Ya islam, ya demokratiya - Müsəlmanın əsl seçimi

Uzağa getməyəcəyəm. Türkiyədə demokratiyanın önündə bir əngəl var: İslam dəyərləri.
Demokratiya bu müsəlman ölkəsinə ordu gücünü gələ və qala bilib. Türkiyədə demokratiyanın dayanıqlığını təmin edən başlıca amil ABŞ-la müttəfiqlikdir.
Demokratiyanı bu illər ərzində islamın təhdidlərindən qorumaq üçün dövlət çevrilişinə belə əl atıblar. Çünki demokratik dəyərlər müsəlman Şərqində hansısa liderin yerinə deyil, məhz ziddiyyət təşkil etdiyi İslam dəyərlərinin yerinə göz dikib. Demokratiya müsəlman ölkələrində islamın alternatividir. Çörəyini və hökmranlığını islam vasitəsilə qazananlar bunu çox yaxşı bilirlər. Hətta müsəlman ölkələrində demokratik sistemin gücü də islamın möhkəmləndirilməsi üçün istifadə olunmursa, xalq ona "yox" deyir. Deməli, bir müsəlman ölkəsi demokratiya istəyirsə, əvvəlcə islam dəyərlərini güzəştə getməlidir ki, alternativ dəyərlər üçün zəmin yaransın. Əks halda, bu ölkələrdə demokratikləşmə prosesi sadəcə mümkün deyil, hətta qondarma istəkdir. Çünki adından göründüyü kimi, demokratiya xalqın çoxluğunun istəyidir. Türkiyədə bu istək azlığa məxsudur. FETO hadisələrində Türkiyədə çoxluq ona görə küçələrə axışdı ki, ölkədə islama xidmət edən bir demokratiya təhlükə ilə üzələşmişdi.
İndi ətrafınıza baxın; neçə adam tanıyırsınız ki, beynində və həyatında olan islam dəyərlərini demokratik dəyərlərə güzəştə getməyə hazırdır?
İstər Avropada, istər Amerikada demokratik sistem məhz xristianlığın alternativi kimi qəbul edilib. ABŞ-ın ilk dörd qurucu lideri ateist idi. Avropada isə təkcə Volterin adını çəkmək yetərlidir ki, bu qitədə xristianlığın yolunu hansı əjdahaların bağladığı aydın olsun. Məhz bu əjdahaların hesabına Avropa xristian dəyərlərini demokratik dəyərlərə güzəştə getdi. Din və demokratiya yalnız bir halda bir yerdə mümkündür: demokratiya dinin dayanıqlığını qoruyan vasitə olacaqsa. Bu gün Türkiyədə olduğu kimi. Bu elə bəlkə də, pakistanlı Mövdudinin düşündüyü islam ölkələri üçün "teodemokratik” modeldir.
Demokratiya allahın yazılı qanunlarını dövlətin yazılı qanunları ilə əvəz etməkdir. Cahil cəmiyyət allahın qanunları ilə özünə necə bir həyat qurubsa, dövlətin qanunları ilə də ona bənzər bir həyat quracaq. Hələ mən demirəm ki, seçim qarşısında qalsa, o cəmiyyət allahın qanunlarını dövlətin qanunlarına qurban verəcəkmi, insanın yazdığını allahın dediklərinin alternativi kimi qəbul edəcəkmi?
Bu gün bəzi ağıllı adamlarımız düşünürlər ki, Rusiya dağılsa, demokratik dəyərlər Şərqdə dərhal yerbəyer olacaq. Eyni adamlar beş-altı il əvvəl də düşünürdülər ki, məsələn, İraqda demokratiyanın qarşısını kəsən Səddam Hüseyindir, xosunvay olsa, İraq bir gecədə dönüb Norveç olacaq. Yaxud Qəddafini it sürütməsi etsələr, Liviya bir ilin içində Finlandiyanı geridə qoyacaq və s.
Nağıllara inanan adamlardır bunlar; haradasa bolsulu bir çay var və o çayın önünü bir əjdaha kəsib. Kimisə qaza gətirib o əjdahanın üstünə göndərsək və o da gedib o əjdahanı öldürsə, demokratiyaya aparan uzun yolda Azərbaycan ABŞ-ı toza basacaq. Artıq kütlə insanından heç bir fərqi olmayan demokratik düşərgə təmsilçiləri məhz buna görə ağına-bozuna baxmadan əllərinə keçən hər alasəfehdən qəhrəman düzəltmək peşindədirlər. Çünki problemi əjdaha şəklində görürlər.
Hər bir düşüncə intellektual təkamülün nəticəsidir. Böyük tarixçilər hesab edir ki, dünyanın Şərqə və Qərbə bölünməsində epidemiyaların rolu çox böyük olub. Viruslar tarixin bütün dövrlərində Şərqdən yayıldığına görə Qərb həmişə bu təhlükədən qorunmaq üçün Şərqə özünüqoruma instinkti ilə yanaşıb. Bu instinktin ən kəskin dövrü isə IV əsrdə, xristianlıq Romada dövlət dini elan olunan günün səhəri olub. IV əsrdə tüğyan edən vəba epidemiyası Roma imperiyasını təkcə coğrafi baxımdan deyil, dini-siyasi baxımdan da ortodoks Şərqə və katolik Qərbə böldü. Şərqdəkilər İsanın özünü, Qərbdəkilər isə onun dini prinsiplərini miras olaraq qəbul etdilər. Bu dini-mənəvi miras bölgüsü ilə də sonrakı dünyanın mənəvi-siyasi maketi hazırlanməş oldu. Şərqdə şəxsiyyətə, Qərbdə prinsiplərə əsaslanan düşüncənin əsası qoyuldu. Şərqdə şəxsiyyətin özü, Qərbdə şəxsiyyətin sahib olduğu dəyərlər önə çıxdı. Beləliklə, Şərqdə şəxsiyyətə pərəstiş üzərində qurulan avtoritar sistemlərə, Qərbdə isə prinsiplərə əsaslanan demokratik sistemlərə doğru itələyən bir şüur, mentalitet formalaşdı.
Bu Şərq düşüncəsinin nəticəsidir ki, bu gün özünü demokratik düşüncə daşıyıcısı hesab edən adamlarımız da lider hesab etdikləri fərdlərə şəxsiyyətə pərəstişin kor gözləri ilə baxırlar. Məsələn, Ərdoğan seçildikdən sonra istəsə belə, demokrat ola bilməzdi, məhz demokratik yolla onu seçən demokratik kütlə bunu bağışlamazdı. Şərq böylə bir yerdir.
Putinin "X günü"nə ümid edənlərə gəlincə, Pyotr öləndən sonra Rusiyada nə dəyişdisə, Putin öləndən sonra da eynisi olacaq.
Şərqdə problem başın formasında deyil, məzmunundadır. Və belə başların sayı zənn etməyin ki, çayın yolunu kəsən əjdahada olduğu kimi beş-altı dənədir, belə başların sayı Şərqdə milyonlarladır. Suyun yolunu kəsən əjdaha Şərq zehniyyətinin özüdür.
Ya islam, ya demokratiya! Müsəlman Şərqində əsl seçim budur. Yerdə qalan seçimlər üçün adambaşına bir kərənay bəs edəcək.
Aqşin Yenisey
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya