Saat:07:39
Haqqımızda

Xankəndinə niyə girmədik - 1 il sonra üzə çıxan fakt

2021-11-27 14:28:00

Xankəndinə niyə girmədik - 1 il sonra üzə çıxan fakt

Ötən ilin noyabrında, Azərbaycan ordusunun Şuşanı azad edərək 44 günlük müharibədə zəfər əldə etməsindən və regiona Rusiya sülhməramlılarının daxil olmasından əvvəl Xankəndidə cəmi 7 nəfər qalıbmış. Bu barədə “Komsomolskaya Pravda” qəzetinin müxbiri Dmitri Steşinin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindən hazırladığı reportajda deyilir.

Reportaj “rusların ənənəvi olaraq Qafqazda xristianları xilas etməsi” tezisi üzərində qurulub. Müharibədən əvvəl 60 min nəfərin yaşadığı deyilən Xankəndidə ötən ilin noyabrında cəmi 7 nəfərin qaldığını isə rusiyalı jurnalistə özünü “artsax xarici işlər naziri” adlandıran David Babayan danışıb. Onun dediyinə görə, həmin 7 nəfər qondarma “prezident” Araik Arutyunyandan və mühafizəçilərindən, bir də Babayanın özündən ibarət imiş...

Göründüyü kimi indi məlum olur ki, Azərbaycan Ordusu Şuşanı azad etdiyi günlərdə Xankəndi tamam boşalıbmış. Ermənilər bu şəhərdən qaçıbmış. O vaxt ordu hissələrimiz Xankəndiyə girsəydi, demək, o tarixi şəhərimizi asanlıqla işğaldan azad edə, məsələni yoluna qoya bilərmiş.

Düzdür, həmin ərəfədə və ondan sonra deyilirdi ki, Azərbaycan Xankəndiyə girsəydi, Qərb bunu soyqırım və işğalçılıq kimi qiymətləndirib, Azərbaycanın əleyhinə beynəlxalq miqyaslı PR aparar, qətnamələr çıxarardı. Bəs bugünkü reallıqlardan baxdıqda biz 2020-ci ilin noyabrın 7-8-də Xankəndiyə girməliydikmi? O qədim Azərbaycan şəhərini götürsəydik, vəziyyət necə olardı?

Fərəc Quliyev: Ermənistan və havadarları Prezidentin mesajlarını ciddi  qəbul etməlidirlər - "İki sahil"

Fərəc Quliyev: “Ora girmək qətiyyən doğru deyildi”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev o vaxt verilən qərarı tam doğru sayır: “İndi də o fikirləri bölüşürəm ki, ora girmək qətiyyən doğru deyildi. Azərbaycan tam zamanında dayandı. Bizim əldə etdiyimiz nailiyyətləri əlimizdən almağa çalışırdılar. Planlar qurulmuşdu. Bakıya və növbəti dəfə Gəncəyə ballistik raketlərin atılması planlaşdırılırdı. Yaxşı xatırlayın, həmin vaxt BMT-də ölkəmizə qarşı sanksiya qəbul etmək istəyirdilər. Amma İngiltərə bu məsələdə veto qoydu. Azərbaycanı əzmək üçün hər bir qüvvə hazırlaşmışdı. Nailiyyətlərimiz əlimizdən alınacaqdı. Prosesləri bütünlüklə bitirmək imkanlarımız var. O vaxt Xankəndində zorla 1700-ə qədər erməni saxlamışdılar. Yolları bağlamışdılar. 70-ə qədər də xarici jurnalist saxlanılmışdı. Həmin insanların PKK/ASALA tərəfindən güllələnməsi nəzərdə tutulurdu. Azərbaycan Ordusu ora daxil olan kimi bu proses gerçəkləşəcəkdi. Bu, tarixə etnik təmizləmə kimi düşəcəkdi. Bununla ölkəmizə qarşı çox ağır sanksiyalar işə düşəcəkdi. Bunun başqa yolu yox idi. Dayanmasaydıq, Kəlbəcər, Laçın və Ağdamın qalan hissələrinin döyüşsüz alınması mümkünsüz olacaqdı. On minə qədər şəhid verə bilərdik. Bütün bunları nəzərdən keçirəndə atılan addımın nə qədər doğru olduğu görünür. Hərbi sahədə lazım olan hər şeyi etdik. Qalan məsələləri diplomatik yolla həll etməliyik. Biz istəsək nəinki Xankəndinə, Zəngəzura belə girə bilərik. Amma nəticələrinin nə olacağını indidən hesablamaq çətin deyil. Addım-addım prosesləri gerçəkləşdiririk. Şərtlər o zaman onu diktə edirdi ki, qazandığımız nailiyyətləri qoruyub saxlayaq”.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır - "İki  sahil"

Əziz Əlibəyli: “Xarici və hərbi faktorlar istəyimizin gerçəkləşməsinə imkan vermədi”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli də fərqli düşünmür: “Vaxtaşırı Xankəndi məsələsi gündəmə gəlir. Bəzən o məsələdə də kritik fikirlər ortaya çıxır ki, belə olsa, elə olardı filan. Amma nəticələrə praqmatik yanaşıram. Nəticə əldə olunubsa, bunu inkişaf etdirmək lazımdır. Xankəndini almaq o dərəcədə asan ola bilərdimi? Səhv etmirəmsə, ermənilər üçüncü müdafiə eşelonunu Qarabağda Xankəndinə cəmləşdirmişdilər. Orada dərin xəndəklər, xüsusi artilleriya ilə müdafiə və kifayət qədər dərin müdafiə sistemi yaratmışdılar. Hərbi baxımdan o qədər də asan bir əməliyyat olmaya bilərdi. Biz gərək girərdik, girsək filan şeylər olacaqdı kimi düşüncələri o qədər də doğru hesab etmirəm. Çünki kifayət qədər insan itkisi ilə nəticələnə biləcək bir prosesdən danışırıq. Sonradan həmin itkiləri kompensasiya etmək mümkün ola bilərdimi? Əsas sual budur. O zaman yəqin ki, xarici və hərbi faktorlar istəyimizin gerçəkləşməsinə imkan vermədi”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Rahat şəkildə Xankəndini nəzarətə götürə bilərdik”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu tamam fərqli mövqe sərgilədi: “Mən o zaman da hesab edirdim ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Xankəndinə daxil olmalı idi. Onsuz da ora boşalmışdı. Orada heç bir etnik təmizləmədən söhbət gedə bilməzdi. Heç böyük itkilər də olmayacaqdı. Rahat şəkildə Xankəndini nəzarətə götürə bilərdik. Doğrudur, bunun qarşısında təzyiqlə üzləşəcəkdik. Rusiya və Qərb ölkələrinin təzyiqləri qaçılmaz idi. Amma 1-2 ay təzyiqlə üzləşib, sonradan 200 illik məsələni birdəfəlik həll edəcəkdik. Bunlar mənim şəxsi fikirlərimdir. Görürsünüz ki, bu varianta əl atmadıq, problemlərlə üzləşirik. Şuşanın kəndləri azad olunmalıdır. Xocalı azadlığına qovuşmalıdır. Xankəndi indi mürəkkəb məsələyə çevrilib. Amma o vaxt Xankəndinə daxil olsaydıq, dediyim kimi təzyiqlərlə üzləşəcəkdik, amma əsas problemlərimizi də həll etmiş olacaqdıq. Buna gedilmədi, Rusiyanın təzyiqləri ilə üz-üzə qaldıq. İndi ermənilərin özləri də etiraf edirlər ki, Xankəndində heç kəs qalmamışdı. Bu isə o deməkdir ki, ora daxil ola bilsəydik, heç bir etnik təmizləmədən söhbət gedə bilməzdi, çünki orada heç kəs qalmamışdı, erməni yox idi”.

“Yeni Müsavat”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR