Yanvarın 20-də 20 yaşında şəhid olan Ülvinin Andı
Bakıda 18-19 yanvar günlərində törədilən qırğın zamanı - XI Qızıl Ordu meydanı tərəfdən güllə açıldığını eşidən Ülvi Bünyadzadə səsucaldanla sovet əsgərlərinə tərəf qışqırır: “Qırmayın mənim xalqımı. Onlar əliyalındırlar, silahsızdırlar. Burada qadınlar, uşaqlar var. Çəkilin, atmayın tankınızı, topunuzu”. Maşın meydana çatmamış, səs gələn tərəfə tuşlanan tankdan atəş açılır. Ülvinin ağzına yaxın, sol çənəsindən güllə keçir, içini doğrayıb tökür və arxa tərəfdən - ürəyindən dəlib çıxır.
Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun cəsədini Semaşko adına xəstəxanadan tapdılar.
Ülvi Bünyadzadə Şəhidlər Xiyabanında dəfn olunur. O, həyatını Azərbaycan xalqının, Azərbaycan torpağının azadlığı uğrunda qurban verib.
Ülvi Yusif oğlu Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açıb. Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazır. İbtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini isə Daşkəsən şəhərində alır.
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK
(Sinif yoldaşlarıma)
Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.
Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!
1982-ci ildə yazdığı şeirlə hələ 13 yaşında ikən xalqına “çənsiz Çənlibellər” arzulayan Ülvi uşaqlıqdan, 12-13 yaşlarından, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif bədii və publisistik yazıları ilə “Daşkəsən” qəzetində çıxış edib. Eyni zamanda rayonda fəaliyyət göstərən “Qoşqar” ədəbi birliyinin üzvlüyünə qəbul edilir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı. İfa etdiyi musiqilərin adı da “vətən-vətən” deyirdi: “Göycə gülü”, “Divani”, “İrəvan çuxuru”, “Sarıtel”, “Ayaq sarıtel”, “Orta Sarıtel”, “Baş Sarıtel”, “Yanıq Kərəmi”, “Köhnə Naxçıvan”...
1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ( indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə daxil olur. Təhsilə başladığı ilk günlərdən qrup nümayəndəsi seçilmiş, dərs əlaçısı və fəal ictimaiyyətçi kimi tezliklə bütün institutda tanınır. Təhsil aldığı institutun qəzetində müxtəlif yazıları çap olunur. Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb- oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar yaradıcılıq dövrü olur.
Ülvinin ədəbi irsinə 200-dən çox şeiri, “Ömür yolu” poeması və “Qansızlar” povesti (hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələri (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisinə, dostlarına yazdığı məktubları və s. yazıları daxildir. Proqram və nizamnaməsini özü hazırladığı “Xətai” və ŞAATİ təşkilatlarını yaratması onun gələcək siyasi və ictimai xadim kimi xalqımız üçün necə böyük ümidlər vəd etdiyinin isbatıdır. Daşa çırpılan ümdilərimizin.
Ölümündən 4 ay əvvəl yazdığı “And”ı ilə vətəninə verdiyi vədi yerinə yetirməsi çox çəkmir. Amma kaş ki, Ülvi o qanlı-qırmızılı gecədə ölməyəydi, sağ qalaydı. Günahsız qanı ilə deyil, qələminin mürəkkəbi ilə xalqına xidmət edəydi. Sadəliklə bağlı iki ifadə var – dahiyanə sadəlik və uşaq sadəliyi. Adı qədər ülvi olan Ülvi də varlığı və şəxsiyyətində bütün bu anlamları birləşdirirdi – uşaq kimi saf və məsum dahi.
A N D
Mən, Bünyadzadə Ülvi Yusif oğlu, həyatımda ilk və son dəfə öz vicdanım qarşısında and içirəm; bir elin, bir millətin adını təmsil etdiyimi heç zaman unutmayacağam; Azərbaycan torpağımın qürurdan, qeyrətdən yoğrulmuş adını müqəddəs tutacaq, bu ada ləkə vurmaq istəyən bütün ünsürlərə qarşı duracağam; öz azərbaycanlı varlığıma, vicdanıma, məsləkimə, əsl- nəcabətimə, damarlarımda axan azərbaycanlı qanına layiq oğul olacaq, qorxaqlığı, alçaqlığı, yaltaqlığı özümə yaxın buraxmayacaq, nəyin bahasına olursa-olsun öz azərbaycanlı “mən”imi təsdiq edəcəyəm. Əgər vədimə xilaf çıxsam, qoy anamın südü, elimin çörəyi mənə haram olsun, Vətən üzü görməyim.
10.09.89
Hürr Tərcüman
