"Yay ayları Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir" - ŞAHİN CƏFƏRLİ

2022-05-10 12:10:00

"İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə onun varisi olan Rusiyaya qarşı bərpa edildi"

"ABŞ prezidenti "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzaladı. Bayden qanunu imzaladıqdan sonra qələmini Konqresin Nümayəndələr Palatasının milliyyətcə ukraynalı olan üzvü, respublikaçı Viktoriya Spartsa verib. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə SSRİ-yə (eləcə də Böyük Britaniya və digər müttəfiqlərə) dəstək üçün qəbul olunmuş yardım proqramı 81 il sonra bu dəfə SSRİ-nin varisi olan dövlətə qarşı bərpa edildi". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi hesab edir ki, imzalanmanın 9 mayda baş verməsi Rusiyaya və dünyaya önəmli mesajdır: "İlk "Lend-Liz"in qəbulu zamanı da ABŞ-ı demokrat prezident idarə edirdi. Məlum olduğu kimi, Bayden Ukraynaya 33 milyard dollarlıq yardım (20 milyardı hərbi məqsədlə) ayrılması üçün Konqresə müraciət etmişdi. Konqresdəki demokrat çoxluq isə bu məbləğin 40 milyard dollara yüksəldilməsini təklif edib. Nümayəndələr Palatasında məsələyə baxılacağı gözlənilir. ABŞ Ukraynanın müdafiəsinə yatırım qoymaqla bərabər, bu iş üçün öz prestijini də ortaya qoyur, belə bir şəraitdə Ukraynanın məğlubiyyəti mümkün deyil. Bu gün Boris Conson da "Ukraynanın qələbəsinə heç bugünkü qədər əmin deyildim", - dedi. Bu cür bəyanatlar təsadüfən ağızdan çıxmır, konkret məlumatlara və qərarlara əsaslanır".

Şahin Cəfərli əlavə edib ki, Böyük Britaniya hökuməti də öz növbəsində, Ukraynaya 1,3 milyard pound (1,6 milyard $) hərbi yardım ayırıb: "Lakin hansı nəticə qələbə sayılacaq: rus ordusunu 24 fevraldan əvvəlki mövqelərə qədər sıxışdırmaq, yoxsa Krım və Donbası da geri qaytarmaq? Buna artıq Ukrayna qərar verəcək. Yay ayları Ukrayna cəbhəsində çox qanlı döyüşlər gözlənilir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya