Yasamal məhkəməsinin 13 aydan sonra “ərizəyə baxış”ı

2022-05-04 17:43:00

Yasamal məhkəməsinin 13 aydan sonra “ərizəyə baxış”ı

Birinci instansiyada  3 hakimin mülki işə kollegial tərkibdə “baxması” yolverilməzdir

Konstitusiyanın 60-cı maddəsi hamının  inzibati və məhkəmə təminatı hüququnu doğrulayır. Di gəl, bu hüququn gerçəkləşməsinə elə qanuni – qanunsuz  qadağalar qoyulur ki, bilmirsən Konstitusiya üstündür, yoxsa qadağa qanunları? ! Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 67 -ci maddəsi gerçək anlamda məhkəmə təminatı hüququna qadağadan özgə bir şey deyil.

Sözügedən maddə kassasiya şikayətinin yazılmasını və ali instansiyada təmsil olunmanı Vəkillər Kollegiyasının (VK) üzvü olan vəkilsiz qadağan edir. Bu qadağanın peşəkar hüquqi yardım göstərilməsi ilə izah edilməsinin özü şübhəlidir. Nədən VK-nın üzvü olmalarına qadağa qoyulan peşəkar hüquqçular yetərincədir və hətta  beynəlxalq məhkəmələrdə layiqincə vəkillik missiyalarını həyata keçirirlər. Yəni peşəkarlıq orderlə müəyyən olunmur və vətəndaşın mülki işdə kassasiya instansiyasında vəkillə məcburi təmin olunması qadağası yolverilməzdir. Hətta aztəminatlı şəxslərin hüquqi yardımla pulsuz, dövlət hesabına təmin olunması haqqında Konstitusiya maddəsi də yardıma çatmır . Məhkəmələr çeşidli yollarla aztəminatlı şəxslərin məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoymaqda peşəkarlaşıblar.

Qarabağ qazilərinin, döyüşçü dostlarımın, ən azı, ali instansiyada “vəkil orderi ilə vaxtında “təmin edilməsi” amacı ilə hüquq diplomu əldə etmək qərarına gəldim və ilk təhsilimi aldığım Bakı Dövlət Universitetinə əlavə hüquq təhsili almağım üçün ərizə verdim. İldən – ilə ötürə - ötürə sonda ödənişsiz təhsil hüququna malik olan şəxsdən ödəniş adı ilə təhsil hüququna qadağa qoyulduğundan məhkəməyə müraciət etmək zorunda qaldım. Ötən ilin aprelin 21-də Yasamal məhkəməsində 3-cü şəxs Təhsil Nazirliyi olmaqla cavabdeh  Bakı Dövlət Universitetinə qarşı iddia qaldırdım. 8 aydan sonra 2021-ci ilin dekabrın 6-da hakim Vahid Hacıyevin 08.05.2021 tarixli iddianın geri qaytarılması haqqında qərardadını elektron poçt araçılığı ilə alan kimi apellyasiya şikayəti verdim. 4 ay apellyasiya şikayətinin “taleyinə” aydınlıq gətirilməsini ali dövlət hakimiyyəti orqanlarından, Ombudsmandan, Ədliyyə Nazirliyindən,  Məhkəmə-Hüquq Şurasından diləsəm də, qanunauyğun cavab ala bilmədim. Bir ay əvvəl Yasamal məhkəməsindən Ayaz Məmmədovun 11.05.2022-ci ildə iclasa çağırması haqqında zəng və sms-bildiriş aldım. Bildirişin MPM-in 139-cu maddəsinə uyğun olmadığını görüb, “e-məhkəmə” portalından işlə tanış olmaq qərarına gəldim. Məhkəmə tərkibinin Vahid Hacıyev sədr olmaqla Tural Axundov və Ayaz Məmmədovdan ibarət olması qanunsuzluğu bir yana, “ərizəyə baxış” iclasının da MPM-də nəzərdə tutulmadığını vurğulayaq. MPM-in tələbinə görə, iddia ərizəsi icraata qəbul edildikdən 40 (qırx) gündən gec olmayaraq hazırlıq iclası təyin edilməlidir. İşə baxılmasının maksimal həddi isə 4 (dörd) aydır. Yasamal məhkəməsi isə 13 aydan sonra üç hakimin kollegial tərkibində “ərizəyə baxış” iclası təyin edib! (?). Heç demə, tərkib üzvlərindən Tural Axundov 16.02.2022-ci ildə “ərizəyə baxış” keçirib və qərardad da qəbul edib ki, işə məhkəmədə baxılmalı deyil. Bəs harada baxılmalıdır və hanı bu qərardad?

Yəqin bu yol Yasamal məhkəməsi iddiaçının iştirakı ilə məhkəmə təminatı hüququna qadağa qoymaq fikrindədir. MPM-in tələbinə görə isə, iddia ərizəsi beş gün müddətində qaytarmayıbsa və ya qəbulundan imtina edilməyibsə icraata qəbul edilmiş sayılır. 13 aydan sonra iddianın geri qaytarılması yolverilməzdir. Elə birinci instansiyada mülki işə üç hakimdən ibarət tərkibdə baxılması da yolverilməz özbaşınalıqdır.

Məğrur BƏDƏLSOY

P. S. 21.04.2021-ci ildə Nizami məhkəməsində “Kapitalbank”ın və həm də  MPM-in 53-cü maddəsinə əsasən Beynəlxalq Bankın Nizami filialına qarşı iddiama da 13 aydır baxılmır. Yasamal məhkəməsindən fərqli olaraq bu məhkəmədə Ülkər Yusifova təkhakimliyini , qərardadı ləğv edildikdən sonra da, sürdürür və hələ ki, bankların vəkili rolundadır. Elə Yasamal məhkəməsinin BDU-nun və Təhsil Nazirliyinin vəkili rolunda “oynadığı” kimi. Əcəb tamaşadır, sürəkli şoudur!

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya