Saat:22:51
Haqqımızda

Xocalıdakı sonuncu toyun gəlini: “Bizimki yarımçıq qaldı, amma nəvəmi orada evləndirmək istəyirəm” - FOTO

2024-02-26 21:43:42

Xocalıdakı sonuncu toyun gəlini: “Bizimki yarımçıq qaldı, amma nəvəmi orada evləndirmək istəyirəm” - FOTO

“1991-ci ilin yanvar ayından el adəti üzrə nişan taxılmışdı. May və iyun ayı toy olmalı idi, vəziyyət də getdikcə pisləşirdi. Elə oldu ki, toy baş tutmadı. Dedilər ki, eybi yox, payızda edərik. Xocalı elə bir ərazidə yerləşir ki, hər tərəfdən mühasirədə idi. Yanvar ayı idi, valideynlərim dirəşdilər ki, nə olursa-olsun, toy olmalıdır. Toyu yanvarın 18-nə təyin etdilər. Axşam saat 8 olardı ki, kənd istiqamətində bir raket atıldı. Toydan sonra vəziyyət elə gərginləşdi ki... O vaxt post qururdular. 10 gündən sonra çəkilib getdim posta. Üç gündən bir evə gəlirdim. Elə günlər olurdu ki, səhərə kimi döyüşürdük”.

Hurriyyet.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xocalıda sonuncu toyun bəyi Vidadi Qafarov deyib.  

Onun həyat yoldaşı Dürdanə Məmmədova gənclik arzularının ürəyində qaldığını əlavə edir:

“Həyat yoldaşımla eyni yerdən idik, bir qəsəbədə yaşayırdıq. Xocalının özündə. O vaxt Xocalıda toyları daha çox şənbə və bazara salırdılar. İki gün toy olurdu. Qardaşımla yoldaşım möhkəm dost olublar. Yanvar ayının 6-da bizdə nişan oldu. Bir ildən sonra yanvar ayının 18-də toy baş tutdu. Toyumuz yarımçıq saxlanıldı. Səs-küyü, musiqini saxladılar. İşıq da yox idi. Hər dəfə o günü düşünmək mənim üçün ağırdır.

Hər gəncin ürəyində arzuları var idi. Cehizlərimdən ürəyim istəyən kimi istifadə etmədim. Arzu etdik ki, ürəyimizdə qalan arzuları balalarımız üçün edək. Onlar üçün gün ağlayaq. Xocalıdan çıxanda heç kim heç bir şey çıxartmadı. O bəzənmiş evdən biz də bir cehiz götürə bilmədik. Bütün xəyalım, fikrim o evdə qalıb. Bir ay o evdə qalmadım. Dəfələrlə o evi yuxularımda görmüşəm. Arzu edirəm ki, nəvəmin toyu Xocalıda olsun”.

Dürdanə Məmmədova əlavə edir ki, toy fotoları təsadüf nəticəsində tapılıb.

“Xocalıda Əliş dayı adlı bir fotoqraf var idi. O dövrdə toylarda fotoqraf olmurdu. O vaxt yoldaşım onu dəvət etmişdi, o da gəlib çəkmişdi. Məlum hadisələrdən dörd-beş ay sonra yoldaşımı görüb demişdi ki, evdən bir zənbil götürmüşəm, fotoaparat da onun içindədir. Yoldaşım ondan xahiş edib ki, şəkillərimiz olan lenti tapsın. Əliş dayı da tapıb yoldaşıma vermişdi. Şəkilləri görəndə çox sevindik”, - deyə o bildirib.

Onun sözlərinə görə, Xocalıdakı evlərindən əsər-əlamət qalmayıb. 

“Təəssüf ki, müəyyən səbəblər üzündən hələ də Xocalıya getməmişəm. Amma qardaşım getmişdi. Çox kədərlənirəm ki, valideynlərimin əzab-əziyyətlə tikdikləri evdən əsər-əlamət yoxdur. Xocalı aeroportu istiqamətində olan bütün evləri yerlə-yeksan ediblər. Bir daxma belə yoxdur ki, təsəlli tapaq. Çox istərdim, Xocalıya gedim və orada gözəl bir nəvə toyu edim. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! Allah dövlətimizi, dövlət başçımızı qorusun!”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR