Yeni qeydiyyat qanunu: "Sərbəst gəzib dolaşmaq" dövrü bitir... - Vəkilin şərhi

2023-01-18 12:27:00

Yeni qeydiyyat qanunu:

Mövcud qanunvericilik yaşayış yeri üzrə qeydiyyat və olduğu yer üzrə qeydiyyat anlayışlarını fərqləndirir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə, daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir.

Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

Məcəllənin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə, ya xəbərdarlıq edilir və ya otuz (30) manat məbləğində cərimələnir. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə isə beş yüz (500) manatdan səkkiz yüz (800) manatadək məbləğdə cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 565-ci maddəsinə görə, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə ya xəbərdarlıq edilir və ya iyirmi (20) manat məbləğində cərimə olunur.

Vəkil Əsabəli Mustafayev mövcud qanunu Teleqraf.com-a şərh edib.

O bildirib ki, sözügedən qərar çoxdan var: “Oxşar qərarlar tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Əgər vətəndaşın qeydiyyatda olduğu ünvanla faktiki yaşadığı ünvan üst-üstə düşmürsə, bu zaman şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır. Burada əlavə maliyyə xərci və ya vaxt itkisinə də ehtiyac yoxdur.

Hər bir şəxs müəyyən dövlət qurumlarının imkanlarından istifadə etmək üçün aidiyyəti üzrə müraciət edir. Bir çox hallarda bu müraciətlərə yaşayış yeri üzrə baxılır. Bizdə yaşayış yeri deyəndə adətən qeydiyyat yeri nəzərdə tutulur. Amma hüquqda bu, belə deyil, həmin anlayışlar fərqləndirilir.

Məsələn, bir çox hallarda şəxsin yaşadığı ünvan üzrə aidiyyəti məhkəmədə iddia qaldırmaq, yaxud polisə müraciət etmək hüququ olur. Əgər şəxs faktiki yaşadığı ərazidə qeydiyyatda deyilsə və bunu sübut edə bilmirsə, bu zaman o, qanunda nəzərdə tutulmuş hüquqlarından istifadə edə bilmir.

Məsələn, şəxs seçki hüququndan istifadə etmək üçün qeydiyyatda olduğu yer üzrə səs verə bilər. Bunun üçün şəxs olduğu yeri təsdiq etmək üçün müvəqqəti qeydiyyata düşməlidir.

Bundan əlavə, əgər şəxsin yaşayış və qeydiyyatda olduğu ünvanları fərqlidirsə, tibb, bank, sığorta kimi zəruri xidmətlərdən yararlana bilmir”.

Məsələnin problemli tərəflərindən danışan vəkilin müşahidələrinə əsasən, ev sahibləri kirayə verdiyi mənzillərdə yaşayan şəxslərin həmin ünvanda müvəqqəti qeydiyyata düşmələrinə maraq göstərmirlər: “Hesab edirəm ki, bu, məlumatsızlıqdan və savadsızlıqdan irəli gəlir. Adamlar elə bilirlər ki, kimisə onun evində müvəqqəti qeydiyyata alınsa, ev sahibi ilə həmin evə şərik olur. Bu, belə deyil. Müvəqqəti qeydiyyata olan şəxsin həmin evə heç bir hüququ olmur”.

Əsabəli Mustafayev deyir ki, insanların bir yerdə qeydiyyatda olub başqa ünvanda yaşaması vəkillik fəaliyyətlərində ciddi problemlər yaradır: “Məsələn, kiməsə qarşı iddia irəli sürürsənsə, onun faktiki olduğu yer haqqında arayış təqdim etməlisən ki, məhkəmə o ünvana bildiriş göndərsin. Praktikada çox baş verir, tutaq ki, vəkil ünvanlar bürosuna sorğu göndərir. Cavabdehin harada olması barədə arayış götürüb məhkəməyə təqdim edir. Məhkəmə də həmin ünvana dəfələrlə bildiriş göndərir, şəxsi prosesə dəvət edir. Sonra məlum olur ki, cavabdeh orada yaşamır. Məhkəmənin də həmin iş üzrə fəaliyyəti müəyyən mənada iflic olur.

Yaxud qiyabi qətnamə qəbul olunur, bu da bəzən nəticəsiz qalır. Çünki məhkəmə qərar qəbul edəndən sonra cavabdeh tərəf bundan xəbər tutur və gəlib iddia edir ki, bildiriş almayıb, prosesdən xəbəri olmayıb. Ona görə də qərarı tələb edir ki, ondan şikayət versin.

Hazırda vəkillərin çoxu bunun kimi ciddi problemlərlə rastlaşır. Etiraf edək ki, qeydiyyat məsələsi polisin, eləcə də hüquq-mühafizə orqanlarının işində də müəyyən çətinliklər yaradır”.

Vəkil paytaxtda qeydiyyatlı və qeydiyyatsız yaşayan insanların sayına da toxunub: “Məlumatlara görə, Sumqayıtda 100 min, Bakıda isə 1 milyona yaxın rəsmi qeydiyyatda olan insan yaşayır. Ancaq hamı bilir ki, Sumqayıtda 500 min, Bakıda isə 2-3 milyondan artıq əhali var. Ona görə də xidmət sahələri üzrə çatışmazlıqlar yaranır. Bunu qaydaya salmaq lazımdır.

Sözügedən qanunda insanların itirəcəyi və ya onların hüquqlarının pozulmasına qarşı təhlükəli heç bir şey görmürəm. Sadəcə insanları maarifləndirmək lazımdır. Ev sahiblərinə də izah etmək lazımdır ki, kirayə verdiyi mənzilə müvəqqəti qeydiyyata düşən şəxsin icarə müddətində ona heç bir təhlükəsi yoxdur”.

Əsabəli Mustafayev hökumətə bəzi ağlabatan təkliflər də verib: “Sözügedən qanundan irəli gələn problemləri asanlaşdırmaq üçün hökumət ASAN Xidmət mərkəzlərində bu xidmətlərin göstərilməsi üçün aidiyyəti üzrə əlavə fəaliyyət növbələrini istifadəyə verməlidir.

Bilirik ki, paytaxtın hər yerində sənədləşdirilməmiş çox sayda ev var. Orada insanlar uzun illərdir yaşasalar da, rəsmi qaydada qeydiyyata düşə bilmirlər. Hökumət qeydiyyat məsələsini həll etmək üçün ilk növbədə həmin sənədsiz evləri rəsmiləşdirməlidir.

İnsanlar tanıyıram ki, neçə ildir evində yaşayır, hansısa polis bölməsinin inzibati binasında qeydiyyatda idi. Sonra polis bölməsində qeydiyyat ləğv olundu. İndi o şəxslərin şəxsiyyət vəsiqəsini dondurulub, nə etibarnamə verə bilir, nə də bank hesabı aça... Həmin şəxsin məhkəmə işini udmuşam, amma bank hesabı açıb kompensasiyasını ala bilmir. Etibarnamə də verə bilmir, çünki şəxsiyyət vəsiqəsi dondurulub. Halbuki qaldığı evi sənədləşdirsələr, bütün problem həll olar. Bu, dözülməz haldır, düzgün deyil.

Ona görə də hökumətin birinci addımı rəsmiləşdirilməmiş evləri təcili sürətdə sənədləşdirmək olmalıdır. Bu, ən azından həmin şəxslərin o evlərdə qeydiyyata düşməsinə imkan yaradar.

Digər tərəfdən, hazırda qüvvədə olan Vergi Məcəlləsinə görə, evlərini icarə verən şəxslər əmlak icarəsindən əldə edilən gəlirdən vergi ödəməlidirlər. Ancaq evini kirayə verənlər icarə müqaviləsi bağlamırlar. İcarə müqaviləsi notarial qaydada təsdiq edilir, bu zaman da vergi ödənilməlidir. Təklif edirəm ki, hökumət evin icarəsindən tutulan vergiləri 5 il müddətinə dayandırsın. Bu sahədə qayda yaradılar, insanlar da yaşadıqları və ya kirayədə qaldıqları evlərdə qeydiyyata düşə bilərlər.

Evlərin icarəyə verilməsi bir biznesdir. İnsanlar var ki, 20 mənzili var, hamısını da kirayəyə verir. Qeydiyyatsız insanların mənafeyini nəzərə alaraq hökumət ən azı 4-5 il mənzillərin icarəsindən gəlir vergisini dayandıra bilər. Təbii ki, bu zaman sahibkarlar rəsmi qaydada icarə müqaviləsi bağlamaqdan qorxmaz. Hesab edirəm ki, bu təkliflər bu işin xeyrinə ola bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153310