Saat:13:27
Haqqımızda

Yeni mükafat: qalibə 50 min manat veriləcək

2025-12-04 12:25:00

Yeni mükafat: qalibə 50 min manat veriləcək

Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan olunacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin rəhbərliyinin gənc yazarlarla görüşündə nazir müavini Fərid Cəfərov bildirib.

Mükafatla bağlı bəzi detallar da məlum olub. Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq ediləcək.

Mükafat laureatı bir nəfər müəyyənləşəcək. Qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə ediləcək və satışı təmin ediləcək. Satışdan gələn gəlir bütövlükdə müəllifə ödəniləcək.

Mükafata iki kateqoriya üzrə əsər qəbulu mümkün olacaq: nəsr (roman və hekayələr toplusu) və poeziya (şeirlər və mənzum hekayələr).

Müsabiqəyə hər nəşriyyat 2 əsər, hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər təqdim edə bilər.

Əsərlərin qiymətləndirilməsi bir neçə mərhələ üzrə aparılacaq. Birinci mərhələdə sentyabr ayında Ekspertlər Şurası tərəfindən 10 əsərdən ibarət uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə xüsusi komissiya 5 əsərdən ibarət qısa siyahını müəyyənləşdirəcək. Elə həmin ay isə Azərbaycan Kitab Mükafatının laureatı elan olunacaq.

Qısa siyahıya düşən digər 4 nəfərin hər birinə 2000 manat ödəniləcək.

Mükafatın final mərhələsi şou formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və nəticə ekranda görünəcək. Dünya şöhrətli yazarlar mərasimdə iştirak edəcək.

Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat kateqoriyasını əvəz edəcək.

Publika.az