"Xəbər göndərdilər ki, Eldar Mahmudovla Zakir Qaralov zərəri ödəməyə hazırdır" - MTN işi

2022-08-31 10:31:00

“MTN işi” üzrə zərərçəkmiş Əfsəl Həsənəliyev və digər zərərçəkmişlər keçmiş MTN İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun onlara dəymiş yüz min manatlarla zərərləri ödəmələrini tələb edirlər.

Hurriyyet.az Toplum TV-yə istinadla xəbər verir ki, avqustun 30-da baş tutan növbəti məhkəmə iclasında onlar növbəti dəfə tələblərini səsləndiriblər. 

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (2015-ci ildən Dövlət Təhlükəsizlik Xidməti) bir neçə vəzifəli şəxsinin məhkəməsi Bakı Hərbi Məhkəməsində davam edir. 

Məhkəmə iclası başlamamışdan əvvəl ad-soyadı dəqiqləşdirilməyəm bir xanım səsini qaldıraraq təqsirləndirilən şəxslərdən biri – ev dustaqlığında olan Sahib Ələkbərova: “Etdiklərinin bədəlini ödəyəcəksən, sənə görə valideynlərim həyatdan vaxtsız köçdü, qardaşım xəstəlik tapdı”, - deyəndə, Sahib Ələkbərov iti addımlarla ərazidən uzaqlaşmağa başladı.

Xanımsa onun arxasıyca gedərək: “Sən mənim qadınlığıma da məhəl qoymadın, məni haqsız yerə həbsə atdın, ancaq ədalət zəfər çaldı, mən bəraət alıb, azadlığıma qovuşdum. Sənsə cəzanı çəkəcəksən”, - deyirdi.

Məhkəmə sədri Həbib Həsənov məsələyə müdaxilə etməyə, xanımı sakitləşdirməyi və məhkəmə binasından uzaqlaşmağı təklif etdi.

Xanımsa məhkəmə sədrinə: “Bu şərəfsiz mənim həyatımı alt-üst edib. Mənə qarşı qondarma ittiham irəli sürmüşdü ki, guya Bakıxanovda telefondan dövlət idarəsinə zəng vuraraq terrorla hədələmişəm. Mən yeni bilmişəm ki, bu şərəfsizin burda məhkəməsi gedir”.

Vəkillər bildiriblər ki, bu xanım bir neçə il əvvəl Sahib Ələkbərovun sayəsində “terrorla hədələmə” maddəsiylə həbsə atılıb, sonradan bəraət alıb. 

Bu iş üzrə sonuncu məhkəmə iclası iyulun 26-da keçirilmişdi. Prokuror Mövlam Şixəliyevin 14 il, Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. 

Hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyevə və digər təqsirləndirilən şəxslərə  çıxışa hazırlaşmaq üçün 1 aydan çox vaxt vermişdi.

Qanunvericilikdə bu müddət 10 gündür. Zərərçəkmişlərin jurnalistlərə dediklərinə görə, Mövlam Şıxəliyev və digər təqsirləndirilən şəxslər zərərçəkmişlərə dəymiş maddi zərərləri ödəmək üçün 1 ay əvvəl hakimlə danışığa gedərək vaxtı uzatmasını istəyiblər. 

Zərərçəkən Hüseyn Səfərov məhkəmənin nəzərinə çatdırdı ki, ötən 1 ay ərzində Mövlam Şıxaəliyev öz vəkili vasitəsiylə ona xəbər göndərib: 

“Mövlam Şıxəliyev mənə xəbər göndərib ki, bundan sonra məsələləri ictimailəşdirməyək. Öz aramızda razılığa gələk, şikayətlərimizi dayandıraq, zərəri ödəyəcəklər. Guya keçmiş nazir Eldar Mahmudov üç zərərçəkənin zərərini ödəməyə hazırdır, bir qisim zərərçəkmişin pulunu da guya  Zakir Qaralovla Rüstəm Usubov ödəyəcək. Digər  zərərçəkənlərin zərərinisə Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar ödəyəcək. Ancaq biz yaxşı bilirik ki, bunlar boş sözlərdir”. 

Zərərçəkən Nizami Kazımovsa məhkəmədən ədalətli qərar gözlədiyinə ümid edir: “Bizlərə qarşı cinayətlər tam və hərtərəfli qaydada araşdırılmayınca, bu yoldan geri çəkilən deyilik. Biz kimsədən qorxmuruq, heç kimdən çəkinmirik. Cənab prezident ortaya siyasi iradə qoydu, MTN-dəki cinayət yuvasını darmadağın etdi. Bu gün Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevə, onun başının dəstəsinə yüngül cəzalar verdirmək istəyənlər bunu unutmasınlar! Vaxt gələr, Mövlama, onun dəstəsinə, ona rəhbərlik edənlərə sahib çıxanlar həmin iradə ilə üz-üzə qalarlar. Bakı Hərbi Məhkəməsindən ədalət gözləyirik”.

Zərərçəkən Əfsəl Həsənəliyev çıxılmaz durumda olduğunu deyib: “Mən çox ağır durumdayam. Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, mən onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi “Unibank”a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib. Bank bu gün məni evdən çıxarır. Bu yaşımda mən nəvələrimlə, həyat yoldaşımla küçələrdə qalmalıyam. Bunu Yasin Məmmədov görməyəcək, mən onu qətlə yetirəcəyəm. Bunlarda kişilik deyilən bir şey yoxdur. Mövlam Şıxəliyev də bunlar kimidir, bunlarda qeyrət yoxdur”.

Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov da məhkəmədən söz istəyib: 

“Hörmətli məhkəmə, zərərçəkənlərdən biri qətlə yetirməkdən, o biri kislota ilə üz yandırmaqdan danışır. Bütün bunlar onlara qarşı cinayətlərə adekvat yanaşılmaması üzündən baş verir. Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır. Çünki Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmasaydı, bu cinayətləri törədə bilməzdilər. Bu cinayətlərdə Mövlam Şıxəliyev icraçıların başında dayanıb, bunlar isə cinayətlərin birbaşa icraçılarıdır. Təqsirləndirilən Sahib Ələkbərov burada dözmədi, dedi ki, onun sağında Rüstəm Usubov, solunda isə Zakir Qaralov əyləşməlidir. Bir cinayət epizodunu danışdı, dedi ki, məzuniyyətdə olan zaman onu Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov restorana çağırıblar. 2 gün əvvəl həbs olunan şəxsi dərhal azadlığa buraxılması göstərişini veriblər. İndi həmin o Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun burada dindirilməsi zərurəti vardı. Siz möhtərəm hakim, bunu etmədiniz”.

Vəkil açıq elan edilən məhkəmə prosesinin qapalı keçirildiyini, dəfələrlə vəsatət verilməsinə baxmayaraq jurnalsitlərin məhkəmə binasına, prosesin keçirildiyi zala  buraxılmadığını vurğulayıb: “10 aydır ki, faktiki olaraq qapalı proses keçirirsiz. Burada araşdırılan cinayət sıradan bir cinayət deyil. Burada yüksək rütbəli generalların, vəzifə sahiblərinin, notariusların, ekspertlərin, hakimlərin cinayətlərdə birbaşa iştirakları var. Baş Prokurorluğun MTN-də istintaqa nəzarət idarəsi var. Həmin idarənin bu gün mühakimə olunan dəstə üzvlərinin cinayətlərinin baş tutmasında müstəsna rolu var. Bu məsələləri siz heç araşdırmadız. Halbuki sizin belə səlahiyyətiniz var. Çıxaracağınız hökmlə məhkəmə araşdırması zamanı üzə çıxan faktları məlumat şəkilində prokurorluq orqanına yollaya bilərsiniz”.

Hakim növbəti məhkəmə iclasını sentyabrın 6-da təyin etdi.   

İttihama görə, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla M.Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057842