Saat:14:07
Haqqımızda

YALTAQLIQLA KEÇƏN İLLƏR – Professor Həbib Zərbəliyev gizlinləri açır…

2021-07-29 16:52:00

YALTAQLIQLA KEÇƏN İLLƏR – Professor Həbib Zərbəliyev gizlinləri açır…

Adını unutduğum, ağ-qara təsvirli köhnə bir rus filmi var. Filmdə ingilis nümayəndə heyəti kolxozla tanış olmaq üçün bir rus kəndinə gəlir. Kolxozçularla söhbət edərkən köhnə sırıqlı, qaba dəridən uzunboğaz çəkmə geyinmiş alçaqboylu bir rus mujiki ingilis nümayəndə heyətinin ucaboylu başçısının qarşısına gəlib altdan-yuxarı onu xeyli süzür və deyir: Do you speak English?

Xalid Niyazov adlı bir zatın mənim Ali Attestasiya Komissiyası ilə bağlı yazılarıma yazdığı cavab təxminən buna bənzəyir. Başqa bir bənzətmə də yadıma düşdü: Qarışqa filin qarşısını kəsib onu hədələyir.

***

Hörmətsiz Xalid Niyazov!

Cızma-qaranızda mənim familyamı ironiya ilə təhrif edirsiniz. Mən də sizi elə öz üslubunuzda Xəlit Nəyazırsanyazov adlandıracağam.

Mən xarici ölkələrin universitetlərində mühazirə oxuyarkən, məruzələrlə çıxış edərkən siz, yəqin ki, oxuduğunuz ali məktəbdə imtahanlardan tapşırıqla qiymət alırdınız. Bunu deməyə sizin yazınız əsas verir. “Dörd onilliyə yaxın peşəkar mətbuat təcrübəsi olan birisi kimi cəsarətlə söyləyə bilərəm ...” yazırsınız. Birincisi, “birisi” yox, “biri”. Linqvistikada bu, pleonazm (izafilik) adlanır. “Özü də indi yaxşıdı, çox rahatdı, imzanı gizlətməyə, xətti dəyişməyə, uşağa yazdırmağa ehtiyac yoxdur ...” deyirsiniz. Görünən odur ki, dörd onilliyə yaxın bu müddətdə hələ “-dı/-di/-du/-du” ilə “-dır/-dir/-dur/-dur” arasındakı fərqi öyrənə bilməmisiniz: “yaxşıdı” yox, “yaxşıdır”, “rahatdı” yox, rahatdır.

Sizin jurnalist kimi kəmsavad olduğunuzu göstərən daha bir neçə nümunə gətirib əsas mətləbə keçmək istəyirəm:

- “haqlı yaxud ədalətsiz qənaətlər tirajlanır”. “Yaxud” sözündən əvvəl “və” yoxdursa, ondan əvvəl vergül qoyulur, ay qırxillik təcrübəsi olan jurnalist.

- “... Rza bəy sayağı “dədələrinə od vurdum” əxlaqı ilə dilə-dişə salmaq..”. “Sayağı” sözü özündən əvvəlki sözə bitişik yazılır”;

- “...Axı, niyə görə hamı birləşib müdafiə ərəfəsində olan iddiaçılara “badalaq gəlir...”. “Niyə görə” yox, “nəyə görə”. Öyrənin, hələ gec deyil.

- “...heç “tolkuçka” alverçisi belə özünə yaraşdırmazdı...”. Burada “belə” sözündən sonra vergül olar, ay “təcrübəli” jurnalist.

“Təcrübə”nizi göstərən belə nümunələr sonsuz saydadır. Hesab edirəm ki, elə bunlar kifayətdir. Zülümov demişkən, “jurnalistliyinizə bir quş!” Sizin kimi üzdəniraq jurnalistlər Azərbaycan jurnalistikası və Azərbaycan dilini bərbad günə salmışlar.

Siz hələ başa düşmürsünüz ki, Prezident sənəd hazırlamır, sənədi imzalayır. Sənədə görə məsuliyyəti onu hazırlayan qurum daşıyır. Budur sizin səviyyəniz.

Hörmətsiz Xəlid Nəyazırsanyazov!

Sizin dörd onillik ərzində burada küçə jurnalistikası ilə məşğul olduğunuz həmin zamanı mən dünyanın ən zəngin kitabxanalarında keçirmişəm. 40 il kitabxanalarda oturmaq üçün insanda möhkəm “nəsnə” olması lazımdır. Düşünürsünüz ki, o “nəsnə” sizdə var, həm də lap yekəsindən. Maşallah olmasın, Əli Həsənov sizi yaxşı bəsləyib, buğa kimisiniz. İnternetdəki fotonuz belə deməyə əsas verir (düzü, əvvəlcə sizi Araik Arutunyana bənzətdim). Amma mən o “nəsnə”ni demirəm, möhkəm iradə, səbr olmasını nəzərdə tuturam.

Sizin dörd onillik ərzində yazdıqlarınızın çəkisi mənim, elmi yazılarımı demirəm, FB-də yazdığım bir yazının siqləti qədər deyildir, çünki elə “elmi” yazılarınız da yaltaqlığın tərənnümündən başqa bir şey deyildir.

Çox hörmətsiz Xəlid Nəyazırsanyazov!

Yazırsınız ki, “Zira, kişi olan kəs sübut edə bilməyəcəyi sözü qələt eliyib ağzına almaz”. Birincisi, “eliyib” yox, “eləyib, edib”. İkincisi, “qələt” ərəb sözüdür və “səhv” deməkdir. Onu bu mənada işlətmisinizsə, qələti siz edirsiniz, həm də başınızdan böyük. Başqa mənada demisinizsə, o, sizin tərbiyənizin göstəricisidir.

İndi keçək sizin mənim yazılarıma olan marağınıza.

Mənim FB səhifəmdə cəmiyyətimizin çatışmazlıqlarını əks etdirən çoxlu sayda yazılarım var. Məsələn, sizi bir jurnalist kimi ilk növbədə mənim Azərbaycan dili ilə bağlı yazılarım cəlb etməli idi. Amma siz Ali Attestasiya Komisssiyası ilə bağlı yazılarımı hədəf seçmisiniz. Niyə? Bu qurumun müdafiəsinə qalxdığınız cızma-qara aprelin 19-da çap olunub. Təxminən bir ay sonra isə, daha dəqiq desək, mayın 24-də az sonra haqqında yazacağım dissertasiyanızın müdafiəsi olacaqdı. Siz də bu qurumun rəhbərliyinə yarınmaq fürsətini qaçırmamısınız. Necə deyərlər, “malades” sizin taktikanıza!

FB səhifəmdə yaltaqlığın tiplərindən bəhs edən bir ironik yazım var. Məsləhət görürəm ki, orada öz tipinizi tapın.

Dissertasiyanızın avtoreferatına baxaq:

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsində yerinə yetirilmişdir.

Elmi məsləhətçi: Tarix üzrə elmlər doktoru, professor Əli Məhəmməd oğlu Həsənov

Rəsmi opponentlər: Siyasi elmlər doktoru, professor Elman Xudam oğlu Nəsirov

Tarix üzrə elmlər doktoru, professor Ağalar Nəriman oğlu Abbasbəyli

Siyasi elmlər doktoru, professor Vəsilə Cümşüd qızı Hacıyeva

Siyasi elmlər doktoru, dosent İradə Tofiq qızı Nuriyeva

Avtoreferatdan sitat:

“Ölkədə dövlət informasiya siyasətinin (DİS) bütövlükdə deyil, ayrı-ayrı aspektlərinin tədqiqi nisbətən son illərə təsadüf edir. Bu baxımdan R.Mehdiyevin, Ə.Həsənovun, H.Babaoğlunun, V.Rəhimzadənin, C.Xəlilovun, F.Əliyevanın və b. hər bir müstəqil dövlət üçün müstəsna əhəmiyyət kəsb edən milli təhlükəsizlik, milli maraqlar, onların qorunmasında KİV-in rolu ilə bağlı problemlərin geniş təhlil edildiyi monoqrafiya və tədqiqatları maraq doğurur”.

Əsərlərinizin siyahısından:

• Azərbaycan – qloballaşan dünyanın təsir məkanı. Ramiz Mehdiyev. Vətəndaş cəmiyyətinə yol açan ideyalar, B.: Oskar, 2006.

• Müasir tariximizə mükəmməl elmi-fəlsəfi yanaşma. Ramiz Mehdiyev. Yeni siyasət: inkişafa doğru, I cild, B.: Oskar, 2008.

• İqtisadi inkişaf liberallaşma və modernləşmənin vacib şərtidir. Ramiz Mehdiyev. Yeni siyasət: inkişafa doğru, II cild, B.: Oskar, 2008.

Əməlli-başlı Ramiz Mehdiyevşünas imişsiniz. Bravo!

Dissertasiyanızın avtoreferatında Azərbaycanın dövlətçiliyinə arxadan zərbə vurmuş, onu talamış Əli Həsənov və onun dəstəsinin mədhi qırmızı xətlə keçir. Başqa sözlə, siz onları təbliğ edir, insanları onların yolunu tutmağa təşviq edirsiniz. Ümid edək ki, yarınmaq istədiyiniz Ali Attestasiya Komissiyasının ekspertləri və rəhbərliyi dövlətçiliyə zərbə vuranları təbliğ edən bu zərərli dissertasiyaya lazımi qiyməti verəcək və sizin iç üzünü bir daha açıb göstərəcəklər.

Zülümov demişkən, “alimliyinizə də bir quş!”

Vikipediyada “Əməkdar jurnalist” olduğunuz göstərilir. Heç şübhə yoxdur ki, bu ad sizə məddahı olduğunuz, tapşırıqlarını yerinə yetirdiyiniz Əli Həsənovun hədiyyəsidir. Əslində sizə “Əməkdar artist” adı verilsəydi, daha doğru olardı, çünki yaxşı rol oynayırsınız, cilddən-cildə girə bilməkdə mahirsiniz. “Qızıl suyuna çəkilmiş qələm mükafatı”nı isə indi tərcümeyi-halını yaza bilənlərə də verirlər.

(Ardı var)

Həbib Zərbəliyev,

Professor

QEYD: PROFESSOR HƏBİB ZƏRBƏLİYEV ELMLƏR DOKTORLUĞU DİPLOMU ALMAQ ÜÇÜN AAK SƏDRİNƏ YARINAN, AĞA QARA DEYƏN XALİD NİYAZOV ADLI ŞƏXSİN ƏSL SİMASINI AÇIB GÖSTƏRİR. QALMAQALLI “ELMİ İŞ”İN İÇİNDƏ ƏLİ HƏSƏNOV, RAMİZ MEHDİYEV İZLƏRİ, FAMİL MUSTAFAYEV İZLƏRİ...

 

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR