Saat:19:56
Haqqımızda

Yağış damlalarındakı xatirələr

2021-11-30 14:00:00

Yağış damlalarındakı xatirələr

Mən yağışı çox sevirəm. İllah da ki, narın-narın yağan payız yağışını. Yağış bərəkət rəmzidir, su ehtiyatıdır. Su isə həyat mənbəyidir. Ancaq bir həqiqət də var ki, bizim şəhərdə neçə deyərlər, göydən bir damcı yağış düşdüsə hər şey bir-birinə  qarışır. Gölməçəyə dönən səkilər, küçə və prospektlər boyu üzüaşağı asfaltın üstü ilə çay kimi axan yağış suları, bu yağışdan qorxaraq normal maşın sürə bilməsə də hamı kimi maşınla işə gəlib-getmək istəyənlərin qəzadan ehtiyat edərək addım-addım maşını idarə etməsi və bunun nə şəkildə uzun tıxaclar yaratması və s. kimi problemlər çoxalsa da bunların günahkarı yağış deyil. Bütün bu kimi qüsurların və narahatlıqların səbəbkarı biz insanlarıq.

Yenə narın-narın yağış yağırdı. Şəhərin toz-torpaqlı küçələri kimi ağacların da üstünə çökmüş qalın toz dumanı yağış suları sayəsində yuyulub-təmizlənirdi. Yağışdan sonra küknar ağaclarının yaşıllığı adama daha xoş görünürdü. Yağış ağacların təbii gözəlliyini özünə qaytarmışdı. Avtobusun pəncərəsindən yağışa tamaşa edirdim. Yağış damlaları ruhuma su çiləyirdi. Mavi göylərdən daman mirvari damlalar dumanlı xatirələrimi də yuyub-təmizləyirdi. Yağışdan sonra açılan buludsuz göy üzü kimi mənim xatirələrim də pardaqlanıb aydınlanmışdı. Əlində, 6-cı sinif "Rus dili" fənn kitabı tutmuş qaraqaş çatmaqaş bir oğlan və yanındakı hündürboy, çalsaç kişi xatirələrimin içərisindən illər boyu yada düşməyən real həyat hekayəmdən birini gözlərim önündə canlandırdı. Həmin gün… İlk dəfə günahsız olaraq müəllim tərəfindən bir-iki şillə yediyim o gün… ilk dəfə zərbə aldım zamankı susqunluğum… ilk dəfə məndən otuz yaş böyük olan "Rus dili" fənn müəllimimiz Fərhad müəllimin məndən üzr istəməsi… O soyuq, yağışlı noyabr günü yaşananları mən o vaxtkı uşaq düşüncəmlə indiki qədər fərq edə bilməmişdim. Fərhad müəllimin günahsızlığıma görə vicdan əzabı çəkdiyi mənə sonralar tam mənası ilə aydın olmuşdu.

