YAP Sabir Rüstəmxanlının müavinini “vurdu”
Xəbər verdiyimiz kimi, bu gün VII çağırış Milli Məclisin ilk iclası keçirilir. İclasda Milli Məclisin sədri və vitse-spikerlər seçiləcək.
Hurriyyet.az xəbər verir ki, Milli Məclisdə mütləq çoxluq əldə edən Yeni Azərbaycan Partiyası sədr (Sahibə Qafarova) və sədrin birinci müavini (Əli Əhmədov) vəzifələrinə namizədlərini irəli sürüb. YAP-ın parlamentdə qazandığı mandat sayı irəli sürdüyü namizədlərin təsdiqlənməsi üçün kifayətdir.
Buna baxmayaraq, YAP parlament azlığının da MM rəhbərliyində təmsil olunmasına yaşıl işıq yandırıb. Belə ki, parlamentin vitse-spikeri postlarına Rafael Hüseynov (VHP, parlament azlığının təmsilçisi) və Fariz İsmayılzadənin (bitərəflərin təmsilçisi) namizədlikləri irəli sürülüb, YAP isə haqqı çatsa da, sədr müavini postlarına namizəd göstərməyib.
Milli Məclisdə parlament azlığının və bitərəflərin nümayəndəsinin YAP-ın dəstəyi olmadan, öz səsləri ilə vəzifə tutması mümkün deyil. Buna görə də irəli sürülən namizədlərə YAP-ın razılıq və səs verməsi mütləqdir.
VI çağırış Milli Məclisdə VHP-nin nümayəndəsi Fəzail İbrahimli parlament azlığının, Adil Əliyev isə bitərəflərin təmsilçisi olaraq vitse-prezident seçilmişdilər. Adil Əliyev Suraxanı rayon İH başçısı təyin edildiyi üçün parlament seçkilərində iştirak etmədi. Onun əvəzində bitərəflərin təmsilçisi kimi vitse-prezident postuna Fariz İsmayılzadənin namizədliyi irəli sürülüb.
VHP isə yenidən 3 mandat qazanaraq, parlamentdə YAP-dan sonra ən çox yerə sahibləndi. Buna baxmayaraq, parlament azlığı Fəzail İbrahimlinin deyil, VHP-nin digər nümayəndəsi – Rafael Hüseynovun namizədliyini irəli sürüb. Bu isə YAP-ın Rafael Hüseynovun namizədliyini dəstəkləməyə razılaşdığı anlamına gəlir. Başqa sözlə, YAP VI çağırış MM-də parlament azlığını təmsil edən vitse-spiker Fəzail İbrahimlinin yenidən bu vəzifəyə seçilməsinə razılıq verməyib.
Qeyd edək ki, Fəzail İbrahimli VHP sədri Sabir Rüstəmxanlının müavinidir. VHP-ni MM-də hazırda Tənzilə Rüstəmxanlı, Rafael Hüseynov və Fəzail İbrahimli təmsil edir. Sabir Rüstəmxanlı 1 sentyabr 2024-cü ildə keçirilən parlament seçkilərinə qatılmayıb./Axar.az/