan irəli gəlir…

- Sözün əsl mənasında bu aylar iş qrafikimiz həddindən artıq çox doludur. Bildiyiniz kimi, xarici ölkəyə dörd səfərimiz oldu. Burda - Şuşadakı qurultayla bağlı, Bakı şəhərindəki tədbirlər, həm də Muğam televiziya müsabiqəsinə seçimlərlə bağlı bölgələrə çıxdıq. Eyni zamanda, bilirsiniz ki, Bakıda ayın 10-da Ulu öndərimizin doğum günündə efirə çıxdıq…

İş həddindən artıq çoxdur. Bu gün özünüz də iştirak edirsiniz dərs prosesində, həm dərslərimiz, həm məşqlərimiz, həm də tədbirlərimiz olur. Şükür Allaha, zəfərimizdən sonra tədbirlərimizin də sayı çoxalıb. Demək, qismət bu günəymiş ki, “Hürriyyət”ə, sizə müsahibəni bu gün verirəm.

- Ən çox vaxtınızı tədris sahəsinə, yoxsa yaradıcılığa ayırmağa məcbursunuz?

- Mən hamısına eyni dərəcədə vaxt ayırıram, çalışıram ki, heç bir sahə axsamasın. Tədris sahəsi belədir ki, xarici səfərlər olanda… bir gün, iki gün, üç gün olub ki, sonra gəlib biz onun proqramını yenidən təkrarlayıb, yerinə yetiririk. Çalışırıq, tələbələr proqramdan geri qalmasınlar. İfaçılıq… əlbəttə ki, mən bir ifaçıyam, xanəndəyəm, ona görə də çalışıram ki, hər iş öz yolunda yürüsün, getsin.

- Milli Konservatoriyadakı fəaliyyətiniz tədris planına uyğun davam edir, bəs yaradıcılıqla bağlı nə kimi yeniliklər var?

- Əlbəttə, yaradıcılıqla bağlı yeniliklər çoxdur. Birinci növbədə onu deyim ki, zəfərimizdən sonra beş ölkəyə səfər eləmişik. Türkiyə, İsveç, Norveç, “Dubay Ekspo” və bu yaxınlarda Özbəkistana, Daşkəndə səfərimiz oldu. Böyük konsertimiz oldu. Növbəti həftə - mayın 28-i Respublika Günü ilə bağlı bir Avropa turumuz var(Qəzetimizin ötən sayı qeyri-iş gününə təsadüf etdiyindən, müsahibə bir qədər gec dərc olunur – red.). İnşallah, o haqda qayıdandan sonra danışacam mətbuata. Hardasa 6 konsertimiz var. İnşallah, onları da gerçəkləşdirərik. İşlər çoxdur. Həm də, Muğam müsabiqəsiylə bağlı bir az da gərginliyimiz artıb. Orda münsif kimi iştirak edirəm, arada bölgələrə çıxacağıq. Bölgələrdən canlı efirə çıxacağıq. Və bildiyimiz qədəri, bunun finalı - Qala konserti Şuşamızda olacaq. Bu da, əlbəttə ki, qürurverici hadisədir.

- Sizin çox sayda istedadlı tələbələriniz olduğunu bilirik. Sənətdə özünüzə rəqib gördüyünüz tələbəniz varmı?

- Vallah, rəqib demərəm, davamçılarım deyim… Ümumiyyətlə, gəncləri, ələlxüsus da istedadlı gəncləri çox sevirəm. Bizim məhsulumuz ifaçıdır, biz ifaçı yetişdiririk, ona görə də həmişə çalışıram ki, Azərbaycanın adına, muğamımıza layiq ifaçılar yetişdirək. Şükür olsun Allaha, mənim yetirmələrim artıq mənim sənət yoldaşlarımdır. Elə bir neçəsinin adını deyim -  Təyyar Bayramov, Arzu Əliyeva, Aytən Məhərrəmli, Pərvaz İbrahimli, Orxan Hüseynli, Elsevər Muradov, Sədəf Budaqova, Gülzar Fərəcova, Elgiz Əliyev, Valid Abdullayev…  saysam kiminsə adı yadımdan çıxar. Artıq onlar tanınmış şəxslərdir, Muğam müsabiqəsinin qalibləridir, bir neçəsinin fəxri adları var. Operanın aparıcı solistləridir, Ana televiziyamızın solistləridir. Təbii ki, muğamda öz davamçılarımızı yetişdiririk. Bu gün onlara təkcə dərs demirəm, onları bütövlükdə ifaçı yetişdirirəm. Yəni onların oturuşu, duruşu, insanlarla münasibəti, səhnə mədəniyyəti, yəni hər şeyi… mükəmməl ifaçı yetişdirməyə çalışıram.

- Bu yaxınlarda “Qarabağ” qrupunuz ilə “Bənövşə” adlı yeni mahnınız işıq üzü gördü. Amma nədəndirsə xanəndələr yeniliklərə o qədər də meyl etmirlər…

- Bilirsiniz, muğam sahəsində az xanəndələr var ki, mahnı janrında da oxuyublar. Bunlar Hacıbaba Hüseynovdur, Əbülfət Əliyevdir, Qulu Əsgərovdur, Xan Şuşinskidir, Əlibaba Məmmədovdur… Cabbar Qaryağdıoğlunun özünün 400-dən çox mahnısı var. Xanəndə eyni zamanda da mahnı janrında oxumalıdır. Həmişə dəsgah oxumaq olmaz ki. Biz də zamanla sənət yoldaşlarımızla müraciət edirik - həm retro mahnılara, bəstəkar mahnılarına, təsniflərə, həm də yeni mahnılara. “Bənövşə” yeni mahnıdır. Düzdür, bunun sözləri Aşıq Qurbanindir, musiqisi Fazilə Qaraxanqızınındır, arenjımanı da Mahir etdi. Elçin Haşımovun, Elnur Əhmədovun, Kamran Kərimovun müşayiəti ilə ərsəyə gətirdik, üstündə işlədik. Nəticədə yaxşı bir musiqi meydana gəldi. Vaxtımız olduqca təbii ki, belə işlər edirik. Çalışırıq ki, bunu da edək.

- Azərbaycanda və ölkəmizdən kənarda minlərlə, on minlərlə soydaşımız Mənsum İbrahimovun mahnılarını dinləməklə rahatlıq tapır, ruhunu dincəldir. Maraqlıdır, bəs Mənsum İbrahimov hansı müğənninin, xanəndənin musiqisini dinləyərkən ruhunu dincəldə bilir?

- Təbii ki, hər zaman mən korifeylərimizi dinləyirəm. Dünyasını dəyişmiş böyük sənətkarlarımıza hər dəfə qulaq asdıqca yeni nəsə kəşf edirəm. Sözün əsl mənasında bizim sənətin yaradıcıları, korifeylərimiz... eyni zamanda, mən fərq qoymuram ki, bu kimdir, o kimdir, əgər ruhuma uyğundursa, ovqatımdan asılı olaraq musiqilər dinləyirəm. Bəzən görürsən ki, insan optimist notlara köklənir, onda daha şən musiqilər dinləyirsən. Bir də görürsən ki, insan xəyala dalır, keçmişi xatırlayır, o zaman bir az nostalji mahnılar dinləyirsən. Ovqatımdan asılı olaraq... Təbii ki, gözəl musiqilərimiz o vaxt da vardı, bu gün də var, sabah da olacaq. Gənc ifaçılara qulaq asıram. Əlbəttə, başqa janrlara da qulaq asıram. Gözəl musiqinin janrı yoxdur. Ovqatından asılı olaraq, əgər sənin ruhunu oxşaya bilirsə, dinləyirsən.

Bəzən tək olanda sakitlik axtarıram. Özünüz bilirsiniz ki, biz həddindən artıq musiqinin içində oluruq. Bəzən o sakitliyin özü bizim üçün bir həzin musiqi olur.

- Həyat yoldaşınız da müəllimədir. Gərgin iş rejimindən sonra evdə, ailə içində olanda, yorğunluğu yox etmək üçün mahnılar zümzümə edirsiniz?

- Mahnı deməzdim... Arada düzdür, olur, məşq olur. O başqa söhbətdir. Amma təbii ki, o yorğun iş rejimindən sonra hüzur, sakitlik axtarıram ki, beynim bir az dincəlsin, növbəti işləri görüm… Çünki həm müsabiqədə, həm də dərsdə gəlib görürsünüz ki, bütün günü səslərin içində oluram. Həm məşq prosesi, həm də konsertlər... Amma elə bizim ailəmiz müəllim ailəsidir. Mən özüm də müəlliməm. Mənim xanımım da Əməkdar müəllimədir. Ziyalı ailəmiz var. Təbii ki, işimizdən söhbət edirik. Yeniliklərimizdən danışırıq, həm məktəbdə, həm səfərlərimizdə olan bütün gündəmdən belə.

- Bir ara oğlunuz da tar çalmağı öyrənirdi. Görkəmli sənətkar Xalq artisti tarzən Elçin Haşımovdan dərs alırdı. Amma deyəsən, sonradan musiqiçi olmaq fikrindən daşındı...

- Bilirsiniz, əslində çox sevinmişdim ki, uşaq tara meyl edir. Hətta tarı da var evdə. Arada bir az çaldı da. Ən azından odur ki, milli musiqini bilir. Yaxşını, pisdən ayırır. O, dörd yaşında Leyli və Məcnun tamaşasına gəlib, tamaşaçı kimi. O, artıq muğamımızı bilir. Muğam konsertlərimizə gəlir. Sonra idmana meyl elədi. İdmana getdi, karateyə getdi. Müəyyən yarışlarda yer də tutdu. Hal-hazırda birinci kurs tələbəsidir. Özü də Tarix fakültəsini seçib. İngilis dilində oxuyur. İnşallah, zaman göstərəcək nə olacaq.

- Son vaxtlar xarici musiqiləri milli muğamlarımızla sintez edib oxuyurlar. Buna necə baxırsınız? Nə vaxtsa, siz də muğamlarımızı xarici musiqilərlə sintez edib oxumağı düşünürsünüzmü?

- Belə deyim də, mən əslində yaxşı yeniliyin tərəfdarıyam. Amma peşəkar olsun. Özfəaliyyət səviyyəsində yox. Mən özüm də təbii ki, oxuyuram. Siyavuş müəllimin "Salam-Hola" bir layihəsi vardı, Latin Amerika musiqiçiləriylə hazırlamışdı. Latın Amerika musiqiçiləriylə orda mən də iştirak eləmişdim. Bir neçə il bundan öncə Argentinadan bir neçə musiqi qrupu gəlmişdi - "Flaminqo" qrupu, dörd nəfərdən ibarət. Biz onlarla iki kompozisya hazırladıq. Bizim Beynəlxalq Muğam Mərkəzində konsertimiz oldu. Argentinanın səfirliyi və bizim Mədəniyyət Nazirliyimizin müştərək layihəsi idi. Bizim “Qarabağ” muğam qrupumuz onlarla işlədi və maraqlı kompozisiya üzə çıxartdıq. Yəni tərəfdarıyam. Amma yenə də deyirəm, o peşəkar olmalıdır, bizim musiqimizə xələl gətirməməlidir. Muğamın düzgün yanaşma tərzləri var. Muğamın dünyaya intiqrasiya olmağı üçün bunlar da lazımdır. Məsələn, bunu zamanında Üzeyir bəy edib, Niyazı “Rast” muğamını edib. Simfoniya ilə “Rast” muğamını birləşdirib. Vaqif Mustafazadə cazla muğamı birləşdirib. Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı, Süleyman Ələsgərovun “Bayatı şiraz”ı, Vasif Adıgözəlovun “Segah” və “Qarabağ şikəstəsi”... Yəni çox yaxşı baxıram.

- Milli Ordumuzun şücaəti ilə işğal altında olan torpaqlarımız azad olundu, inşallah, tədricən dədə-baba yurdumuza qayıdacağıq. Sirr deyilsə, sizin Qarabağla, konkret olaraq doğulduğunuz Ağdam rayonu ilə bağlı nə kimi düşüncələriniz, planlarınız var?

(Ardı var)

Fuad BİLƏSUVARLI

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR