“Xanlar Vəliyevin özünü Qarabağ Zəfərinin memarı kimi təqdim etməsinə aydınlıq gətirilməlidir” – HAKİMİYYƏTƏ ÇAĞIRIŞ EDİLDİ
.jpg)
Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ötən həftə İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin “Qarabağ xalqının qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarıyıq” kimi verdiyi bəyanatı müzakirə edib. Müzakirələrdə qeyd edilib ki, ötən həftə Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında İranın Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüş zamanı Azərbaycan-İran əlaqələrinin normallaşdırılması istiqamətində verilən bəyanatlarla bir vaxtda İranın Ermənistandakı səfiri Mehdi Sübhani tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə verilən bu bəyanatın İran rəhbərliyində monolitliyin olmadığını göstərir. Eyni zamanda vurğulanıb ki, İran dövləti öz ərazilərində azərbaycanlılara, ərəblərə, bəlluclara, əfqanlara və digər xalqlara qarşı diskriminasiya siyasəti apardığı, onların dilinə və mədəniyyətlərinin inkişafına imkan vermədiyi halda özünün guya xəyali “Dağlıq Qarabağ xalqı”nın hüquqların təmin olunmasında maraqlı olduğunu bəyan etməsi İranın Azərbaycana qarşı düşmənçilik və qərəzli mövqeyindən hələ də imtina etmədiyini göstərir.
ADP İdarə Heyəti İran dövlət rəsmilərini Azərbaycana qarşı bu tipli pozuculuq fəaliyyətlərinə son qoymağa, Azərbaycanın beynəlxalq hüquq normaları ilə tanınan ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. İdarə Heyəti bir daha vurğulayıb ki, Qarabağda yaşamış ermənilərin məsələsi Azərbaycan dövlətinin daxili işidir, həmin ermənilər Ermənistan vətəndaşı kimi qanunsuz olaraq 30 il ərzində Azərbaycanda yaşadıqlarına və onların əksəriyyətinin Azərbaycan dövlətinə və xalqına qarşı cinayətlərdə iştirak etdiklərinə və məsuliyyətdən yayınmaq üçün Azərbaycan ərazilərini tərk ediblər.
İdarə Heyəti ötən həftə Rusiya Prezidenti Vladimir Putinin Krımın işğalını həmin bölgədə rus dilinin və mədəniyyətinin təhlükə altında olması ilə əlaqələndirməsinə də münasibət bildirib. Qeyd edilib ki, V.Putinin bu açıqlamasının heç bir əsası yoxdur, sadəcə Rusiya özünün işğalçılıq və imperiyaçılıq siyasətini həyata keçirmək üçün bu tipli vasitələrdən yararlanmağa cəhd edir. Eyni zamanda Azərbaycanda da rusdilli elektoratın formalaşmasından narahatçılıq ifadə edən İdarə Heyəti bu tendensiyanın arxasında Azərbaycanı Rusiyanın təsir dairəsində saxlamaq, istənilən vaxt Rusiyanın Azərbaycanın daxili işlərinə qarışmağa zəmin yaratmaq niyyəti durduğunu bildirib.
Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə zidd olaraq dövlət orqanlarında işə düzələrkən rus dilinin bilmək bacarığının açıq şəkildə tələb edilməsi faktlarını gündəmə gətirən müzakirə iştirakçıları bu tələblərin Azərbaycanın yüksək dövlət eşalonlarında Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən məmurların Rusiyanın imperiya siyasətini həyata keçirən əməlləri kimi dəyərləndirib, bununla bağlı müvafiq dövlət orqanlarının tədbirlər görməsinin və ölkə prezidentinin ortaya mövqe qoymasının vacibliyini qeyd ediblər.
ADP İdarə Heyəti Ermənistan İstintaq Komitəsinin 44 günlük müharibə ilə bağlı Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açması məsələsini də müzakirə edib. Müzakirələrdə Azərbaycanın ərazilərində baş vermis hər hansı bir hadisəyə görə Ermənistanın istintaq orqanının cinayət işi açmasını məntiqsiz və hüquqi əsası olmayan addım kimi dəyərləndirən müzakirə iştirakçıları Ermənistanın bu hərəkətinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirib və qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iştirak edən Azərbaycan ordusunun zabit və əsgərləri Azərbaycan Konstitusiyasına və qanunlarına görə ölkənin igid və qəhrəman övladlarıdır.
İdarə Heyəti 19 sentyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra əldə edilən hərbi qənimətlərin Rusiya sülhməramlılarına təhvil verilməsi və həmin silah-sursatın Rusiyaya daşınması ilə bağlı cəmiyyət arasında dolaşan məlumatlardan narahatçılığını ifadə edib və Azərbaycan Müdafiə Nazirliyini cəmiyyətin narahatçılğını nəzərə alaraq bu məsələyə aydınlıq gətirməyə çağırıb.
İdarə Heyəti Fransanın Gürcüstan üzərindən Ermənistanı silahlandırması məsələsinə də diqqət çəkib və bu hadisəni Gürcüstanın Azərbaycan-Ermənistan arasında olan münasibətlərə bu günə kimi nümayiş etdirdiyi neytrallıq mövqeyi ilə bir araya sığmadığını bildirib və Azərbaycan-Gürcüstan arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinə zidd addım kimi dəyərləndirib.
İdarə Heyəti Xankəndi iqtisadi zonasında separatizmin bütün atributları, o cümlədən erməni qrafikası ilə yazıların, erməni millətçiliyini bu və ya başqa şəkildə tərənnüm edən abidələrin, Azərbaycan ərazilərini erməni torpaqları kimi təqdim edən dini abidələrin, o cümlədən 30 mart 1918-ci il tarixində azərbaycanlılara qarşı həyata keçirilən soyqırım hadisələrinə rəhbərlik edən bolşevik Şaumyanın abidəsinin sökülməsinə Fransanın verdiyi reaksiya ilə bağlı da mövqeyini ifadə edib. İdarə Heyəti bildirib ki, Fransanın bu reaksiyası daşıdığı Avropa dəyərləri ilə bir araya sığmır və onun bu mövqeyi Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin tərkib hissəsidir.
İdarə Heyəti Türkiyənin “Ulusal” TV-nə Hərbi Prokuror Xanlar Vəliyevin verdiyi müsahibəyə də münasibət bildirib. Qeyd edilib ki, Xanlar Vəliyevin 44 günlük Vətən müharibəsində hər hansı bir xidmətinin olmadığı, əksinə Azərbaycan Ordusunun yıpratmasına xidmət edən “Tərtər cinayətləri”ndə adı hallanan bu şəxsin hərbi prokuror kimi siyasətə qarışmasına və özünü az qala Qarabağ Zəfərinin memarı kimi təqdim etməsinə Azərbaycan hökuməti aydınlıq gətirməlidir.
İdarə Heyəti ölkənin quru sərhədlərinin hələ də bağlı saxlanılmasını bir daha müzakirə edərək Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitdiyini rəsmən elan etməsinə baxmayaraq, Azərbaycanda quru sərhədlərin hələ də bağlı qalmasının cəmiyyətin haqlı narazılıqlarına səbəb olduğunu qeyd edib, bu faktın sadə vətəndaşların mənafelərinə zidd, iqtisadi bir konyuktura kimi yalnız ölkədə monopolistlərin mənafeyinə xidmət etdiyini qeyd edib.
İdarə Heyəti İsrail-Fələstin müharibəsinin mövcud durumu ətrafında da fikir mübadiləsi aparıb. Müzakirələrdə bu münaqişənin mədəniyyətlərarası toqquşmaya və dini cəbhələşməyə çevirmək cəhdləri qətiyyətlə pislənilib, bu cəhdlərin insanlıq əleyhinə cinayət olaraq təhlükəli nəticələrə gətirib çıxaracağından narahatçılıq ifadə edilib. Mövcud problemin BMT tərəfindən qəbul edilən sərhədlər çərçivəsində İsrail və Fələstin dövlətinin yaradılması, bütün dünya dövlətləri tərəfindən tanınması prinsipi ilə müsəlman və xristian dünyasının birlikdə həll etməsinin vacibliyi qeyd edilib.
Hazırladı: KƏNAN
