Saat:15:21
Haqqımızda

Birinci Qarabağ savaşının iştirakçısı İlqar Musayevə qarşı diqqətsizlik...

2021-11-30 11:54:00

Birinci Qarabağ savaşının iştirakçısı İlqar Musayevə qarşı diqqətsizlik...

Bir müddət əvvəl “Hürriyyət” qəzetində 1-ci Qarabağ müharibəsi qazisi Musayev İlqar Təvəkkül oğlu ilə bağlı material dərc etmişdik.

(https://hurriyyet.az/az/post/qarabag-qazisi-30-ildir-sag-oldugunu-resmi-qurumlara-subut-ede-bilmir---mudafie-nazirliyinde-deyirler-ki-sen-sehid-olmusan-352070)

Təəssüf ki, yazının dərcindən 1 aydan çox vaxt keçməsinə baxmayaraq, aidiyyati qurumlardan heç bir reaksiya yoxdur.

Qazinin acınacaqlı vəziyyəti ilə bağlı Müdafiə Nazirliyinə sorğu yolladıq. Amma sorğumuza cavab ala bilmədik. Nazirliyin mıtbuat xidməti ilə telefon əlaqəsi qurmaq cəhdlərimiz də boşa çıxdı.

“YAŞAT” Fondu ilə də eyni situasiya yaşandı. Fondun saytına yazdıq, bizə “qaynar xətt” xidməti ilə əlaqə saxlamağı tövsiyə etdilər. "Qaynar xətt"dən isə bizə yalnız vətəndaşın birbaşa sorğusunun cavablandırıldığını bildirdilər.

Vətəndaşın acınacaqlı vəziyyətdə olduğunu, dəfələrlə fonda müraciət etdiyini, fond əməkdaşlarının həmin ailə ilə görüşdüyünü, onlara yardım edəcəklərinə söz verdiklərini, amma ailənin yenidən unudulduğunu “qaynar xətt” xidməti operatoruna söyləsək də, cavabı dəyişməz qaldı: “Sizə heç bir məlumat verə bilmərik”

“YAŞAT” Fondunun qazilərə göstərdiyi qayğı və diqqəti küçümsəmək niyyətində  deyilik. Sadəcə Vətənin bütövlüyü uğrunda sağlamlığını qurban verən, 30 ilə yaxın şəhid statusu ilə yaşayıb, dövlətdən heç bir maddi yardım almayan, diqqət və qayğı görməyən qaziyə qarşı bu cür biganəliyin səbəbini anlaya bilmirik. Bu insan 80 yaşlı, xəstə anası ilə birgə şəraitsiz daxmada yaşayır, yeməyə çörək, dözülməz ağrılarını dindirməyə dərman tapmır. Aidiyyati qurumlar isə buna heç bir reaksiya vermir. Nəyi gözləyirlər? Qazi ilə anasının acından ölməklərinimi?

Bu insanlara ümid verib getmək onları öldürməyə bərabərdir. Bəlkə “YAŞAT” Fondu siyahını doldurmaqçün bu ailə ilə görüşmüşdü? Əgər belə deyilsə, nədən sözünün üstündə durmur, nədən bu insanların yanında deyil? Vətənə əsgər bəxş edən ağbirçək ananın mərhəmətli insanlardan ərzaq istəməyinə necə göz yummaq olar? İş qabiliyyətini itirən, dövlətdən heç bir müavinət almayan 1-ci Qarabağ qazisinin ağrıdan necə qıvrıldığına necə sakit baxmaq olar?!

Runa

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR