Saat:19:11
Haqqımızda

“Yaxın günlərdə Venesuelada hakimiyyət dəyişikliyi ola bilər” - POLİTOLOQ

2025-12-03 18:34:38

“Yaxın günlərdə Venesuelada hakimiyyət dəyişikliyi ola bilər” - POLİTOLOQ

ABŞ prezidenti Donald Tramp Amerika ordusunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində yaxın vaxtlarda Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacağını bəyan edib.

Trampın sözlərinə görə, narkotik ticarətinin təşkilatçıları 200 mində çox insanı öldürüblər: “Artıq biz quruda da bu zərbələri həyata keçirməyə başlayacağıq. Bilirsiniz, quruda çox asandır. Çünki onlar haqqında hər şeyi, getdikləri marşrutları, harada yaşadıqlarını bilirik. Biz pis adamların harada yaşadığını bilirik və biz bunu tezliklə etməyə başlayacağıq”.
Əslində, ABŞ prezidenti Donald Trampın  məqsədi məlumdur. Venesuela lideri Nikolas Maduronun hakimiyyətdən getməsi onun əsas hədəflərindən biridir. Bir neçə gün öncə, Donald Trampın Nkolas Maduro ilə telefon danışığında Venesuela liderinə ölkəni tərk etmək üçün bir həftə vaxt verdiyi açıqlanmışdı və onun Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacağını bəyan etməsi də bu tələbin yerinə yetirilməməsindən doğur.
Hətta Amerika rəsmiləri ABŞ Nikolas Maduronun Venesuela prezidenti vəzifəsindən istefa verəcəyi təqdirdə plan hazırladıqlarını belə, açıqlayırlar.
Bu barədə Pentaqonun mətbuat katibi Kinqsli Uilson brifinq zamanı bildirib ki, Departamentin fövqəladə hallar planı var: “Dünyanın hər hansı bir yerində gözlənilməz bir şey baş verərsə, cavabımız hazırdır və icra etməyə hazırıq”.
Pentaqon rəsmisi həmçinin qeyd edib ki, narkotik terrorçuların məhv edilməsi əməliyyatı yeni başlayıb.
Mövzu ilə bağlı Hurriyyet.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov bildirib ki, ABŞ-ın narkotacirlərə qarşı mübarizə adı altında Venesuela ilə bağlı siyasətinin aqressivləşəcəyi gözlənilən idi: “ Artıq Venesuelaya təzyiqlər artır. Bu, birbaşa olaraq Venesuela iqtidarına yönəlib. Düşünürəm ki, yaxın  günlərdə Venesuelada hakimiyyət dəyişikliyi ola bilər və biz Venesuela prezidenti Nikolas Maduronun istefa verməsini və yaxud ölkədə qaçmasını eşidə bilərik”. 
“Bəlkə də artıq Maduro bu barədə qərar verib, ancaq mühacirət etməyə bir yaxın ölkə axtarır ki, ora getsin və indi Maduronu ən çox düşündürən yəqin ki, təhlükəsizliyi məsələsidir. Ola bilsin ki, o, ABŞ-dan özünün təhlükəsizliyinə təminat istəyəcək və bunu alacaq, daha çox Vaşinqtonun damarına basmadan gedəcək”,-deyə ekspert əlavə edib.
CAVİD