Saat:05:57
Haqqımızda

Yaşar Nuri haqqında bilmədiklərimiz - Fotolar + Video

2022-11-28 19:11:00

Yaşar Nuri haqqında bilmədiklərimiz - Fotolar + Video

Özünəməxsus milli koloriti ilə seçilən, teatr və kinoda yaratdığı lirik, komik, psixoloji və dramatik obrazları ilə tanınıb sevilən Yaşar Nuri 1951-ci ilin 3 sentyabrında xarakter rolların mahir ifaçısı Məmmədsadıq Nuriyevin ailəsində dünyaya göz açıb. İlk dəfə on bir yaşı olanda “Toy kimindi?” tamaşasında Tapdıq rolu ilə səhnəyə çıxan unudulmaz aktyorumuz televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində, müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində, eləcə də televiziya tamaşalarında, bədii filmlərdə canlandırdığı müxtəlif xarakterli personajlar ona ümumxalq sevgisi qazandırıb.

Yaşar Nurinin bənzərsiz, çoxçalarlı yaradıcılığından saatlarla danışmaq olar. Amma "Rupor"  unudulmaz sənətkarla bağlı çoxlarının bilmədiyi məqamlara toxunmaqla onu daha yaxından tanıtmaq istəyir oxucularına.



Ustad sənətkarın “Neyçün aktyor olduz” sualına cavabı:

“Günlərin birində məktəb pəncərələrindən birinin şüşəsini sındırdım. Direktor dedi ki, Yaşar, get atanı çağır, şüşənin pulunu versin. Atam məktəbə gələndə direktor onu tanıdı və məni bağışladı. Düşündüm ki, mənim kiçik xətamı, dələduzluğumu atama görə keçdilər, gərək mən də aktyor olum ki, böyüyəndə böyük xəta və dələduzluqlarımı özümə görə keçsinlər. Özümə bələd idim axı.” 



Tələbə vaxtı artıq populyar olan gənc Yaşarın ətrafında qızlar pərvanə kimi dolanırmış. Yaşarsa qızların heç birinə fikir vermirmiş. Çünki anası ona: “Sənə qızı özüm tapacam” deyibmiş. Elə də olub. Anası ona Konservatoriyada təhsil alan Rəhimə adlı uzaq qohumla evlənməyi msləhət görüb. Anasının sözündən çıxmayan gənc Yaşar qızın izinə düşür, bir-iki gün arxasınca gedir, axırda bezib qızın yolunu kəsir və ona deyir:

- Bilirsən, nə var? Vaxt yoxdu ssenari qurmağa, bütün günü səhnədə ssenari ilə oynayıram. Evlənirik. Vəssalam.

Qızın cavabı nə olub? Hansı qız Yaşar Nuriyə “yox” deyə bilərdi ki?



Evlənən kimi Dram Teatrına işə dəvət olunan aktyorun  peşəkar səhnədə ilk rolu  nə olsa yaxşıdı?  Vampir, yəni qaniçən.



Yaşar Nuriyə ən çox məşhurluq gətirən televiziya tamaşası “Səni axtarıram” olub. Həmin tamaşada Firəngiz Mütəllimova ilə tərəf müqabili idilər və deyilənə görə, bundan sonra aralarında sevgi münasibəti yaranıb. Firəngiz Mütəllimova ilə münasibətinə Yaşar Nuri “dərdləşdiyim sevgi” adını vermişdi. Başqaları isə ayrı yerə yozurdu bu münasibəti. Aktyorun həyat yoldaşı da bu münasibətdən xəbərdar idi. Firəngiz Mütəllimova həmkarına olan sevgisini gizlətmirdi. Hətta bir dəfə Yaşar Nurinin xanımına demişdi ki, iki qızın var, ver birini mən saxlayım. Çox qəribədi, Rəhimə xanım bundan sonra belə, evliliklərində problem yaratmamışdı.

 

Dörd il qaraciyər xəstəliyindən əziyyət çəkən sənətkar Türkiyədə xəstəxanada yatanda xəstəxananın işçiləri deyirmişlər ki, bir Nazarbayev burda yatanda belə böyük izdiham yaşanmışdı, bir də Yaşar Nuri.



Ağır xəstəliyinə baxmayaraq, teatr sevgisi o qədər güclü idi ki, Türkiyədən müalicədən qayıdandan sonra üzərindəki sistem şunurlarını qoparıb birbaşa aeroportdan teatra getmişdi...




Xəstəliyi dövründə bir neçə dəfə dünyasını dəyişdiyi bildirilən sevimli aktyorumuzun sonuncu ölüm xəbəri təəssüf ki, düz çıxdı. 2012-ci ilin noyabrında... Dəfnində elə böyük bir izdiham vardı ki, insanlar onunla rahat vidalaşsınlar deyə, qızı kənarda dayanıbmış.
Unudulmaz sənətkara Tanrıdan rəhmət diləyirik. Ruhu şad olsun!



 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR