“Xoşqədəmin, Elgizin, Zaurun verilişində gördüyünüz eybəcərlik milyonlardan bir-ikisidir” - Xalq artisti

2022-04-18 17:20:00

“Xoşqədəmin, Elgizin, Zaurun verilişində gördüyünüz eybəcərlik milyonlardan bir-ikisidir” - Xalq artisti

“Poz qazan” lotereyası növbəti bir “moşennik” oyunudur. Əgər bu lotereya həqiqətən də lotereyadırsa, onun mütləq uduşu verilməlidir və həmin o pulun qırx faizi rəsmi şəkildə dövlətin büdcəsinə keçirilməlidir. Nəhayət sistemli, mərkəzləşdirilmiş şəkildə bunun alqı-satqısı təşkil olunmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül bunu təşkil edən şəxslərin bu cür lotereya ilə insanları aldatdıqlarını bildirib:

“Hər kəs küçəyə bir stul qoyub, kirli-kirli, qara-qara, saqqallı-saqqallı adamlar bu lotereyaların satışını həyata keçirirlər. Bu nə deməkdir, başım çıxmır. Bu, dövlət nəzarətində olmalıdır, çünki burda söhbət milyonlardan gedir. Niyə bununla bağlı tədbir görən yoxdur. Axı bunlar bizim iqtisadiyyatımızı, mənəviyyatımızı, sağlamlığımızı, tariximizi məhv edirlər”.

Şeyx Əbdül yeraltı keçidlərdəki özbaşınalıqlardan və ordakı mağazaların qanunsuz fəaliyyətindən danışıb:

“Bu yeraltı keçidlər nə üçündür. Bunu dövlət tikib, zəhmət çəkib ki, insanlar o yerlərdən rahat keçsinlər. Bunlar isə yeraltı keçidlərin hər iki tərəfində mağaza açıblar. Bəs bunu mağaza edənlər kimdir, pullar kimin cibinə gedir, rəhbərlik edənlər kimdir? Orda havasız yerdə dayanan insanlardan bir qarış yerə görə 2, 3 min pul alırlar. Özü də pulu verməyəni hədələyirlər. Kimdi bu adamlar, onlara bu səlahiyyəti kim verib? Bu birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmalıdır ki, insanlar da qanuni şəkildə işləyib, dövlətin büdcəsinə pul köçürsünlər”.

Şeyx Əbdül gəclərimizin ailə qurmaq məsələsinə də toxunub:

“Gecə saat 3-də, 4-də barlarda kef edənlər kimin uşaqlarıdır? Hanı bunların valideynləri? 44 günlük müharibədə şəhid olan kimin uşaqları idi? Siyahını versinlər və bəlkə dövlət adamlarından kiminsə qohumu orda oldu, ona təşəkkür edək. Bütün bu çatışmazlıqların zərbəsi isə sonda dövlətə dəyir. Hansı ki, Prezidentimiz bu qədər işlər görüb. Demişəm ki, gənclərimiz ailə qurmalıdır, onların sosial təminatları olmalıdır. Amma çöldən-çölə ailə qurmalı deyillər. Tində tanış olub, evlənib və sonra da qadını iki uşaqla atıb çıxıb getmək olmaz. Yetim istehsal etmək lazım deyil. Hər şey qayda-qanunla olmalıdır. Dörd yüz manata hambalçılıq edir, onun da iki yüz manatı kirayə pulu, kommunal ödənişlər və sonda da görür ki, heç nə qalmadı. Uşaq da dünyaya gələndə heç nə ala bilmir və ailə dağılır. Kişinin əlinə baxan qadın da sonda uşağı küçəyə atır. Ziyan isə yenə dövlətə dəyir”.

Xalq artisti ölkədə bu cür narazılıq yaradan məmur ordusunun fəaliyyətini sərt tənqid edib:

“Bəs görən müvafiq qurumlar, səlahiyyət sahibi olan o məmurlar nə işlə məşğuldurlar? Bu gün Azərbaycanda İlham Əliyev kimi ikinci bir lider yoxdur. Azərbaycanın xilası birbaşa bu insanla bağlıdır. Amma bəziləri Prezidentin bu qədər işlərini bilərəkdən gözdən salmağa çalışırlar. Məmurların özləri, qohum-əqrabaları Azərbaycanı kor qoyub. Bu sosial problemi yaradan isə məmur ordusudur. Sözsüz ki, söhbət hamısından getmir.

Başım çıxmır bu Ağsaqqallar Şurası nə işlə məşğuldur. Onların kifayət qədər səlahiyyətləri var. Bu xalq min ildir daim ağsaqqal, ağbirçək sözüylə idarə olunub. Niyə bunlar işləmirlər. Hər bir rayonun dövlət strukturları var. Onlar nə işlə məşğuldur, məlum deyil. Əgər hər hansı bir rayonda hadisə baş verirsə, dərhal həmin rayonun rəhbəri cəzalanmalıdır. Kabinetdə oturublar, qapını da bağlayıblar, katibələri bunlara çay, kofe verir, gözləyirlər ki, axşam olsun getsinlər saunalara. Alverləri də öz yerlərində, pulları da gəlir. Azərbaycanı çapıb-talayan insanlara müraciət edirəm. Bu ölkə sizindir, özünüz burda, balalarınız da xaricdə kef edir. Heç olmasa yediyiniz çörəyə hörmət edin. Bir az da bu insanlara xidmət edin, Prezidentə kömək edin. Nə qədər yalan məlumat vermək olar. Bu gün millətin taleyinin həll olunan bir dönüm məqamındayıq. Düşmənlər də başımızın üstündədir. Bu gün biz səfərbər olmasaq, bir araya gəlməsək, şəxsi maraqlarımızı bir tərəfə qoymasaq, inanın ki, başıpozuq bir talpa formalaşacaq, əxlaqsız, mənəviyyatsız kütləni isə sonra nəzarətə alıb idarə etmək olmayacaq. Nə qədər gec deyil bunun qarşısını almaq lazımdır.

Sizin o Xoşqədəm xanımın, Elgizin, Zaurun verilişində gördüyünüz eybəcər hallar milyonlardan bir-ikisidir. Hələ qapı arxasında qalanlar var. Hamısı rayonlardan tökülüb gəlib o verilişlərə. Rayonların icra strukturları, dövlət idarələri hardadır, niyə buna baxmırlar? Dövlətin bu qədər müvafiq orqanları var, amma millət probleminə görə televiziyaya üz tutub. Bu nə deyən şeydir, nə göstəricidir. Ona görə Cənab Prezidendən xahiş edirəm ki, dövlət strukturlarına təyin olunan insanlar hər iki tərəfdən yoxlanılsın. Ondan sonra onların haqqında qərar verilsin”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya