Saat:20:16
Haqqımızda

YADDAŞLARDA QALAN "LEYLİ”!

2021-11-30 13:39:00

 YADDAŞLARDA QALAN

 

Gözəl, bənzərsiz bir səs bəxş elədi ona Yaradan. O da bu səsi Leylinin naləsinə, Ərəbzənginin harayına, xalq mahnılarımızın həzin, kövrək sədalarına çevirib dinləyicilərinə bağışladı.

Səhnəyə həqiqi mənada qəhrəmanlar gərək olduğu bir vaxtda gəldi. Elə bir zamanda ki, kişilərin belə səhnəyə çıxması hünər sayılırdı. Çünki aktyorluq sənəti adət-ənənəmizə zidd sayıldığı üçün ona qarşı çıxılırdı. Düşmənləri pərəstişkarlarına çevirmək üçün ağır bir yol keçməli idi bu sənət. Sənətin belə çətin günlərində ona üz tutdu Həqiqət Rzayeva. Səhnəyə yol açan ilk qadın xanəndələrdən biri oldu. O, sənətə könülləri oxşayan, duyğuları dilləndirən, səsini, ömrünün rahatlığını, dincliyini verdi. Musiqi sənəti də borclu qalmadı. Həqiqət Rzayevaya yaddaşlarda həmişəlik yer ayırdı.

 

Səsinin cazibəsi

Həqiqət xanımın xatirələrində yaşayan dünyasına yol tapmaqda mənə gəlini, Azərbaycan Dövlət Musiqi Akademiyasının müəllimi Gülər xanım bələdçilik edir.

- Neçə illər Həqiqət xanımla bir evdə yaşamışıq. Bu illər ərzində Həqiqət xanım mənim üçün qaynana yox, doğma ana oldu. Mən onu öncə sənətkar kimi tanımışam, sonra bir ana, qaynana, nənə tək görmüşəm. Deyim ki, bunların hər biri Həqiqət xanımın simasında gözəl idi. Onun səsində elə bir səmimiyyət, həssaslıq vardı ki, bu ifanı dinləyən hər kəs düşünə bilərdi ki, bu adamla ünsiyyətdə olmaq, ona ürək açmaq, dərdini paylaşmaq mümkündür. Həqiqət də o, ifası qədər səmimi, kövrək bir insan idi. Həyat Həqiqət xanımı ömür yolunun başlanğıcından imtahana çəkmişdi. Danışırdı ki, 5 aylıq körpə ikən atası dünyasını dəyişib. Ailənin bütün ağırlığını anası çəkməli olub. Əl işləri görməklə ailəni dolandırmağa çalışan anası bir müddət sonra bir fəhləyə ərə gedib. Onlar yaşamaq üçün Bakıya köçüblər. Ancaq burada yaşaya bilməyib, yenidən Lənkərana dönüblər.

O zaman Lənkəranda qızların oxuması üçün məktəb olmadığından Həqiqət xanım 11 yaşınacan təhsilsiz qalıb. Belə bir vaxtda gənc müəllimi Məryəm Bayraməlibəyovanın təşəbbüsü ilə Lənkəranda qızlar məktəbi təşkil edilib. Hətta məktəbin binası olmadığından Məryəm xanım xeyirxahlıq göstərərək məktəbi öz evində açıb. Lakin valideynlər yeni açılan məktəbdə öz qızlarını oxutmaq istəməyiblər. Məryəm xanım məcbur olub ev-ev gəzərək ata-anaları qızlarını məktəbə vermələri üçün dilə tutub. Bu cür çətinliklə məktəbə 8-9 qız yığa bilib. Həqiqət xanımın anası Zeynəb xanım isə özü qızının əlindən tutub Məryəm xanımın yanına gətirib, ondan qızına təhsil verməsini xahiş eləyib. Beləcə Həqiqət xanım yazıb-oxumaq öyrənib. O, 1923-cü ildə Bakıya gələrək qız müəllimləri seminariyasına daxil olub. Burada oxuyanda teatr dərnəyinə üzv yazılıb. Məktəbdə "Vətən" adlı tamaşada oynadığı ilk rolu ilə diqqəti cəlb edib. Onun güclü, ürəyəyatımlı səsini eşidənlər bundan sonra uzun sürən illər boyunca bu səsin cazibəsindən qurtulmayıblar.

 

Aktyorların canlarını qız rolları oynamaqdan qurtarıb

 

Həqiqət xanımın ifası rəhbər təşkilatları da maraqlandırıb. Maarif komissarı D.Bünyadzadənin əmri ilə məktəbin müdiriyyətinə, xüsusən də oğlan rolunu gözəl oynadığına görə, Həqiqət xanıma təşəkkür edilib. Bundan sonra onun istedadı barədə məktəb dərnəyindən kənarlarda da danışılıb. Həm də oynadığı dramatik rollardan çox məlahətli səsi ilə tanıyıblar Həqiqət xanımı.

Bu onun uğurunun, şöhrətinin ilki idi. Bu uğurunun sayəsində "Damğa" teatrına dəvət alır. "Damğa" teatrı onun sənət həyatına unudulmaz səhifələr yazır. Bu teatrın səhnəsində oynadığı rolları ilə tamaşaçı alqışları qazanır. "Qız nədi, oxudu nədi", - deyə səhnəyə gəlişinə qarşı çıxanları Həqiqət xanımın təkrarsız oxusu susdurur. Bu ifanı dinləyənlər heyranlıqlarını gizlədə bilmirlər.

"Damğa" Həqiqət xanımı teatr dünyasına bağlayır. 1927-ci ildə Konservatoriyaya daxil olur. Konservatoriya onun sənət dünyasında yeni aləm açır. Burada Üzeyir Hacıbəyovu, Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Qurban Primovu yaxından tanıyır. Onlardan musiqi dərsi alır. Musiqiyə olan kortəbii istəyi qarşısıalınmaz amala, tükənməz sevgiyə çevrilir.

Müslüm bəy onu "Ərəbzəngi bacı" deyə çağırıb

Sonra Opera Teatrına dəvət olunur. 20 yaşlı Həqiqət xanımın bu teatra gəlişi aktyor Əli Zülalovu "Ərəbzəngi"ni, Hüseynağa Hacıbababəyovu "Leyli"ni oynamaqdan qurtarır. 1927-ci ilin payızında yeni quruluşda səhnəyə çıxacaq "Şah İsmayıl" tamaşasının afişasında "Ərəbzəngi rolunda Həqiqət Rzayeva" yazılması musiqisevərlər üçün əsl sevinc olur. Ona görə ki, o vaxta qədər Ərəbzəngi rolunu tamaşaçılar Məmmədtağı Bağırovun və Əli Zülalovun ifasında görmüşdülər.

Uğurla keçən bu tamaşanın həyəcanını, sevincini ömrü boyu yaddan çıxarmayıb Həqiqət xanım. Özü xatırlayırmış ki, o günkü tamaşanı hamı mühüm hadisə kimi gözləyirdi. Salon tamaşaçılarla dolu idi. Hətta hökumət lojasında da boş yer yox idi. Müslüm bəy qrim otağına gəlib narahatlıqla dedi: "Həqiqət, bacım, bütün ümidim sənədir, görək neyləyəcəksən". Onu arxayın edib yola saldım. Lakin bu zaman özüm də böyük narahatlıq duydum. Fikirləşdim ki, birdən oynaya bilmərəm, bəs onda necə olar? Ondan sonra gərək bir də səhnəyə çıxmayım.

Rejissorun "Həqiqət, səhnəyə" çağırışı onu bu düşüncələrdən alır. Qılıncını və qalxanının götürərək səhnəyə atılan Həqiqət xanım bir andaca hər şeyi unudur. Yalnız tamaşaçıların alqış səsləri onu Ərəbzəngi dünyasından ayırır. Gözləri tamaşaya dirijorluq edən Müsülüm bəyin üzünə sataşanda onun gülümsədiyini görüb cürətlənir və pərdəni uğurla başa vurur. Pərdənin sonunda tamaşaçıların alqışlarına teatr işçilərinin də alqış və təbrikləri qoşulur. Müslüm bəy Həqiqət xanıma yaxınlaşıb onun əllərini sıxaraq: "Bacım Həqiqət, sən mənim başımı ucaltdın, çox sağ ol", - deyir. Bu tamaşadan sonra o, Həqiqət xanımı həmişə öz adı ilə deyil, "Ərəbzəngi bacı", - deyə çağırıb.

Yaddaşlarda qalan "Leyli"

İlk böyük tamaşası sənət sınağı olub onun üçün. Daha sənət dünyasına elə bağlanıb ki, ondan ayrılmağı ağlına belə gətirməyib. Ömrünün 40 ilindən çoxu sənət imtahanında keçib. Həqiqət Rzayeva bütün rollarını - Leylisini, Ərəbzəngisini, Əslisini, Şahsənəmini təkrarsız ifa edib. Hər rola öz möhürünü vurub. Həqiqət xanım "Ərəbzəngi" obrazı ilə beş yüz dəfədən, "Leyli" obrazı ilə isə min dəfədən artıq tamaşaçılar qarşısına çıxıb. Ancaq "Leyli" obrazı onu daha çox sevdirib pərəstişkarlarına. Həm də ona görə yox ki, Həqiqət xanım bu obrazı sayca ən çox ifa edən aktrisa olub, onu Sarabskinin ən vəfalı "Leyli"si adlandırıblar. Həqiqət xanım bu rolun ilk ifaçısı olmasa da, onu çox sevərək, duyaraq yaradanlardan biri olub. Təəssüf doğuran odur ki, Həqiqət Rzayevanın bənzərsiz "Leyli"si lent yazılarının yaddaşında deyil, yalnız xatirələrdə qalıb.

 

"Eşit Həqiqətin incə səsini"

 

Sənət ömrünün neçə-neçə günləri səngərlərdən keçib. Müharibə illərində o, şirin, kövrək nəşələri ilə əsgərlərimiz qarşısında çıxış edib. Həqiqət xanımın səsi ilə musiqimizə vurğun kəsilən bir rus əsgəri sağalıb vətəninə qayıtdıqdan 4 il sonra ona məktub göndərib minnətdarlığını bildirərək yazırdı: "Siz Leylini elə oynayırdınız ki, dilinizi bilməyən mən hər şeyi başa düşür, duyur və sevirdim".

Xalq şairi Səməd Vurğun isə Voroşilova göndərdiyi məktubda onu Bakıya dəvət edərək yazırdı:

"Eşit Həqiqətin incə səsini,

Bülbülün Qarabağ şikəstəsini".

1943-cü ildə Həqiqət xanım da bir çox incəsənət ustaları ilə İranda qastrol səfərində olub, Tehranda, Zəncanda, Rəştdə, Ərdəbildə konsert proqramı ilə çıxış edib. Həmin il Həqiqət xanım xalq artisti adına layiq görülüb. O çağlarda bu adı almaq böyük sənət uğuru sayılırdı. Çünki o zaman fəxri adlar yalnız əsl sənətkara, sənətdə yüksək xidmətlərinə görə verilirdi.

Həqiqət xanımın sənətdə göstərdiyi xidmətlər isə onun təkcə istedadlı aktrisa, gözəl xanəndə olması ilə bitmir. O, həm də neçə-neçə el havalarımıza, xalq mahnılarımıza yeni həyat verib, onları ölümsüzləşdirib.

"Ögey ana" filmində öz obrazını yaradıb

Onun haqqında düşünəndə nədənsə yadıma həmişə "Ögey ana" filmində Həqiqət xanımın yaratdığı nənə obrazı düşür! Xanım-xatın, vüqarlı, mərd bir Azərbaycan xanımının obrazıdır bu. Gülər xanım Həqiqət xanımın kino yaradıcılığından danışanda bildirir:

- O, "İzzət" və "Ögey ana" filmlərində çəkilib. Sözün düzü, "Ögey ana" filmi mənə daha doğmadır. Çünki Həqiqət xanım bu rolda öz obrazını yaradıb. Onu bu rolda görənlər "Həqiqət xanımı həyatda görmədim", - deməsinlər. O, sənətkar idi və pərəstişkarları onun həyatına həmişə maraq göstərirdilər. Bilmək istəyirdilər, Həqiqət xanımın ailəsi, uşaqları varmı, həyat yoldaşı kimdi? Mənim üçün isə o, ideal bir qadın idi. Mən xatırlamıram ki, o kiminsə xətrinə dəysin acı bir söz desin. Bununla yanaşı, Həqiqət xanım sərt bir qadın idi. Özünə diqqət yetirməyi olduqca sevərdi. Onu narahat eləməmək üçün evdə az qala barmağımızın ucunda gəzərdik. Çünki sakitliyi çox xoşlayırdı. Övladlarının da ona münasibəti çox yaxşı idi. Yadıma düşmür ki, ailədə kimsə onun bir sözünü iki eləsin. Musiqini hədsiz bir məhəbbətlə sevirdi və bu sevgini, hörməti doğmalarına da aşılayırdı Təsadüfi deyil, bu gün onun ailəsində bir ənənə yaşayır, Həqiqət xanımın başladığı və bu gün övladlarının davam etdirdiyi musiqi ənənəsi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR