Saat:02:47
Haqqımızda

Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab

2024-05-14 15:35:27

Yeni Qars müqaviləsinə ehtiyac var? - Partiya sədrindən deputata cavab

"Hər hansı üçüncü tərəfin danışıqlarda vasitəçi kimi iştirakı problemin həlli deyil".

Hurriyyet.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deputat Qüdrət Həsənquliyevin yeni Qars müqaviləsinin imzalanmasının daha sərfəli olduğu barədə fikirlərini şərh edərkən deyib.

"Fikrimcə, XX əsrin əvvəllərində, 100 il bundan qabaq imzalanan Qars müqaviləsi indiki geopolitik şəraitlə üst-üstə düşmür. İndi dünyada yeni geopolitik situasiya yaranıb. Ona görə də indiki şəraitdə mövcud şərtləri nəzərə almaqla hərəkət etməliyik. Bir əsr bundan öncəki şərtlər ortalıqda yoxdur ki, yenidən Qars müqaviləsini gündəmə gətirək. Qars müqaviləsini yenidən gündəmə gətirsək, onda Rusiya ilə Türkiyə arasında həddən artıq mübahisəli məsələlər yenidən gündəmə gələ bilər", deyə partiya sədri bildirib. 

Sərdar Cəlaloğlu qeyd edib ki, Türkiyə və Rusiyanın iştirakı olmadan da İrəvanla Bakı arasında ikitərəfli danışıqlar və bu fonda müqavilələrin imzalanması daha məqbul variantdır:

"Burada hər hansı üçüncü tərəfin vasitəçi kimi iştirakına heç bir ehtiyac yoxdur. Tərəflərin öz maraqlarını bağlayacaqları müqavilədə aydın şəkildə ifadə etməsi məsələnin həlli üçün kifayət edəcək. Bu əsasda da yeni Qars müqaviləsinə ehtiyac görmürəm. Bu problemin həlli üçün çıxış yolu deyil".  

Qeyd edək ki, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yeni Qars müqaviləsinin gündəmə gəlməsini vacib sayıb. O, bunu Türkiyə və Rusiyanın  iştirakı olmadan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanmadığı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib:

"Bölgədə marağı olan böyük güclər Ermənistana təzyiq etsə, ilin sonuna qədər sülh mümkün ola bilər. Amma Ermənistandakı tərəfdarlarını itirməmək üçün indiki ərəfədə onların bunu edəcəyinə şübhə edirəm. Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. İkitərəfli sülh sazişi imzalansa belə, istənilən vaxt asanlıqla pozula blər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir".

Onu da qeyd edək ki, Qars müqaviləsi 1921-ci ildə Rusiyanın iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstanla Türkiyə arasında imzalanıb. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153320