Həmin o yağışlı noyabr günündən sonra Fərhad müəllim bizə iki il də dərs keçdi, amma sonrakı iki il ərzində bircə dəfə də mənə acıqlanmadı. O gün bizim birinci dərsimiz boş keçmişdi. İkinci dərs isə "Rus dili" dərsi idi. Mən bu şəhər məktəbinə yeni gəlmişdim. Altı il kənd məktəbində oxumuşdum. Altı il hər səhər məktəbə gülərüz, sevincli gedib-qayıtmışdım. Altı il ərzində bir dəfə də olsun dərslərimdə "axsamamışdım". Ötən altı il ərzində bir dəfə belə döyülməmişdim. Atalar bütün övladların ən böyük güvənc yeri, inam yeridir. Mən də altı ili hamıdan güclü sandığım atamın işlədiyi orta məktəbdə oxumuşdum. Atamın o məktəbdə varlığı, yanımda olması məni hər gün daha da həvəsləndirir, oxu səylərimi artırırdı. Dərsdən çıxıb evə gələndə anamın gülə-gülə bizi qarşılaması, hazırladığı müxtəlif cür ləziz təamları süfrəyə düzməsi, bir ana sevgisi, ana qayğısı, eyni  zamanda ata nəvazişi, ata məsləhəti, ümumiyyətlə ailə tərbiyəsi bizi hər gün daha da ruhlandırardı. O illərdə uşaq təxəyyülümdə gələcəyimi qurar, özümü şərqşünas, diplomat kimi görərdim. O zamanlar çox nikbin idim və bunları mənə atam öyrətmişdi. Həmin yağışlı noyabr günü isə nə atam, nə də anam vardı yanımda. Güvəndiyim əzizlərim məndən yüzlərlə kilometr uzaq məsafədə düşmənlə üzbəüz mövqedə olan kəndimizdə idilər. Bilirdim ki, bu sabah kənddən gələn var və atamgil bizə nələrsə göndəriblər. Onları almaq üçün səhər tezdən bizim mikrorayonda yaşayan həmkəndlimlə görüşməli idim. Uşaq da olsam onunla özüm görüşəcəkdim. Ona görə də bir gün əvvəl sinif rəhbərimizdən səhər birinci saat dərsə gələ bilməyəcəyimə görə icazə almışdım. Göndərilən əşyaları aldım, amma onlar mənə o qədər də maraqlı deyildi. Mənə maraqlı və ən çox əziz olan əl boyda ağ kağızın üstünə düzülən cümlələr idi. Müəllim atamın səliqəli xətti və biçimli cümlələri ilə yazılmış məktub mənim üçün ən böyük, ən dəyərli hədiyyə idi.  Atamın arzuları, anamın duaları, atamın məsləhətləri anamın təlaşla dolu, həcmi kiçik, mənası böyük, mənim ürəyimi qızındıran, qəlbimdə ümid, inam qığılcımları yaradan məktub nə qədər əziz olarmış, ilahi!

O gün ən dəyərli mükafatımı almışdım deyə şövqlə məktəbə yollandım. Gecə və gündüz, xeyirlə-şər, ağ-qara bir-birinə zidd, amma  əkiz yarandıqları kimi sevinclə qəm də eynidir. Bəzən bir an içərisində insan həm sevinir, həm də kədərlənir. Gün ərzində hansı sürprizlərlə qarşılaşacağın bəlli olmur. Sevinc içində ikinci mərtəbədəki Rus dili otağına qalxdım. Bu otaq  "Müəllimlər otağı" ilə çarpaz yerləşirdi. Ona görə də adətən məktəbin ən dəcəl şagirdləri belə burda normal hərəkət etməyə çalışardılar. Lakin həmin gün bizim sinifin oğlanları fərqində olmadan dəcəlliyin pik həddinə çıxıblarmış. O gün bizim oğlanlar ağıllarına gələn heç nəyin qarşısını almayıblarmış. Hətta içlərindən biri məktəbimizdəki rus bölməsinin üzbəüz sinif otağının qapısına axşam baxdığı filmdəki aktyor kimi bir-iki təpik də vurubmuş. Ona baxan digər uşaqlar da Van Dammlıq sevdasına düşüblərmiş… Ağ boya ilə boyanmış sinif otağının qapısına qara palçıq ləkələri ilə bəzəmişdilər. Müəllimlər, şagirdlər  hamı qapının ağzına toplanmışdı. Bizi məhkumlar kimi divar boyu düzmüşdülər. Heç nədən xəbərim olmasa da müəllimin əl işarəsi ilə mən də sırada durmuşdum. Qapıya ilk təpik zərbəsi vuran balacaboy sinif yoldaşım ən axırda durmuşdu. Sıra boyunca ikinci yerdə mən durmuşdum. Ümumiyyətlə o vaxtlar sinifimizin ən hündürboylu şagirdləri Azər, mən, bir də rəhmətlik Eldəniz idi. Müəllimlər bir-bir bizi tənbehləməyə başladılar. Tənbehdən təzəcə qurtulmuşduq ki, hirsindən tir-tir əsən Fərhad müəllimin sillə -qapazı işə düşdü. Azərin sağa, Eldənizin isə sola yayınma şansları oldu. Mən isə divarın dibindəki ensiz sütunların arasında dayanmışdım deyə tərpənmək şansım yox idi. İşin tərsliyindən də ilk zərbəni dadan Azər sağa doğru əkildi. Günahım olmadan səsimi çıxarmadan bir neçə sillə yedim.

