Saat:16:01
Haqqımızda

Yermakın istefası ilə bağlı yeni detallar üzə çıxdı

2025-12-08 14:17:07

Yermakın istefası ilə bağlı yeni detallar üzə çıxdı

Ukraynada Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermakın istefası ətrafında gedən proseslərin pərdəarxası məqamları bəlli olub. İddialara görə, bir sıra nüfuzlu siyasi fiqurlar onun vəzifədən uzaqlaşdırılması üçün koordinasiyalı şəkildə fəaliyyət göstərib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” nəşri mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, Ukraynanın yüksək vəzifəli siyasətçiləri və məmurları, o cümlədən Baş nazir Yuliya Sviridenko və Ali Radanın spikeri Ruslan Stefançuk Andrey Yermakın istefasına çalışıblar.

Məlumata görə, noyabrın sonunda Stefançukun kabinetində prezidentin partiyası olan “Xalqın xidmətçisi”nin nümayəndələrinin iştirakı ilə iclas keçirilib. Toplantıda Prezident Vladimir Zelenskini Yermakı işdən çıxarmağa necə razı salmaq məsələsi müzakirə olunub. Mənbə qeyd edib ki, Yermakla “əvvəlcə normal işləmək mümkün idi”, lakin sonradan əməkdaşlıq çətinləşib və o, “demək olar ki, bütün komanda ilə münasibətləri korlayıb”.

İclasdan sonra iştirakçılar Zelenski ilə əlaqə saxlayaraq arqumentlərini təqdim ediblər. Mənbənin sözlərinə görə, prezident bu mövqeni “diqqətdən kənarda qoya bilməyib”. Bundan sonra Yermak bəzi iştirakçıları messencerlərdə bloklayıb və deputatlar David Araxamiya, Danil Getmantsev və Yaroslav Jeleznyak barəsində cinayət işlərinin başlanmasına cəhd göstərib.

Nəşrin yazdığına görə, Yermakın istefasına çalışan “inqilabi komitə”nin digər üzvləri sırasında Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və birinci vitse–premyer Mixail Fyodorov da olub. Daha əvvəl onların Zelenski ilə keçirilən iclasda iştirak etdikləri və məhz həmin görüşdən sonra Yermakın vəzifədən azad edilməsi ilə bağlı qərarın verildiyi bildirilmişdi.

Axar.az