"Yaxın zamanlarda İranda etirazlar daha da güclənəcək" - KƏNAN NOVRUZOV

2023-03-09 13:08:00

"Gələcəkdə etirazların növbəti dalğasının başlanması, o cümlədən iqtisadi böhranla bağlı olaraq yeni aksiyaların keçirilməsi mümkündür, bu isə molla rejiminin devrilməsi ilə nəticələnə bilər"

"ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, İranda davam edən kütləvi zəhərlənmələr fonunda həbslərin sayı arta bilər. Bildirilib ki, İran rejimi Novruz bayramı ərəfəsində ölkənin təhlükəsizliyini artırmaq üçün son kimyəvi hücumlardan istifadə edir: "Davam edən etirazlar rejimin təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Eyni zamanda, rejim məlum etirazçıları və aksiya təşkilatçılarını həbs etmək üçün təhlükəsizlik tədbirlərini artıra bilər"". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspert qeyd edib ki, ABŞ İnstitunun qənaətinə görə, yaxın günlərdə və həftələrdə ölkənin təhlükəsizlik tədbirləri gücləndiriləcək: ""Bunun üçün zəhərlənmələrdən istifadə olunacaq. İran İslam İnqilab Keşikçilərinə (Sepah) bağlı "Təsnim" xəbər agentliyi iddia edir ki, ölkədəki zəhərlənmə iğtişaşları qızışdırmaq məqsədi daşıyır. Həmçinin zəhərlənmə kampaniyasının etiraz qruplarını sıxışdırmaq üçün bəhanə kimi istifadə olunacağı da gözlənilir". Məlum olduğu kimi, İranda tələbə qızların kütləvi zəhərlənməsi fevralın 15-dən başlayıb. Beləliklə, ötən ilin sentyabrın bəri davam edən aksiyalarda ikinci mərhələ başlayıb. Kütləvi aksiyalar ötən ilin sentyabrından bəri davam edir. Əvəllər də dediyimiz kimi, İrandakı aksiyalarda Qərbin "əlinin olması" istisna deyil. Hər halda ABŞ və müttəfiqləri mövcud rejimi dəyişməkdə maraqlıdır. Qərbin dəstəyi olmasa idi, etirazlar bu qədər uzun çəkməz, mütəşəkkil olmazdı. ABŞ Müharibə Araşdırmaları İnstitunun yaydığı məlumat həm də informasiya savaşının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Belə ki, Qərb mediası zəhərlənmələrin birbaşa hakimiyyət tərəfindən idarə olunmasına dair rəy yaratmağa çalışır. Əlbəttə, bu versiya tamamilə mümkündür. İllər boyu öz xalqına zülm verən molla rejiminin bu addımı atması heç də təəccüblü deyil".

Kənan Novruzovun sözlərinə görə, əgər iqtidar məqsədyönlü şəkildə xalqını zəhərləyirsə və bunun nəticələrini gözə alırsa, deməli, doğrudan da rejimin durumu ağırdır: "Yəqin ki, yaxın zamanlarda etiraz daha da güclənəcək. Həbslərin artacağı gözləniləndir. Bu proseslər isə rejimin dayaqlarını getdikcə zəiflədir. Gələcəkdə etirazların növbəti dalğasının başlanması, o cümlədən iqtisadi böhranla bağlı olaraq yeni aksiyaların keçirilməsi mümkündür. Bu isə molla rejiminin devrilməsi ilə nəticələnə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.286503