Saat:00:59
Haqqımızda

“XƏSTƏ SAYI 5 MİNƏ ÇATA BİLƏR” – “”Omikron” qorxu törədəcək heç bir bioloji gücə malik deyildir”

2022-01-20 16:24:00

“XƏSTƏ SAYI 5 MİNƏ ÇATA BİLƏR” – “”Omikron” qorxu törədəcək heç bir bioloji gücə malik deyildir”

Əksər ölkələrdə "omikron" ştammının geniş yayılması pandemiya qadağalarının sərtləşdirilməsinə səbəb olub. Avropada qapalı məkanlarda maska taxmaq yenidən məcburi olub, kütləvi idman tədbirlərinin ləğv olunması, habelə sərhədlərin bağlanması kimi addımlar da atılıb.

Azərbaycan da yoluxmanın səviyyəsi yüksəlməkdə davam edir. TƏBİB-in dünən açıqladığı statistikaya görə, 1 151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib. Baş infeksionist Təyyar Eyvazov artımın əsas səbəbini Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan “omikron” ştammının mövcudluğu ilə əlaqələndirib. 

Həkim-markoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, yoluxmanın səviyyəsi bir müddət artacaq və bu gözlənilən idi. Həkim qeyd edir ki, hazırda dünyada yayılmaqda olan "omikron" ştammının Azərbaycanda da vüsət alması gözlənilən idi: "Amma bu virus digərlərinə baxanda çox zəif ştammdır və əsasən qrip kimi keçir. Ciyərlərə fəsadı əsasən yoxdur. Yuxarı tənəffüs yollarının iltihabı şəklində özünü göstərir". M.Hüseynovun fikrincə, yoluxma sayında artım fevralın 20-nə qədər davam edəcək: "5 minə kmi xəstə sayı gözləyirəm. Martın əvvəllərində isə ocaq sönəcək. Aprel ayında pandemiyanın tarix olacağını düşünürəm. Ən gec yay aylarında bütün dünyada vəziyyət normala dönməlidir".

Həkim bildirir ki, yoluxma sayı artsa da, heç bir əlavə tədbirə və qapanmaya ehtiyac yoxdur: "Çünki insanların böyük əksəriyyəti evdə müalicə olunur. Həm də "omikron"un 1 həftə əvvəl Bakıda qeydə alınmasına baxmayaraq, məncə, bu ştamm azı 3 həftədir Azərbaycanda var".

Tibb elmləri doktoru, professor Musa Qəniyev isə bildirir ki, "omikron" ştammında 50 struktur mutasiyası müşahidə olunur. Onun sözlərinə görə, bunun 34-ü virusun hüceyrəyə bağlanması və hüceyrə daxilinə keçməsini təmin edən S-(spike) zülalında baş verir: "S-spayka zülalında hazırda təsdiqlənmiş 26 mutasiya, 23 halda aminturşu dəyişikliyi, 2 halda aminturşu itkisi və yalnız 1 halda aminturşu əlavəsi halında meydana çıxır. İlk 25 mutasiya SARS-CoV-2-nin digər mutantlarında da müşahidə edildiyindən, təhlükəli hal kimi dəyərləndirilə bilməz. Xüsusi maraq doğuran hal, əvvəlki mutantlarda müşahidə olunmayan, radikal şəklində subhüceyrəvi dəyişiklik- INS214EPE mutasiyasıdır. Yəni S-spayka zülalına 3 aminturşudan ibarət qeyri-spesifik, qısa zəncirli genetik məlumat kodunun bağlanmasıdır. Bu dəyişikliyə səbəbin INS214EPE əlavəsini kodlayan nukleotid ardıcıllığının COVİD-19-la eyni hüceyrəni yoluxdurmuş digər virusun genom struktur vahidi olduğu şübhə doğurmur. Bu səbəbdən, "omikron”un genom quruluşu sübut edir ki, onun patogenlik və letallıq fəallığı heç bir halda ana ştammdan yüksək ola bilməz. Yalnız transmissiv xüsusiyyəti, yəni Ro indeksi yüksək olmalıdır. Bu arzuolunmaz vəziyyət kimi dəyərləndirilsə də, əslində kütləvi immunitetin formalaşması və pandemiyanın sona çatmasının ilkin və əsas şərtidir".

Professor əlavə edir ki, söylədiklərini statistik təhlil də təsdiq edir: "Məsələn, COVİD-19-dan ümumi ölüm 1,79%-dur. "Omikron"dan ölüm isə 0,1-0,4% nisbətindədir. Yəni digər ştammlarla müqayisədə 6-18 dəfə və ya 75% az. Təbii və ya vaksinasiya fonunda immunitet qazanmışlarda isə bu fərq daha böyük olmaqla yanaşı, həm də həmin şəxslər "omikron" ştammına yoluxarsa, xəstəliyin ağır gedişi ehtimalı belə hətta 1%-in altındadır. Digər tərəfdən, hazırda 10 000 müxtəlif variantı olan koronavirusun COVİD-19 tipinin genom əsasını 30 min nuklein nüvəsi təşkil etdiyindən, onun hər ay 2 mutant ştammının əmələ gəlməsi təbii qanunauyğunluqdur. Odur ki, aylar ardıcıllığında mütəmadi olaraq COVİD-19-un yeni ştammları haqqında məlumat veriləcək. Bundan qorxmaq lazım deyildir. Çünki hər yeni ştamm virusun bioloji fəallığının 3 standart dəyərləndirilmə meyarının ikisinə - patogenlik və letallıq əmsalına görə, ana ştammdan zəif, yalnız birinə - Ro indeksinə görə, ana ştammdan üstün olmalıdır. Çünki sonuncu əmsal, simbioz birgə yaşayışa xidmət edən və kollektiv immunitetin yaranmasına təminat verən, virusun RNT-sinin letallıq mutasiyasının qanunauyğun şərtidir. Bu səbəbdən, "omikron" ştammı qorxu törədəcək heç bir bioloji gücə malik deyildir. İstər təbii, istərsə də vaksin fonunda formalaşan immunitet bu ştamma qarşı ən effektiv qoruyucu vasitədir". 

Tanınmış həkim Vasif İsmayıl da bildirib ki, yaxın həftələrdə yoluxma kəskin artacaq: "COVİD-19-la bağlı insanlar nə etmək lazım olduğunu bilirlər. Başa düşün ki, çox qalmayıb - iki, maksimum üç həftəyə Azərbaycanda da qırğın günlər başlayacaq. Nəyə görə söyləyirik? Ovcumuzun içini iyləməmişik, əgər "omikron" Azərbaycana gəlibsə, bu mümkündür. Digər ölkələrdə, məsələn, Amerikada gündəlik yoluxma sayı milyon yarıma qalxmışdı. Biz amerikalıdan daha ağıllı və sağlam deyilik ki. Bizim də başımıza eynisi gələ bilər. Ona görə də daha diqqətli olmaq lazımdır".

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR