Yeni müharibə anonsu: “İranın hər hansı bir müdaxiləsi imkansız görünür”
.jpg)
“Martın 5-də Şuşa rayonunda ermənilərin törətdiyi təxribat yaxın zamanlarda böyükmiqyaslı savaşın olacağından xəbər vermir. Bu, diversiya idi və təxribatların qarşısının alınması ilə bağlı əməliyyat yerinə yetirildi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Oqtay Qasımov deyib.
Siyasi şərhçi son təxribatdan sonra baş verə biləcək yeni müharibədə Rusiya və İranın mövqelərindən söz açıb:
“Bu cür əməliyyatlarlar davam edəcək. Qarabağ ərazisində qalmaqda olan Ermənistan hərbçi birləşmələri son nəfərinə qədər Azərbaycan ərazisini tərk etməli və bölgədə sülhün təmin olunması üçün Rusiya sülhməramlılarının həyata keçirmədiyi bir çox addımlar atılmalıdır. Yəni birinci, silahlılar çıxarılmalı, ikinci, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qoyulmalıdır”.
“Sərhəddən Şuşaya qədər ermənilər rahat şəkildə gəlirlər, Şuşanın yanından keçmədən gizli yollarla Xankəndiyə silah-sursat və s. apara bilirlər. Çünki Rusiya sülhməramlıları 10 noyabr bəyanatını kobud şəkildə pozub. Hətta Sergey Lavrov deyib ki, Laçın yolu sırf humanitar məqsədli yüklərin daşınması və vətəndaşların sərbəst hərəkəti üçü nəzərdə tutulub. Amma gördük ki, məhz Rusiyanın göz yumması nəticəsində ermənilər həmin yoldan hərbi yüklər daşımaqdadır. Onlar revanş haqqında düşünür”, – deyə O. Qasımov əlavə edib.
Onun sözlərinə görə, Rusiyanın başı Ukraynaya qarışıb:
"Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bərabər, Qarabağ ərazisindəki bütün separatçı qruplaşmaların oradan çıxarılmasına şərait yaratmalıdır, amma Rusiya bunu etmir. Çünki Rusiyanın bölgədə münaqişənin davam etməsi və bölgəni idarə etmək niyyətləri var. Ona görə də ruslar hazırda münaqişənin həll edilməsində yox, onun davam etdirilməsində maraqlıdır".
Rusiya ilə müqayisədə İranın mövqeyinə gəlincə, siyasi şərhçi müharibə baş verərsə, İranın ona hansı əsaslarla qoşulacağını bilmək çətin olduğunu deyib:
“Azərbaycan həyata keçirəcəyi hərbi əməliyyatları özünün beynəlxalq hüquqla tanınmış ərazilərində keçirəcək. İranın hər hansı bir müdaxiləsi imkansız görünür. Hətta buna cəhd etsə belə, bu, İran üçün fəlakətlə nəticələnə bilər. Əgər İran fitnəkar siyasəti davam edərsə və açıq şəkildə Ermənistan tərəfindən müdaxilə edərsə, o zaman onun daxilində yaşayan soydaşlarımızın bu məsələyə reaksiyasının necə olacağını təxmin etmək mümkündür”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya