Saat:17:50
Haqqımızda

XIX əsrin sonlarında Rusiyanın Balkanlarda anti-Türk siyasəti

2021-08-31 13:55:00

XIX əsrin sonlarında Rusiyanın Balkanlarda anti-Türk siyasəti

 

Çar Rusiyasında hökmranlıq edən imperatorların qızıla tutulmuş tacları özlərindən asılı olmayan səbəblərə görə tez-tez dəyişsə də, lakin saray siyasəti dəyişməz qalırdı. Xüsusən də, təfriqə salmaqla əraziləri genişləndirmə siyasəti. Qara dəniz sahilləri və bütövlüklə Qafqaz ərazisini ilhaq edib bu torpaqlarda öz mövqeyini möhkəmləndirən rus imperiyası Osmanlı-Türk dövlətinə növbəti "dərs" vermək, Türkiyənin Balkan yarımadasında əsrlərdən bəri davam edən hökmranlığına kölgə salmaq, bölgədə yaşayan dinc slavyanları "türk despotizmindən xilas etmək üçün" müxtəlif hiylə və bəhanələrə əl atırdı. Onları öz tərəflərinə çəkmək, "himayədarlıq" etmək məqsədi ilə etnik zəmində kütləvi ixtişaşlar, etiraz aksiyaları və üsyanlar törədilməsinə rəvac verirdi. Və beləliklə də slavyan-islam qarşıdurmasını alovlandırmağa hər an məqam, fürsət axtarırdı.

Nəhayət, belə bir fürsət ələ düşdü. 1876-cı ilin aprel günlərindən birində Bolqariya Osmanlı-Türk dövlətinə qarşı yönəlmiş silahlı üsyan baş verdi.

Bu hərəkata başlamaq, təbiidir ki, Rusiyanın əvvəlcədən məqsədyönlü qaydada hazırladığı taktiki plana əsaslanırdı. Gizli yolla üsyançılara xeyli miqdarda silah və döyüş sursatı ötürülmüşdü. Tezliklə üsyan ölkənin iri şəhər və yaşayış məntəqələrini bürüdü. Xüsusilə Koprovitiştse və Plovdiv şəhərində qızğın küçə döyüşləri baş verdi. Lakin təcrübəli türk əsgərlərinin güclü müqavimətinə davamsız olan üsyançı dəstələrin bir çoxu dağlara və meşələrə qaçmağa məcbur oldu.

Baş vermiş olayı addım-addım "soyuqqanlı"lıqla müşahidə və müzakirə edən rus imperiyasının yüksək rütbəli çinovnikləri başladıqları "mübarizənin balkanlarda yaşayan qeyri-türk millətlərin xeyrinə nəticələnməsi üçün" müxtəlif üsul və vasitələr axtarırdılar. Lakin döyüşlər get-gedə şiddətlənir, türk orduları üsyançıları sıxışdırırdılar.

Rusiyanın Türkiyədəki o zamankı səfiri general N.P.İqnatyev çar II Aleksandra ünvanladığı məktubunda yazırdı: "...Türkün mükəmməl silahlanmış nizami ordularının Balkanlarda bugünkü zəfər yürüşü arzuolunmazdır. Ehtimal ki, bir azdan bu həmlə bütün yarımadanı bürüyəcək və burada çox güclü partlayış baş verəcəkdir.

Bu məlumatı sizə çatdırmaq mənim vəzifə borcumdur. Çünki bölgənin hər tərəfindən xoşagəlməz xəbər daxil olmaqdadır. Türk əsgərləri hara ayaq bassalar oranı viran qoyur, dinc əhalini də süngündən keçirirlər.

İri yaşayış məntəqələri və şəhərlərdə insan tələfatı saya-hesaba gəlməz. Bu toqquşmanın qarşısı tezliklə alınmasa onun dalğası bir azdan bütün Avropaya yayıla bilər..."

Bolqariyada baş verən silahlı qarşıdurmanın "tarixi zərurətdən yaranmasını və Balkan ölkələrinin türk zülmünə qarşı əsrlər boyu davam edən sinfi mübarizəsinin davamı" kimi hallandıran Avropanın bir sıra leqal mətbuatı öz səhifələrində bütün xristian zümrələrini milli birliyə və "Türk irticasına" qarşı fəal mübarizəyə qoşulmağa səsləyən materiallara geniş yer verirdi. O dövrün mürtəce fikirli, rus yazıçı, rəssam və alimlərindən N.S.Turgenyev, L.N.Tolstoy, F.D.Dostoyevski, İ.Q.Repin, V.V.Vereşşaqin, D.İ.Mendeleyev və digərləri Rusiyanın daxilində və mərkəzi Avropa ölkələrində nəşr olunan qəzet və məcmuələrdə vaxtaşırı öz millətçi yazıları ilə bütün xristianları Osmanlı dövlətinə qarşı inadlı mübarizə aparmağa çağırırdılar.

Bundan əlavə Serbiya, Çernoqoriya və xüsusilə də Bolqariyanın türk dövlətinə qarşı hazırladığı silahlı üsyanlar zamanı Rusiya həmin bölgələrə maddi və mənəvi yardımlardan əlavə çoxlu sayda canlı qüvvə və texnika ilə də köməklik göstərməyə özünün müqəddəs borcu hesab etmişdir. Belə ki, bu sahədə ilk dəfə təşəbbüsdə bulunan Peterburq Quberniya Jandarm İdarəsinin rəisi, polkovnik Q.S.Biren 25 oktyabr 1876-cı il tarixdə III şöbəyə ünvanladığı teleqramda bildirirdi: "...Cənubda yaşayan və əsrlər boyu türk əsarətində fiziki və mənəvi cəhətdən əzilən slavyan xalqına arxa olmaq, onları bu bəladan xilas etmək məsələsi quberniya əhalisini narahat edir. Əlbəttə, dindaşlarımızın hüquqlarının tapdalanması biz ruslara heç zaman baş ucalığı gətirə bilməz. Konkret olaraq türklərin balkanlarda vəhşiliyinə, qəddarlıq və soyqırımına imkan verilməməlidir..."

Rusiyanın başqa quberniyalarından da şöbəyə axın-axın məktub, teleqram və müraciətlər daxil olmaqda idi. Əhalinin əksəriyyəti çar hökumətinin bu münaqişəyə qarışmasını və Balkan yarımadasının islam "bəlasından" xilas edilməsini təkidlə tələb edirdilər.

Bütün bu analitik məlumatların toplanıb təhlil edilməsinə əsaslanan Peterburq Baş Jandarm idarəsinin rəisi general N.M.Mezensov çar II Aleksandra göndərdiyi 12 noyabr 1876-cı il tarixli məktubunda yazırdı: "...balkanlarda yaşayan etnik slavyanların düçar olduğu acınacaqlı, dözülməz vəziyyəti xalq kütlələrinin qəzəbinə səbəb olur. Qan qardaşlarımıza qahmar çıxmaq, nəticə etibarı ilə bu milləti məhv olmaqdan xilas etmək rus xalqının müqəddəs borcudur. Şəxsən mənim qənaətim belədir ki, ruslar buna hazırdır.

Müqəddəs dinimiz və haqq yolunda ölmək şərəflidir. Zatialiləri! Yalnız Sizin razılığınız və əmriniz gərəkdir ki, bütövlükdə xalq ayağa qalxsın..."

Çox qəribədir ki, Balkan yarımadasında baş verən son olaylar Qafqazın hüdudlarında və Türkiyənin içərilərində məskunlaşmış erməni icmalarını da qıcıqlandırmağa başlamış və fürsət düşmüşkən Osmanlı imperiyasını daxildən "parçalayıb" yaşadıqları əraziləri vahid formada birləşdirməklə "Erməni dövləti" yaratmaq inamını artırmağa başlamışdı. Bu zümrələr nəyin bahasına olursa olsun öz arzularına tezliklə qovuşacaqlarına və iç Anadoluda milli qurumlarını yaradacaqlarına möhkəm inam bəsləyirdilər. Avropa ərazisində baş verən hadisələri vaxtaşırı izləyən erməni mətbuatı buna geniş diqqət yetirirdi. Bu hərəkat xristian aləminin milli oyanışı və tarixi mübarizəsi aspektində təbliğ edilirdi. Ermənilərin də bolqar xalqının yolunu tutmaq, öz iddialarını həyata keçirmək istiqamətini müəyyən etmək göstərilirdi. Məsələn, Tiflisdə nəşr olunan "Mışak" erməni qəzeti özünün redaksiya məqaləsində yazırdı: "...təxminən bir ildir ki, Balkan yarımadasında yaşayan xalqlar ayağa qalxaraq əldə silah öz azadlıq və müstəqillikləri yolunda türk irticasına qarşı ədalətli mübarizə aparır. Erməni milləti də bu yolu tutmalıdır. Milli mənliyimizi təmin etmək və azadlığımızı ön plana çəkmək üçün indi haqq səsimizi qaldıra bilməsək, sonralar daha acınacaqlı, böhranlı vəziyyətə düşməli olacağıq.                ^

Gələcəkdə biz etnik təmizləmə siyasətinin qurbanı olmamaq, türkün zülm və əsarətindən qurtulmaq naminə elliklə mübarizəyə qoşulmalıyıq. Bu mübarizənin əsas dayağı Rus imperiyası və onun yenilməz ordusu olmalıdır. Çünki imperiya olduqca qüdrətli və qüvvətli dövlətdir və məzlum xalqların ümid yeridir..."

Tarixi həqiqətdir ki, rus imperiyası bir dövlət kimi formalaşmağa başladığı zamanda özünün sepratizm siyasətinə sadiq qalaraq qonşu dövlətlərin daxilində münaqişə ocaqlarını alovlandırmağa və qarşı tərəfin müvazinətini qırmağa yönəldilmiş üsullardan vaxtaşırı xüsusi ustalıqla istifadə etmiş, əksər hallarda isə buna nail olmuşdur.

İllər uzunu rusların Balkan yarımadasında və Kiçik Asiyada törətdiyi fitnə-fəsadlar yaddaşlardan silinməyib. Əsasən on doqquzuncu yüz illiyin üçüncü rübündə fəallaşmağa, "məzlum və arxasız" xalqlara himayədarlıq etməyə başlayan imperiya cəlladları istər Balkan yarımadası ərazisində, istərsə də qeyri bölgələrdə anti-türk siyasətini alovlandırmağa, qarşıdurmaya dəstək verməyə başladı.

Əslində isə "kiçik milli" qurumların müdafiə missiyasını öz üzərinə götürməyə cəhd göstərən rus imperiyası böyük səhvə yol verdiyini sonrakı mərhələlərdə anlamağa başlasa da, lakin artıq onun törətdiyi əməllər öz nəticəsini göstərirdi. O dövrün siyasətçiləri rusların geosiyasi baxışlarını heç də birmənalı şəkildə qiymətləndirmir, ona müxtəlif prizmalardan yanaşırdılar. Məsələn, Osmanlı imperiyasının tarixində adı hörmətlə çəkilən görkəmli siyasi və ictimai xadim, "Yeni Osmanlılar" hərəkatına qoşularaq Türkiyənin ilk Konstitusiyasının (23 dekabr 1876) müəllifi Baş nazir Midhət Paşa Əhmədoğlunun 1878-ci ildə Parisdə fransız dilində nəşr etdirdiyi "Ba Tupqie, son passe, son avenlp" ("Türkiyənin keçmişi və onun gələcəyi") əsəri əsas etibarilə Osmanlı dövlətinin tabeliyində olan ərazilərdə yaşayan qeyri-islam millət və xalqlara verilən konstitusion hüququ və bərabərliklərdən, onların da eyni hüquqlu vətəndaş kimi siyasi və mədəni sahədə iştirakından bəhs edir. Xüsusən də, Balkan ölkələri və iç Anadoluda məskunlaşan xalqların milli adət-ənənələrinin qorunub saxlanılmasına yardım göstərilməsi müxtəlif faktlarla təsdiq olunur. Lakin bunun davamı olaraq müəllif sonradan təəssüf hissi ilə bildirir ki, "bu zavallılar öz azadlıq və müstəqilliklərini" "təmin etmək"dən ötrü rus millətçi ünsürlərinin əlində tez-tez oyuncağa çevrilir, əksər hallarda isə kor güllə rolunu oynayırlar..."

 

(Ardı var)

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.140171