Döyülmə mərasimi bitib, Fərhad müəllimin də hirsi soyuyandan sonra sinifə daxil olduq. Biz müəllimi az qala bütləşdirən sosializmdən qalma şagirdlər idik. Müəllim mənim üçün müqəddəs insan idi. Kömür kimi qaralsam da içimdəki qəzəbi büruzə verməməyə çalışırdım.

Bu günkü dərsimiz böyük rus yazıçısı İ.S.Turgenevin "Mumu" hekayəsi idi. Müəllim müəllif və əsər barədə sual versə də cavab ala bilmədi. Döyülsəm də, müəllimin qəzəbinə tuş gəlsəm də qeyri-iradi Turgenev və onun yazdığı məşhur "Mumu"hekayəsi barədə danışmağa başladım. Müəllim və şagirdlər sakitcə məni dinləyirdilər. Onların danışdıqlarımı belə diqqətlə dinləməsi məni daha da həvəsləndirmişdi. Qışa şəkildə də olsa "Mumu"nu danışmışdım. Sinif yoldaşım Yaşar pıçıltı ilə -"sağ ol. Sən danışdın, mən öyrəndim", -dedi.

Fərhad müəllim uşaqlara çoxlu mütaliə etmənin faydalarından danışırdı. Hiss edirdim ki, bir gözü məndədir və nəsə deyəcəyi var. Baxın! -dedi. Kənddən şəhərə gəlmiş bu şagirdin mütaliəsi sizdən qat-qat güclüdür. Ucqar bir kənddə bu kimi kitabları tapıb oxuyan bu şagirdin şəraiti ilə sizinki birdirmi? Mikrorayonda məktəbimizin kitabxanasından başqa iki kitabxana da var. Bəs siz niyə oxumursunuz?  Mən demirəm ki, sinifdə hamı əlaçı olmalıdır, hamı ali təhsil almalıdır(bunun o zaman digər müəllimlərdən fərqli olaraq Fərhad müəllim açıqca deyirdi). Lakin bədii kitabı məncə hamı oxumalıdır. Oxuyun ki, iç dünyanız zəngin olsun. Oxuyun ki, səliqəli, savadlı cümlələr qurasınız. Sən isə bura gəl. Niyə bu avaralara qoşulub qapıları təpikləyirdin?

-…

-Niyə cavab vermirsən?

Mən axı müəllimə neçə deyərdim ki, orda olmamışam. O zaman sinif yoldaşlarımı satmış olardım axı. Amma açığı günahsız olaraq döyülməyim mənə çox pis təsir etmişdi. Elə bu vaxt sinif nümayəndəmiz olan Könül ayağa qalxıb - "Fərhad müəllim, o icazəli idi. Birinci dərs sinif rəhbərimizdən icazə almışdı. Yəni oğlanlar qapını təpikləyəndə orda deyildi”, - dedi.  Müəllimin üzü titrəyirdi. Bakılı idi Fərhad müəllim. Həm Bakıda, həm də Sumqayıtda dərs deyirdi. Özünəməxsus şirin Bakı ləhcəsi vardı, amma dərs müddətində qətiyyən ləhcəsi bilinməzdi. Könülün sözlərindən sonra başını ağır-ağır sinəsinə endirdi. Dərin fikrə dalmışdı. Əllərini çarpaz şəkildə qoynuna qoyaraq bir xeyli gözlərini pəncərədən bayıra zılləyib durdu. Otaqda lal bir sükunət hökm sürürdü. Çöldə əsən küləyin və yağışın bir-brinə qarışmış səsi içəridə şirin bir ahəng yaratmışdı. Mən də üzü pəncərəyə tərəf dayanmışdım. Saralmış payız yarpaqlarının üstünə düşən büllur damlalar hirsimi yuyub aparmışdı. Qızılı-qırmızılı yarpaqların üstündən üzüaşağı sürüşən şəffaf, dumduru yağış damcıları təbiətin əli ilə çəkilmiş ən gözəl rəsm əsəri idi. Bayaqdan fərqində olmadığım bu gözəllik məni məftun etmişdi. Arabir küləyin yarpaqların üstündən büküb, titrədib, sağa-sola səpələdiyi damcılar adama ləzzət verirdi. Bir anlıq o suyun üzümə çırpılmasını istəyirdim. İçəridəki səssizliyin fonunda bu mənzərənin əvəzi yox idi.

Zəng səsi sükunəti pozdu. Böyük tənəffüs idi. Cəld hamı dəhlizə axışdı. Dəftər-kitabımı götürüb çıxanda Fərhad müəllim, “bağışla, sənin günahsız olduğunu bilmədim”, -dedi. Nə deyəcəyimi bilmirdim. Şirin bakılı ləhcəsiylə danışırdı Fərhad müəllim. Ala, sən ki, Gerasim deyilsən. Dilin-ağzın var axı! Neyçün demədin ki, icazə almısan. Bax, həyat hələ qarşıdadır. Sən Gerasimin əhvalatını bilirsən. Bunlar başa düşməzlər, amma mən hiss edirəm ki, sən anlayışlısan. Güclü, lal, avam Gerasim öz həyatını birdən-birə dəyişdi. Bəzən köklü dəyişiklik üçün nəsə güclü bir səbəb olmalıdır. Mütləq bizi sarsıdan, yaxud da güclü təsir edən nəsə baş verməlidir. İnsan yaşamaq üçün daima mübarizə aparır. Çünki, həyatda sağ qalmaq, yaşamaq üçün çarpışmalı, mübarizə aparmalı və mübariz olmalısan. Həyatın yazılmamış qanunları var. Sən hələ uşaqsan, sənə aydın olması üçün sadə dillə izah edirəm. Kitabların çoxunda yazılan həyat təxəyyül məhsuludur, xüsusən də Sovet dövründə yazılanlar. Oxumağa həvəsli uşaqsan deyə səninlə bu barədə danışıram. Rus ədəbiyyatı ilə yanaşı Avropa ədəbiyyatını da oxu. Orda təsvir olunan həyat daha təbiidir. Bizimkilərin Sovet dövründə yazdıqları quru pafosla dolu rejimin standartlarına cavab verən yazılardır. Doğrudur, inkar etmək olmaz. Bizim böyük söz ustadlarımız, qələm əhli olan böyük yazıçılarımız var. Onlar damğalanmaq qorxusu olmasa idi daha mükəmməl, hətta Avropaya çıxacaq əsərlər yazardılar. Bir də çalış ki, günahsız olduğun halda günahkar kimi sınanmayasan, mühakimə olunmayasan. Bir də etiraf edim ki, yaşına görə hekayəni həm çox gözəl danışdın, həm də yaxşı təhlil etdin. Rejimin fərqi yoxdur. Təhkimçilik, sosializm, kapitalizm… Əsas odur ki, sözünü deyə, özünü doğrulda biləsən.

Fərhad müəllimin bu sözlərini o zamanlar tam olaraq başa düşə bilməmişdim. Zamanla nə demək istədiyini anladım. Amma həmin gün bayırda çox gözəl payız yağışı yağırdı. O gün Fərhad müəllim, payız yağışı, mirvari damlalar, külək mənə yenib bir vəhdət şeiri və musiqisi ilə mübarizə marşı öyrətdilər. Bayırda narın-narın yağış yağırdı. Ömür yollarıma nur ələnirdi.

 

Fərid MURADZADƏ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR