Saat:12:20
Haqqımızda

Yeni pandemiya elan edildi - Məhdudiyyətlər qayıdır?

2022-06-25 09:50:00

Yeni pandemiya elan edildi - Məhdudiyyətlər qayıdır?

İnfeksionist: “Meymunçiçəyi pandemiyasının olmayacağına ümidlər daha çoxdur, çünki...”

Ümumdünya Səhiyyə Şəbəkəsi (ÜSŞ) meymunçiçəyi xəstəliyinin yayılmasını pandemiya elan edib. Bu barədə təşkilatın yaydığı bəyanatda qeyd olunub.

Qurum iyunun 23-də keçirilən iclasında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və effektiv tədbirlər görməyə çağırıb. Ölüm statistikası adi çiçək xəstəliyindən çox aşağı olsa belə, davam etməkdə olan yayılmanın qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insanın öləcəyi və daha çoxunun kor və əlil olacağı qeyd edilib.

Hələ ki, ölkəmizdə bu virusa yoluxma faktı qeydə alınmayıb. Bununla belə, təbii ki, Azərbaycan da sığortalanmayıb.

İnfeksionist Nicat Əzimli “Yeni Müsavat”a bildirdi ki, istənilən virusun mutasiya keçirib pandemiya törətmək ehtimalı var: “Bəzi səbəblərdən meymunçiçəyi haqqında bunun olmayacağına ümidlər daha çoxdur. İlk öncə bu virus koronavirusdan fərqli olaraq RNT deyil, DNT tərkibli virusdur. Bu cür genoma sahib olan viruslar daha az sıxlıqla mutasiya keçirə bilir. Bu da yeni variantların tez-tez ortaya çıxmamasına və virusa qarşı mübarizə tədbirlərinin asanlaşmasına gətirib çıxarır.

Nicat Əzimli - Teleqraf.com

Nicat Əzimli

Yadınızdadırsa koronavirusun qarşısını almaqda əsas çətinlik elə tez-tez ortaya çıxan, yeni variantlar idi. Bundan əlavə olaraq, meymunçiçəyinin yoluxma mexanizmi əsasən təmasdır. Az hallarda isə hava-damcı yolu ilə ötürülə bilir. Bu da yoluxmanın sürətini azaldan, mübarizə tədbirlərini də asanlaşdıran önəmli faktordur. Pandemiya ehtimalını azaldan digər məsələ xəstəliyin gizli dövrdə (inkubasiya dövrü) yoluxucu olmamasıdır. Koronavirus gizli dövrdə də yoluxurdu. Meymunçiçəyi isə yalnız simptomların ortaya çıxmasından sonra yoluxucu olur. Həmçinin simptomlar çox spesifik olduğu üçün, insan həkim olmasa belə özünün meymunçiçəyinə yoluxduğunu anlaya bilir. Beləliklə, bir şəxs xəstələndikdə xəstəliyindən xəbərdar olur və özünü təcrid edərək digərlərini qorumaq imkanına malik olur".

N.Əzimli həmçinin qeyd etdi ki, ÜSŞ tərəfindən qlobal miqyasda təcili tədbirlərin görülməsinə ehtiyac olduğu ilə bağlı səsləndirilən fikirlər isə bununla bağlıdır ki, hər nə qədər koronavirusdan zəif sürətlə yayılsa belə, artıq dünyanın 60-dan çox ölkəsində meymunçiçəyi aşkarlanması heç də normal bir vəziyyət deyil: “Buna görə də virusun araşdırılması və vaxtında tədbirlər görülməsində ziyanımıza heç nə yoxdur”.

Afaq Əliyeva: Ölkədə koronavirusun genetik variantlarının aşkar edilməsi  üçün nəzarət gücləndirilib - AZƏRTAC

Afaq Əliyeva

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bildirib ki, bir çox Avropa ölkələrində meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb: “Meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus xəstəliyidir. İnsan orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlərin, burun və ağzın selikli qişalarından daxil ola bilər. Su çiçəyi və meymunçiçəyi xəstəlikləri iki fərqli xəstəliklərdir, törədiciləri də müxtəlifdir - iki fərqli viruslardır. Su çiçəyi əsasən hava-damcı yolu ilə yayılır, meymunçiçəyi isə insandan insana yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər. Meymunçiçəyi xəstəliyinin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir. Su çiçəyi ilə müqayisədə meymunçiçəyi xəstəliyi zamanı səpgilər daha dərin və həcmli olurlar. Meymunçiçəyi ilə su çiçəyi xəstəliklərinin simptomları arasında əsas fərq meymunçiçəyi zamanı limfa düyünlərinin böyüməsidir (limfoadenopatiya)”.

Qeyd edək ki, artıq 58 ölkədə 3417 meymunçiçəyinə yoluxma halı təsdiqlənib.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR