Saat:06:38
Haqqımızda

“Xanlar Vəliyevin bizi məhv etməsinə imkan verməyin” – BAKI SAKİNİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT

2024-02-07 14:07:25

“Xanlar Vəliyevin bizi məhv etməsinə imkan verməyin” – BAKI SAKİNİNDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT

Bakı şəhəri, Ə.Quluyev küçəsi, ev 88-də yaşayan Fətullayeva Vüsalə Həsən qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Mənə qarşı edilmiş dələduzluq hərəkətləri ilə bağlı 13 fevral 2023-cü il tarixdə hüquq mühafizə orqanlarına müraciət etmişəm.   Müraciətimiz Tərtər Rayon Polis İdarəsinin İstintaq qrupu tərəfindən 3 ay araşdırıldıqdan, şikayətimizdə göstərdiyimiz xüsusatlar, şahid ifadələri ilə, sənədlərlə, texniki avadanlıqlar vasitələrilə qeydə alınmış faktlarla  təsdiqini tapdıqdan, Mirislamla və Mircavadın bacısının əri İlyasla olan telefon danışıqlarımız, yazışmalarımız və digər əlavə  toplanmış məlumatlardan sonra, 20 may 2023-cü il tarixdə Mirçavad Seyidovun və Mirislam Seyidzadənin (ata-oğulun) barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2  və 178.2.4-cü  (Eyni əməllər, qabaqcadan əlbir olan birqurup şəxs tərəfindən təkrar, xeyli miqdarda ziyan vurmaqla-dələduzluq yolu ilə törədildikdə) maddəsilə cinayət işi qaldırılmış, Mircavad Seyidzadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.

Oğul - Mirislam Seyidzadə isə  əvvələr də başqa cinayət əməli (dələduzluq hərəkətləri) törətdiyinə və həbsdə  olduğu və  atası ilə əlbir olduğu üçün sonradan cinayət məsuliyyətinə cəlb edilmiş və atasına elan olunan maddələrlə ittiham olunmuşdur. 

Cinayət işinin obyektiv, qərəzsiz və ədalətli aparılması üçün dəfələrlə Prokurorluğa şikayətlər etmişik.

Cinayət işi hələ Tərtər Rayon Polis İdarəsinin İstintaq Qrupunda aparıldığı müddətdə Tərtər Rayon Prokurorluğu və Respublikanın Baş Prokurorluğu tərəfindən araşdırma araparılmışdır. Araşdırma zamanı hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. Ancaq təqsirləndirilən şəxslərdən birinin - həbsdə olan Mirislam Seyidzadənin əvvəllər hərbi qulluqçu olması ilə əlaqədar cinayət işi Baş Prokurorluq vasitəsilə Bakı Hərbi Prokurorluğuna göndərilmiş və müstəntiq Məhəmməd Abbasovun icraatına verilmişdir.

Müstəntiq Məhəmməd Abbasovun qanunsuz tələbləri və hərəkətləri barədə Baş Prokurorluğa müraciət etmişik. Müraciətimizdə göstərdiyimiz faktlar və subutlar təsdiqini tapdığı üçün cinayət işi müstəntiqin icraatından, ümumiyyətlə Bakı Hərbi Prokurorluğundan alınaraq, Respublika Hərbi Prokurorluğuna, müstəntiq Bəxtiyar Əzimzadənin icraatına verilmişdir.

Bakı Hərbi Prokurorluğunun və sonradan Respublika Hərbi Prokurorluğunun müstəntiqi Bəxtiyar Əzimzadənin qanunsuz hərəkətlərindən, bizim, şahidlərin və cinayət işinə heç bir aidiyyəti olmayan, lakin müstəntiqlər tərəfində yalançı şahidlik etməyə, ifadə verməyə məcbur edilən, təzyiqlərə məruz qalan çoxsaylı şəxslərin şikayətlərindən sonra, Republika Baş Prokurorunun müavini-Respublika Hərbi Prokuroru Xanlar Vəliyev hiddətə-qeyzə gəlmiş, müstəntiqlərinin və təqsirləndirilən şəxslərin açıq-aşkar müdafiəsinə qalxmışdır.

Belə ki, müstəntiqlər tərəfindən 4 dəfə izahatı-ifadəsi alınmış  təqsirləndirilən şəxs - Seyidzadə Mirislam hər dəfə müəyyən məbləğdə pulumuzu aldıqlarını etiraf etsə də, sonda müstəntiq 11 aydan sonra Xanlar Vəliyevin göstərişilə təqsirləndirilən Mircavad Seyidovun və oğlu Mirislam Seyidzadənin barəsində bəraətveriçi qərar çıxarmışdır.

Üstəlik, məni və Aidə Qafarovanı yalançı xəbər verməkdə ittiham edərək, barəmizdə cinayət işi qaldırmış, cinayət işini Tərtər Rayon Prokurorluğuna göndərmişdir. Bizim həbs edilməyimizlə bağlı Tərtər Rayon Prokurorluğuna göstəriş vermişdir.  

Cənab Prezident!

Bu barədə aidiyyəti qurumlara teleqrqmlar göndərmişəm, müraciətlər etmişəm. Təəssüflər olsun ki, Xanlar Vəliyevin qorxusundan heç kim şikayətimizə baxmır.

Azərbaycan Respublikasının bütün hüquqşunasları və Baş prokuror Kamran Əliyev də bilir ki, təqsirləndirilən şəxslərə bəraət verməkdə  Xanlar Vəliyev ən böyük cinayəti törətmişdir. Çünki İslam Seyidzadənin əvvəllər də dələduzluq əməli törətdiyini və hazırda həbsdə olduğunu gizlətmişdir. Xanlar Vəliyevin göstərişi olmadan,  hansısa müstəntiqin bu cür qanunsuz qərar qəbul etməsi  və arxasında dayanması, əlbəttə, mümkün deyil.

Hörmətli Prezident!

Xanlar Vəliyevin qanunsuz hərəkətləri barədə Sizə məlumat vermək üçün 01.02.2024-cü il tarixdə Prezident Aparatının qabağında olmuşam. Evimdə, başımın üstündə saxladığım və özümlə götürdüyüm portiretinizi başımın üstünə qaldırıb Sizi haraylamışam. “Bizi Xanlar Vəliyev kimi cəlladın caynağından alın” söyləmişəm, Sizdən imdad diləmiş, kömək istəmişəm.

Acizanə Sizdən xahiş edirəm, Xanlar Vəliyevin bizi məhv etməsinə imkan verməyin. Xanlar Vəliyev bu kimi qanunsuz əməlləri ilə təkcə məni, Aidə Qafarovanı deyil, eyni zamanda birbaşa bu cinayət işinin istintaqını aparmış Tərtər Rayon Polis İdarəsi İstintaq qrupunun 3  müstəntiqini və bu cinayət işini araşdırmış  Azərbaycan Respublikasının Baş Prokurorluğunun fəaliyyətini şübhə altına almışdır.

Nə mənim, nə Aidə Qafarovanın barəsində cinayət işi qaldırılmamalıdır! Cinayət işi Xanlar Vəliyevin, onun müdafiəsinə qalxdığı müstəntiqin və əlbir olduğu dələduzların barəsində qaldırılmalıdır!?

Həqiqətənmi Xanlar Vəliyevdən hamı qorxur!?

Cənab Prezident!

Xanlar Vəliyevlə bağlı Sizə olan müraciətlərimizi davam etdirəcəm.

Sizə qabaqcadan öz dərin minnətdarlığımızı bildirirəm”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR