"Xankəndinə elektrik və internet xətləri Azərbaycan ərazisindən çəkilməlidir" - POLİTOLOQ

2022-11-17 14:38:00

"Qarabağdakı ermənilər anlamalıdırlar ki, qazın, suyun, elektrikin və internetin kənardan alınması dövrü başa çatmaq üzrədir"

"Prezident İlham Əliyevin təsdiqlədiyi "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapan sənəddə 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırması nəzərdə tutulub. Doğru qərardır. Tikinti işlərini Dövlət Neft Şirkəti icra edəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, Xankəndinə elektrik və internet xətləri də Ermənistandan deyil, Azərbaycan ərazisindən çəkilməlidir: "Ermənistan 1990-cı illərdə torpaqlarımızı işğal etdikdən sonra ərazimizdən Qarabağa qanunsuz olaraq qaz boru və elektrik xətləri çəkib. Bu boru xətti ilə Rusiya və İran qazı ərazimizə ötürülür. Bu beynəlxalq hüquqa ziddir, bununla əlaqədar Azərbaycanla imzalanan heç bir dövlətlərarası saziş yoxdur. Qarabağdakı ermənilər anlamalıdırlar ki, qazın, suyun, elektrikin və internetin kənardan alınması dövrü başa çatmaq üzrədir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bu, separatçılarla yanaşı onların havadarlarına da mesajdır: "Ancaq Azərbaycanın digər vətəndaşları kimi ermənilər də kommunal xidmətlərə görə dövlətə pul ödəməli olacaqlar. Bundan əvvəl isə Azərbaycan qanunları ilə yaşamağı qəbul etməlidirlər. Bundan imtina edənlər Azərbaycanı tərk etməli olacaqlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.124634